Sahibkarların şikayətinə baxmayan 9 məmur cəzalandırıldı

  22 Yanvar 2018    Oxunub : 1772
Sahibkarların şikayətinə baxmayan 9 məmur cəzalandırıldı
“2017-ci ildə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya şuralarına verilən şikayətlərin sayında xeyli azalma müşahidə edilib. 2017-ci ildə bu orqanların Apellyasiya şuralarına cəmi 304 şikayət daxil olub. Həmin göstərici 2016-cı illə müqayisədə təqribən 1,7 dəfə azdır”.
AzVision.az-ın məlumatına görə, bunu AzərTAc-a açıqlamasında Prezident yanında Apellyasiya Şurasının sədri Eldar Nuriyev bildirib. O, qeyd edib ki, 210 şikayət Şuranın səlahiyyətinə aid olmadığından və digər əsaslarla onlara baxılmasından imtina edilib, 21 şikayət Şuranın iclasına çıxarılanadək təmin olunduğundan geri götürülüb. Hesabat ilində Apellyasiya şuralarının icraatına 73 şikayət qəbul edilib.

Belə ki, həmin şikayətlərin 48 faizi (35 şikayət) təmin olunub, 37 faizi (27 şikayət) rədd edilib, 2,7 faizi (2 şikayət) üzrə yeni qərarlar qəbul edilib, 12,3 faizi (9 şikayət) hazırda baxılma mərhələsindədir. Hesabat dövründə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının 9 əməkdaşı sahibkarların müraciətlərinin araşdırılmasında qanun pozuntularına yol verdiyinə görə intizam məsuliyyətinə cəlb olunub.

Eldar Nuriyev əalvə edib ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli Fərmanı ilə dövlət qulluğuna qəbulla bağlı müsahibələrin nəticələrindən verilən şikayətlərə baxılması səlahiyyəti Hesablama Palatası, İnsan hüquqları üzrə müvəkkil, Mərkəzi Seçki Komissiyası, Milli Televiziya və Radio Şurasının aparatları, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Katibliyi üzrə Prezident yanında Apellyasiya Şurasına, mərkəzi icra hakimiyyəti orqanları üzrə bu orqanların Apellyasiya şuralarına, məhkəmə orqanları və Məhkəmə-Hüquq Şurasının aparatı üzrə Ədliyyə Nazirliyinin Apellyasiya Şurasına tapşırılıb:

“Ümumiləşdirmə zamanı məlum olub ki, hesabat dövründə dövlət qulluğuna qəbulla bağlı Prezident yanında Apellyasiya Şurasına şikayət daxil olmayıb, mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya şuralarına verilmiş dörd şikayətdən üçü təmin, biri rədd edilib. Prezident yanında Apellyasiya Şurası, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya şuraları şikayətlərə baxılması sahəsində işin səmərəliliyinin artırılması, sahibkarlığın inkişafına mane olan halların aradan qaldırılması, iş adamlarının hüquqlarının müdafiəsi, haqlı tələblərinin operativ və obyektiv həlli istiqamətində fəaliyyətlərini davam etdirirlər”.

AzVision.az

Teqlər: Şura   Şikayət