Ədliyyə Nazirliyində geniş kollegiya iclası keçirilib

Ədliyyə Nazirliyində geniş kollegiya iclası keçirilib
  27 Yanvar 2018    Oxunub:2579
Yanvarın 26-da ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin geniş kollegiya iclası keçirilib. Nazirliyin struktur qurumlarının, yerli və regional ədliyyə idarələrinin rəhbərlərinin, QHT və KİV nümayəndələrinin iştirak etdikləri iclasda 2017-ci ildə ədliyyə orqanları tərəfindən görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, nazir Fikrət Məmmədov ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi hərtərəfli inkişaf strategiyasının Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirildiyini, dünyada təhlükələrin, təlatümlərin artdığı şəraitdə ölkəmizin 2017-ci ildə sürətli tərəqqisinin, sabitliyinin və təhlükəsizliyinin təmin edildiyini, qarşıya qoyulan bütün strateji inkişaf hədəflərinə nail olunduğunu vurğulayıb.

Bildirilib ki, Azərbaycan ədliyyəsi də ölkəmizin hərtərəfli inkişafına uyğun olaraq islahatlar aparılmaqla təkmilləşir və müasirləşir. Bu sahədə islahatlara beynəlxalq maraq artaraq ötən il ölkəmizin məhkəmə sistemindəki nailiyyətləri Avropa Şurasının “Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsinin mükafatına layiq görülüb, həmçinin Dünya Bankı tərəfindən bu sahədə innovasiyalara görə nominasiyaların qalibi elan olunub.

İclasda ədliyyə orqanları tərəfindən görülmüş işlər əyani təqdimat keçirilərək təhlil edilib.

Qeyd olunub ki, 2017-ci ildə nazirlik tərəfindən iqtisadi inkişafa, əhalinin maddi və sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı əvvəlki illə müqayisədə 23 faiz çox - 1400-ə yaxın normativ hüquqi akt layihəsi hazırlanıb, ictimai həyatın müxtəlif sahələrini tənzimləyən 3200-ə yaxın belə akt hüquqi ekspertizadan keçirilib. Nazirlik tərəfindən aparılan və əhalinin təmənnasız istifadə etdiyi qanunvericiliyin elektron bazalarına müraciət edənlərin sayı 56 faiz artaraq 810 minə çatıb.

Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq, vətəndaşların müraciətlərinə baxılması və qəbulu işi diqqətdə saxlanılıb, 13 min vətəndaş nazirlikdə, bölgələrdə və “virtual qəbul” məntəqələri vasitəsilə qəbul edilib, qaldırılan məsələlərlə bağlı zəruri tədbirlər görülüb.

Notariat orqanlarında aparılan əməliyyatların sayı artaraq 3,9 milyona çatıb. Bunların da 94 faizi xüsusi notariuslar tərəfindən rəsmiləşdirilib. Həmçinin 324 min vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilib. Bu əməliyyatlarla bağlı 44 milyon manatdan çox dövlət rüsumu və haqq ödənilib. Həmçinin daşınmaz əmlakla əlaqədar müqavilələr üzrə notariuslar tərəfindən təxminən 40 milyon manat vergi dövlət büdcəsinə köçürülüb.

Eyni zamanda, Azərbaycan brendi olan “ASAN xidmət” çərçivəsində il ərzində rəsmiləşdirilən əməliyyatların 21 faizi, verilmiş hazır sənədlərin 44 faizi “ASAN” mərkəzlərində fəaliyyət göstərən ədliyyə qurumları tərəfindən həyata keçirilib.

Həmçinin vətəndaş məmnunluğunun təmin edilməsi, doğumun qeydiyyatı sahəsində müddət gecikmələrinin qarşısının alınması məqsədilə 2017-ci ildə 5200-dən çox doğum səyyar qaydada bilavasitə tibb müəssisələrində rəsmiləşdirilib.

Vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynayan və nazirlik tərəfindən dövlət qeydiyyatına alınmış qeyri-kommersiya təşkilatlarının ölkədə ümumi sayı 4180 təşkil edir. KİV-lərin sayı isə 5200-ə çatıb.

Diqqətə çatdırılıb ki, ədliyyə orqanları tərəfindən göstərilən elektron xidmətlər təkmilləşdirilib. Ötən il nazirliyin 25 elektron xidmətindən istifadə edənlərin sayı əvvəlki illə müqayisədə 2,5 dəfə artaraq 4,6 milyonu ötüb.

Məhkəmə Ekspertizası Mərkəzinə il ərzində 41 ekspert ixtisası üzrə 34 min 800-dən artıq iş daxil olub. Bu zaman ekspertlər 785 minə yaxın suala cavab verməklə qaldırılmış məsələlərin 99,5 faizini həll ediblər.

Yerli özünüidarə orqanlarının fəaliyyətinə inzibati nəzarət qaydasında 2017-ci ildə 62 min 600 bələdiyyə aktına baxılıb. Nazirliyin təklifləri əsasında 1454 akt ləğv edilib və ya dəyişdirilib, bələdiyyələr tərəfindən qanunsuz ayrılmış 2640 hektar torpaq sahəsi geri qaytarılıb. Həmçinin qanunvericiliyin tələblərini pozan bələdiyyə sədrləri barədə 98 inzibati xəta haqqında protokollar məhkəmələrə göndərilib və onların əksəriyyəti barədə artıq işlərə baxılaraq inzibati məsuliyyətə cəlb ediliblər.

Kollegiyada, həmçinin bildirilib ki, dövlət gənclər siyasətinə uyğun olaraq yeni nəsil kadr korpusunun formalaşdırılması üzrə tədbirlər davam etdirilib, açıq müsabiqələr nəticəsində əksəriyyətini gənclər təşkil edən 218 nəfər qulluğa qəbul olunub, bütövlükdə ötən il ərzində 600 vakant ştat vahidi komplektləşdirilib. Hazırda növbəti müsabiqədən uğur qazanmış 95 namizəd peşə fəaliyyətinə buraxılışla əlaqədar Ədliyyə Akademiyasında icbari təlim keçirlər. Eyni zamanda, dövlətimizin başçısının təşəbbüsü ilə yaradılmış könüllülər institutunun təşviqinə xüsusi diqqət yetirilərək, 200-dək gənc ədliyyə orqanlarında və məhkəmələrdə könüllü fəaliyyətə cəlb edilib.

Vurğulanıb ki, 2017-ci il nazirliyin beynəlxalq hüquq əməkdaşlığının genişləndirilməsi baxımından zəngin olub. Gürcüstan, İran, Belarus, Ukrayna və Latviyanın ədliyyə nazirləri ölkəmizə, Azərbaycan nümayəndə heyəti isə Əlcəzairə və Latviyaya səfərlər edib, ədliyyə sahəsində mühüm sənədlər imzalanaraq Prezident İlham Əliyevin fərmanları ilə təsdiq olunub.

İctimai iştirakçılıq təmin olunaraq cəzanı icra edən müəssisələrin fəaliyyətinə ictimai nəzarəti həyata keçirən İctimai Komitə və beynəlxalq təşkilatlar tərəfindən penitensiar müəssisələrə 302 başçəkmə həyata keçirilib və bu zaman İctimai Komitə tərəfindən 300-ə yaxın məhkuma hüquqi yardım göstərilib.

Nazirlikdə yaradılmış və işində İctimai Komitənin də fəal iştirak etdiyi Xüsusi Komissiyanın fəaliyyəti 2017-ci ildə davam etdirilib. Məhkumların cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi ilə bağlı məhkəmələrə göndərilmiş müraciətlərin 98 faizi (2200) müsbət həll olunub.

İclasda dövlətimizin başçısının “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli Sərəncamının müstəsna əhəmiyyətinə toxunularaq, hüquq mühafizə orqanları üçün “yol xəritəsi” olan bu mühüm sənəddə verilmiş tapşırıqların icrası üzrə görülən tədbirlərdən bəhs olunub.

Bildirilib ki, insanların azadlıq hüququnun qorunması, azadlıqdan məhrumetməyə alternativ cəzaların tətbiqinin genişləndirilməsi məqsədilə cəza-icra qanunvericiliyi xeyli humanistləşdirilib, Probasiya xidməti yaradılmaqla probasiya nəzarəti təsbit olunub, cəzaların icrası zamanı elektron nəzarət vasitələrinin tətbiqi üzrə tədbirlər görülüb. Kollegiyada elektron nəzarət vasitələrindən istifadə qaydaları barədə əyani təqdimat keçirilərək, elektron qolbaqların nümunələri nümayiş etdirilib.

