Bakıda şagirdlərə “narkotik konfetlər” paylanılır? - Rəsmi açıqlama

Bakıda şagirdlərə “narkotik konfetlər” paylanılır? - Rəsmi açıqlama
  26 Yanvar 2018    Oxunub:2702
Bəzi xəbər saytlarında ayrı-ayrı vətəndaşların sosial şəbəkələrdəki yazışmalarına əsasən guya Bakı şəhərindəki məktəblərdən birinin qarşısında uşaqlara narkotik tərkibli konfetlərin paylanılması barədə məlumatlar yayılıb.
Daxili İşlər Nazirliyindən AzVision.az-a daxil olan məlumatda bildirilib ki, belə məlumatların heç bir əsası yoxdur.

DİN-in məlumatında qeyd edilib: “Qeyd edək ki, ölkə vətəndaşlarında çaşqınlıq yaratmağa hesablanmış oxşar təxribat xarakterli dezinformasiyalar əvvəllər bəzi ölkələrin paytaxtlarındakı, sonuncu dəfə isə Qazaxıstanın Aktau şəhərində yerləşən məktəblərin biri ilə bağlı da yayılıbmış. Lakin araşdırmalar zamanı bu məlumatların heç biri öz təsdiqini tapmayıb.



Bir daha bildiririk ki, qeyd olunan məktəb də daxil olmaqla Bakı şəhərindəki bütün təhsil müəssisələrinin təhlükəsizliyi həm müasir müşahidə kameraları, həm də polisin mühafizə xidməti və digər qurumlar tərəfindən təmin olunur. O da vurğulanmalıdır ki, bugünədək respublika ərazisində fəaliyyət göstərən heç bir orta məktəbdə və digər təhsil müəssisəsində şagirdlərə mənşəyi məlum olmayan, narkotik tərkibli ərzaq və ya qida məhsulunun paylanılmasına, yaxud satılmasına dair hər hansı fakt qeydə alınmayıb.

Ona görə vətəndaşları belə uydurma, əsassız xəbərlərə inanmamağa, sosial şəbəkələr üzərindən həmin məlumatları paylaşmamağa, üzləşdikləri istənilən hüquq pozuntuları barədə isə DİN-in “102-Zəng Mərkəzi” Xidmətinə və ya ərazi polis orqanına müraciət etməyə çağırırıq”.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti