Nazirliyə müraciətlərin sayı 9 milyonu ötüb

  22 Yanvar 2018    Oxunub : 492
Nazirliyə müraciətlərin sayı 9 milyonu ötüb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi keçirdiyi interaktiv sorğunun nəticəsini açıqlayıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, sorğu zamanı respondentlərə “Əmək və sosial müdafiə sahəsində e-xidmətlərdən asan və rahat şəkildə faydalana bilirsinizmi?”, sualı ünvanlanıb.

Sualı ümumilikdə 2 717 nəfər cavablandırıb. Onlardan 80%-i əmək və sosial müdafiə sahəsində e-xidmətlərdən asan və rahat şəkildə faydalana bildiyini qeyd edib. Sorğuda iştirak edənlərin 16%-i suala “xeyr” cavabını verib. Respondentlərin 4-ü isə ümumiyyətlə, bu barədə məlumatsız olduğunu vurğulayıb.

Son illərdə nazirli tərəfindən “Elektron hökumət” portalı üzərindən istifadəyə verilən e-xidmətlər əmək və sosial müdafiə, sosial sığorta sahələri üzrə dövlət xidmətlərinin göstərilməsində məmur-vətəndaş təmaslarının minimuma endirilməsinə, vətəndaşların bu xidmətlərdən müasir və şəffaf şəkildə faydalanmalarına şərait yaradıb. Hazırda həmin e-xidmətlərin sayı 30-a yaxındır və onlara olan böyük sosial tələbin, ictimai marağın ifadəsi kimi, təkcə son bir ildə əmək və sosial müdafiə sahələri üzrə e-xidmətlərə 9 mln. 341 min müraciət qeydə alınıb.

"Hər bir e-xidmət hazırlanarkən əhalinin ondan daha sadə və rahat şəkildə istifadə imkanlarına malik olmasına xüsusi diqqət yetirilir. Eyni zamanda, istifadəyə verilən hər hansı e-xidmət, ondan istifadə prosedurları barədə ardıcıl olaraq geniş ictimai məlumatlandırma işləri aparılır. Sorğuya qoşulanların böyük əksəriyyətinin əmək və sosial müdafiə sahəsində e-xidmətlərdən asan və rahat şəkildə faydalana bildiklərini qeyd etmələri də həmin işlərin müsbət nəticəsidir", - deyə məlumatda vurğulanıb.

Bununla belə, sorğu iştirakçılarından bir qisminin həmin e-xidmətlərdən asan və rahat şəkildə istifadə edə bilmədiklərini və ya ümumiyyətlə həmin e-xidmətlər barədə məlumatsız olduqlarını bildirmələri müvafiq məlumatlandırma işlərinin qarşıdakı dövrdə də davam etdirilməsinin zəruriliyini göstərir.

AzVision.az

Teqlər: ƏƏSMN   Sorğu