Həmçinin qeyd olunub ki, 2017-ci il 17 oktyabr tarixli Qanunla Cinayət Məcəlləsinə edilmiş mühüm dəyişikliklərlə bir çox cinayətlərin dekriminallaşdırılması yüzlərlə məhkumun cəzalardan azad olunmasına və ya yüngülləşdirilməsinə səbəb olub, nazirlik tərəfindən yeni qanunun təsiri altına düşən şəxslərin dairəsi müəyyən olunaraq məhkəmələrə müvafiq təqdimatlar göndərilib və artıq onlardan 500-ə yaxını baxılaraq təmin edilib.

Kollegiyada Azərbaycan Prezidentinin cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli Sərəncamının icrası üzrə görülmüş tədbirlər çərçivəsində, həmçinin penitensiar sistemdə insan hüquqlarının təmin olunması, xüsusilə neqativ faktların, sui-istifadə və pis rəftar hallarının aradan qaldırılması müzakirə edilib.

Nazir F.Məmmədov ölkə başçısının siyasi iradəsini nəzərə alaraq insan hüquqlarının təmin edilməsinin, ədliyyə və digər hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən işgəncə və pis rəftarın digər hallarına qəti dözümsüzlük nümayiş etdirilməsinin xüsusi əhəmiyyətini vurğulayıb.

Bildirib ki, pis rəftarın qeyd-şərtsiz yolverilməzliyi nəzərə alınaraq, işgəncə və pis rəftarla bağlı bütün müraciətlər dolğun, hərtərəfli və obyektiv araşdırılmalı və belə faktlar öz təsdiqini tapdığı təqdirdə təqsirli şəxslərin məsuliyyətə cəlb olunması üçün heç bir güzəşt edilmədən ən sərt tədbirlər tətbiq olunmalıdır, bununla da işgəncəyə görə cəzanın mütləq qaçılmazlığı prinsipi təmin edilir. Bu prinsipin və siyasi iradənin bariz təzahürü olaraq, Prezident yanında Əfv Məsələləri Komissiyası tərəfindən işgəncə və ya pis rəftara görə məsuliyyətə cəlb olunmuş şəxslərə münasibətdə əfv, habelə amnistiya aktlarının tətbiq olunmamasının qərara alındığı vurğulanıb.

Nazir, həmçinin yerli və beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən cəzaçəkmə müəssisələrində aparılan müstəqil monitorinqlərin, habelə işgəncələrə qarşı treninqlərin intensivləşdirilməsinin vacibliyini qeyd edərək, bu tədbirlərin neqativ halların qarşısının alınmasına xidmət edəcəyini bildirib.

Eyni zamanda, dövlətimizin başçısının Sərəncamından irəli gələn tapşırıqlarının icrası çərçivəsində, habelə CPT-nin tövsiyələri nəzərə alınmaqla, cəzaçəkmə yerlərində pis rəftarın növü kimi xarakterizə olunan sıxlığın azaldılması üçün tədbirlərin davam etdirilməsinin zəruriliyini vurğulayıb.

Tədbirə dəvət olunmuş QHT nümayəndələri çıxış edərək ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən tədbirləri yaxından izlədiklərini, Ədliyyə Nazirliyinin ictimai iştirakçılığa hər zaman xüsusi önəm verdiyini və səmərəli əməkdaşlığı vurğulayıblar.

İclasda görülmüş işlərlə yanaşı, ədliyyə fəaliyyətində mövcud nöqsan və çatışmazlıqlar müzakirə edilib, bununla bağlı tabe qurumların rəhbərləri dinlənilib, işin səmərəliliyinin artırılmasına dair aidiyyəti tapşırıqlar verilib.

Kollegiyada Azərbaycan Prezidentinin məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, insanlara layiqli xidmət göstərilməsi, hər bir məmurun təvazökar olması ilə bağlı tələbləri diqqətə çatdırılaraq etik davranış qaydalarına dönmədən əməl olunması, vətəndaşlara daha həssaslıq və qayğı ilə yanaşılması vurğulanıb. Eyni zamanda, ədliyyə orqanlarında əmək və icra intizamının möhkəmləndirilməsi, məhkəmə qərarlarının vaxtında və dürüst icrasına nəzarətin gücləndirilməsi, penitensiar sistemdə nizam-intizamın və mühafizənin möhkəmləndirilməsi, məhkumların tibbi təminatına diqqətin artırılması ilə bağlı və digər konkret tapşırıqlar verilib.

İclasda, həmçinin cari məsələlərə baxılıb, ədliyyə fəaliyyətini tənzimləyən bəzi normativ akt layihələri müzakirə olunaraq təsdiq edilib, bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.

AzVision.az


Teqlər: Ədliyyə-Nazirliyi   Kollegiya   İclas  





Xəbər lenti