Xorvatiyadakı yeni səfirimiz kimdir?

  08 Dekabr 2017    Oxunub : 2778
Xorvatiyadakı yeni səfirimiz kimdir?
Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyev Azərbaycanın üç ölkədəki səfirinin geri çağırılması haqda sərəncam imzalayıb.
Sərəncama əsasən Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Kərəm oğlu Həsənov, Xorvatiyadakı fövqəladə və səlahiyyətli səfirimiz Kamil Tacid oğlu Xasiyev və Litvadakı Azərbaycan səfiri Həsən Dilsuz oğlu Məmmədzadə geri çağrılıb.

Ölkə başçısının digər sərəncamı ilə Fəxrəddin İsa oğlu Qurbanov Azərbaycanın Xorvatiyada fövqəladə və səlahiyyətli səfiri təyin edib.

AzVision.az-ın məlumatına görə, Fəxrəddin Qurbanov peşəkar diplomatdır, indiyədək bir sıra ölkələrdə səfir vəzifəsində çalışıb.



F.Qurbanov 2004-2007-ci illər ərzində Azərbaycanın Kanadadakı səfiri işləyib. Daha sonra Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında, İrlandiya, İslandiya Respublikasında və Danimarka Krallığında fövqəladə və səlahiyyətli səfir vəzifəsini tutub. 2014-cü ildə prezident İlham Əliyevin sərəncamı ilə postundan geri çağırılıb.

F.Qurbanov sonuncu – Xorvatiyaya səfir təyinatınadək Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri olub.

Rüstəm İsmayılov
AzVision.az

Teqlər: Səfir   Fəxrəddin-Qurbanov   Xorvatiya