İslam ölkələrinə Qarabağla bağlı irad: “Düzgün mövqe tutmadılar” (VİDEO)

İslam ölkələrinə Qarabağla bağlı irad: “Düzgün mövqe tutmadılar” (VİDEO)
  18 Dekabr 2017    Oxunub:3089
"Azərbaycanın islama yanaşması düzgün formada qurulub".

AzVision.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov “Prezident İlham Əliyevin siyasəti və İslam həmrəyliyi: anlaşmadan əməkdaşlığa doğru” adlı konfransda çıxışında deyib.
Komitə sədrinin sözlərinə görə, dünyada islamı başqa ad altında təqdim edirlər: "Bəzən subyektiv səbəblərdən olsa da, əksər hallarda bəzi ölkələr buna imkan yaradır ki, islamı onların istədikləri kimi təqdim etsinlər. İslam daxilində olan qüvvələr prinsiplərdən kənara çıxaraq öz qanunları ilə cəmiyyəti başqa istiqamətlərə yönəldərək canfəşanlıq edirlər. Ona görə də ilk olaraq bunların qarşısı alınmalıdır".



S.Novruzov qeyd edib ki, islamın şərhini ictimaiyyətə düzgün çatdırmaq lazımdır: "İslam oyunları keçirildikdə su əsas simvol seçildi. Bu islamla bilavasitə əlaqəli olan amil idi. Başqa atributların seçilməsi müəyyən problemlər yarada bilərdi. Çünki sui-istifadə etməyə çalışan ölkələr var.

İslam ölkələri təbii sərvətlərə malikdir. Bu təbii sərvətlərdən istifadə etmək üçün müxtəlif yollar axtarılır. Keçmişdə demokratiya, insan hüquqları adı altında ölkələrin işğalını həyata keçirirdilərsə və ya ölkələrə təzyiq göstərirlərdisə, bu, indi tamamilə məqsədli şəkildə, islamnın terrora bağlılığı ilə əlaqələndirilir. Bununla da həmin ölkələrin işğalı və təbii sərvətlərin mənimsənilməsinə gətirib çıxardırlar. İslamı düzgün olaraq Qurani-Kərimdə təqdim olunduğu kimi bəşəriyyətə çatdırmaq vacibdir".

S.Novruzov əlavə edib ki, Azərbaycan bu istiqamətdə düzgün yol seçib: "Dövlət tərəfindən dinə istənilən köməklik göstərilir. Əsas dini tədbirlərdə dövlət başçısı şəxsən iştirak edir. Bu onun göstəricisidir ki, dünyada Azərbaycan nümunə kimi göstərilir. Ölkədə bütün dinlər bərabər şəkildə icra olunur. Qanunla qadağan olunmayan şəkildə bütün icmalar fəaliyyət göstərir".

Komitə sədri bildirib ki, bu gün İslam dövlətlərinin özlərinin arasında həmrəylik yoxdursa, onda digər dövlətlər arasında hansı həmrəylikdən və hansı problemin aradan qaldırılmasından danışmaq olar: “Vaxtilə Azərbaycanın əraziləri işğala məruz qalanda, çox az islam dövləti ölkəmizə dəstək göstərdi. Əgər işğal olunan ərazilərimizdə Azərbaycan məscidləri, islam ənənələri dağıdılırsa, buna nə ad vermək olar? Vaxtilə Dağlıq Qarabağ məsələsində düzgün mövqe tutulsaydı, bu gün Qüds məsələsi təkrarlanmazdı".

Aytən Zəhra
AzVision.az


Teqlər: Siyavuş-Novruov  





Xəbər lenti