Sərdar Cəlaloğludan müxalifətlə bağlı etiraflar: “Millətə, xalqa xəyanət ediblər” (MÜSAHİBƏ)

Sərdar Cəlaloğludan müxalifətlə bağlı etiraflar: “Millətə, xalqa xəyanət ediblər” (MÜSAHİBƏ)
  22 Yanvar 2018    Oxunub:10634
"Rusiya Rüstəm İbrahimbəyovu vətəndaşlıqdan azad etməməklə sətiraltı mesaj verdi ki, bu qurumun erası çoxdan bitib"

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu AzVision.az-ın suallarını cavablandırıb:
- Sərdar bəy, bu il Azərbaycanda seçki ilidir. Rəhbərlik etdiyiniz partiya prezident seçkilərinə qatılacaqmı?

- Seçkilərdə siyasi partiya olaraq mütləq iştirak etməliyik. Artıq partiyamız qərarını verib, biz seçkiyə qatılacağıq. Seçkidə hansı formada iştirak edəcəyimizi müəyyənləşdirməmişik. Əgər müxalifət vahid namizədlə seçkidə iştirak edəcəksə, ona dəstək verəcəyik. Bu olmasa, gücümüz çatarsa, təkbaşına seçkidə iştirak edərik.

- Qeyd etdiniz ki, müxalifət vahid namizəd ətrafında birləşsə, həmin şəxsə dəstək verəcəksiniz. Sizcə, yenidən vahid namizəd ola bilərmi?

- Hazırda siyasi səhnədə olanlar iş görə bilmir. Eyni zamanda Azərbaycanda prezident seçkiləri öncəsi hər hansı müxalifət bloku yaradıb, ona dəstək almağımız üçün nümunə, beynəlxalq imunitet yoxdur. Bu baxımdan düşünmürəm ki, belə bir birlik formalaşsın.

- Ötən seçkidən qalma Milli Şuranı siyasi proseslərdə ciddi qurum hesab edirsinizmi?

-Biz heç vaxt Milli Şurada təmsil olunmamışıq. Hesab etmişik ki, bu qurum Rusiyanın layihəsinin tərkib hissəsidir. Bu səbəbdən biz Milli Şurada təmsil olunmadıq və belə niyyətimiz də olmayıb. Bəzən daxili qüvvələr özləri bilmədən xarici qüvvələrin əlində hakimiyyətə qarşı təzyiq vasitəsinə çevrilir. Dövlət və milli maraqları nəzərə alanda, bəzən öz maraqlarımızı başqa bir şəkildə gözardı etməyi bacarmalıyıq. Hikkə ilə, “nə olursa, olsun” yanaşması ilə, yaxud xarici ölkələrdə hazırlanmış layihələri Azərbaycanda həyata keçirməklə ölkəmizə xeyir verə bilmərik. Ümumiyyətlə, ölkədaxili işlərə xarici qüvvələr qarışanda, xalqlar xoşbəxt olmaq əvəzinə daha ağır şərtlərlə bədbəxt olurlar. Azərbaycanda xarici faktorlardan ruhlanıb, nə isə iş görmək dövlətin və xalqın əleyhinədir. Necə ki, ötən seçkidə Milli Şura bunu etdi.

- Siz necə düşünürsünüz, Milli Şura erası hələ bitməyib?

- Rusiya Rüstəm İbrahimbəyovu vətəndaşlıqdan azad etməməklə sətiraltı mesaj verdi ki, bu qurumun erası çoxdan bitib. Sadəcə, ora toplaşanlar fürsətdən istifadə edərək onu saxladılar. Eynilə əvvəllər yaradılan “Azadlıq” bloku da bu cür oldu. Onu yaradanların hamısı oradan uzaqlaşdı. Amma bəzi qüvvələr onu uzun müddət saxlamağa cəhd etdilər. Bu nə ilə bağlıdır? Vaxtilə Azərbaycan Xalq Cəbhəsinə bir neçə partiya iddia etdi. Çünki, onun əldə etdiyi naliyyətləri bu partiyalar öz adından istifadə etməyə çalışdılar. Bu təcrübə Azərbaycanda var və yalnışdır. Hər bir təşkilat, qrup, müəyyən dövr üçün effektlidir. Yəni, siyasət çeviklik tələb edir. Bu baxımdan bəzi adamların qəbul etdiyi ideyaların yalnış olduğu uzaqdan görsənir.

- Müxalif partiyaları arasında yeni siyasi blokun yaradılması gözlənilirmi?

- Hesab edirəm ki, bu, mümkün olmayacaq. Birinci, subyektiv səbəblərlə bağlıdır. Bəzi liderlərin ambisiyaları var. Dədələrinə də güzəştə getməzlər. Azərbaycan tarixi bunu dəfələrlə göstərib. Bundan başqa, bəzi adamların xislətində xəyanət var. Millətə, xalqa xəyanət ediblər. Bu adamlar birləşə bilməzlər. İkinci, obyektiv amillərdir. Əgər real olaraq ortada hakimiyyətə gəlmək şansı yoxdursa, insanların bir yerə toplaşmasının mənası yoxdur. Niyə? Çünki, bir araya gələndə bu daha çox xərc, psixoloji gərginlik tələb edir. Ona görə də ortada bir məqsəd yoxdursa, bu qədər ağırlığı niyə kimsə boynuna götürməlidir ki? Bu baxımdan müxalifətin bu seçkidə bir olub, vahid namizədlə iştirak etməsi az ehtimal olunan haldır.

- Çox maraqlıdır. Seçki öncəsi bir sıra adamların namizəd olacağına dair fikirlər səsləndirilir. O cümlədən, Rəsul Quliyev, Hüseyn Abdullayev kimilərinin adları bu sıradadır...

- Biri deyir, filan işi görəcəyəm, bunu edəcəyəm. Sual verirlər ki, nə ilə? Məsələn, Hüseyn Abdullayev. Bu adam seçkidə ən azı imza toplamalıdır? Kim toplayacaq onun yerinə imzanı? Rəsul Quliyev üçün imzanı kim toplayacaq? Bu məsələnin texniki tərəfidir. İkincisi bu adamlar xaricdədirlər. Ölkəyə gələ bilmirlər. Vəziyyət belədir. Biri seçkidə iştirak etməklə bağlı fikir bildirən kimi tökülüşürlər üstünə ki, bu, yeganə adamdır. Yaxud birini tuturlar, o dəqiqə bəyan edirlər ki, bu, müxalifətin yeganə lideridir. Bunlar hamısı bəzi adamların siyasi səviyyəsinin aşağı olmasından qaynaqlanır. Hesab edirlər ki, İlqar Məmmədov tutulub, bu səbəbdən müxalifətin vahid lideri olacaq. Digərləri deyir ki, Əli İnsanov həbsxanadan çıxacaq, müxalifətin lideri olacaq. Müxalifətdəkilərin demək olar ki, hamısı həbsxanada olub. Onda bunların hamısı özünü lider hesab edir?! Xaricdə olmaq, həbsxanada yatmaq kiminsə lider olmasının kriteriyası ola bilməz.

- Seçki ilində iqtidar-müxalifət dialoqu gözlənilirmi?

- Dialoq iqtidar tərəfindən başladılmışdı. Biz orada iştirak edirdik. Seçki ilində rəqabət şəraiti hökm sürəcək. Ona görə siyasi dialoq o qədər də effektli olmaz.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: ADP   Sərdar-Cəlaloğlu  





Xəbər lenti