Yeni xəbər kanalı nə vaxt işə başlayacaq?

  22 Yanvar 2018    Oxunub : 3336
Yeni xəbər kanalı nə vaxt işə başlayacaq?
ARB 24 kanalının 2018-ci ilin payızında ümumrespublika üzrə yayımı nəzərdə tutulur.
Bunu AzVision.az-a ARB TV-nin Strateji inkişaf, Marketinq və Media direktoru İsmayıl Həsənov deyib. Onun sözlərinə görə, hazırda kanalın fəaliyyətə başlaması istiqamətində hazırlıq işləri görülür.

“Məlum olduğu kimi ARB 24 hazırda peyk üzərindən yayımlanan xəbər kanalıdır. Maddi texniki bazanın genişləndirilməsi, işçi heyətinin təkmilləşdirilməsi və artırılması lazımdır. Həm də kanalın qurulmasında xarici mütəxəssislərin fikirlərindən, əməyindən istifadə etmək istəyirik. Bunun üçün proses gedir. Proqram şəbəkəsinin qurulması isə son etaplardan biridir. Hazırda peyklə yayımlanan ARB 24 gündə 48 xəbər buraxılışı ilə efirə çıxır. Yeni xəbər kanalında buraxılışların hansı intervalla olacağı isə proqram şəbəkəsi qurulanda bəlli olacaq. Həmçinin xəbərlərdən əlavə biznes və iqtisadiyyat verilişlərinə də üstünlük verəcəyik”.

Qeyd edək ki, ARB 24 Milli Televiziya və Radio Şurasının (MTRŞ) ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə BakıAbşeron ərazisində 31-ci tezlik resursuna elan etdiyi tenderin qalibi olub.

Aytən Zəhra
AzVision.az

Teqlər: ARB   TV   Kanal