“Xilaskar”ı Putinə hədiyyə edilən azərbaycanlı - FOTOLAR+VİDEO

  02 Fevral 2018    Oxunub : 21712
“Xilaskar”ı Putinə hədiyyə edilən azərbaycanlı - FOTOLAR+VİDEO

Bir çoxumuz xalçaya ayaq altına salınan, divardan asılan adi məişət əşyası kimi baxırıq. Xalçaçı rəssam Eldar Mikayılzadə bu stereotipləri qıraraq, xalçanı insanların gözündə yerdən göylərə qaldırıb, onun hər bir ilməsinə hikmət qatıb. Və xalçanı azərbaycanlıların dili adlandırıb.

Ata yurdu qədim Naxçıvan torpağı olan Eldar Mikayılzadə 1956-cı ildə Bakının Əmircan qəsəbəsində anadan olub. Təhsilini əvvəlcə məşhur “Əzimzadə məktəbi” nin “Rəngarlıq”, sonra isə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitunun (1978-1983) “Bədii Toxculuq” şöbəsində alıb. Daha sonra təhsilini Leninqrad Rəssamlıq Akademiyasında davam etdirib. 1984-cü ildən xalçaçı-rəssam kimi peşəkar fəaliyyətə başlayıb.

Yaratdığı ilk sənət əsərini doğma kəndinə həsr edib və ehtiram, məhəbbət əlaməti olaraq onu "Yeni Xilə" adlandırıb.

Müsahibimiz bundan başqa tələbəlik illərində “Bəhram-Gur”, “Səttar Dünyası”, “Leyli və Məcnun”, “Bakı”, “Şah İsmayıl Xətai” və “Naxçıvan” adlı xalçaların müəllifi olub.



Eldar Mikayılzadə: “Anamın nənəsi məşhur toxucu olub. O vaxtı 72-75 kvadratlıq Lenin xalçaları deyilən xalçaların toxunmasında iştirak edib. Atam riyaziyyatçı, anam iqtisadiyyatçı olub. Bizim ailədə rəssam olmayıb. Rəssamlıqda ilk addımlarım Səttar Bəhlulzadə ilə bağlıdır. O, Əmircan kəndində doğulub. Onunla bir kənddə yaşamaq böyük xoşbəxtlikdir. Xalçaya məişət əşyası kimi deyil, bir sənət əsəri kimi baxmağın qapısını mənə Lətif Kərimov açıb. O vaxta qədər xalçaya məişət əsəri kimi baxırdım. Sonradan gördüm ki, belə deyil”.



Dövrünün Səttar Bəhlulzadə və Cəfər Müciri kimi tanınmışları ilə yaxından ünsiyyətdə olan E.Mikayılzadə 1981-ci ildə yaratdığı “Şəbi-hicran” xalçası ilə bu sahəyə yenilik və özünəməxsusluq gətirib. 1983-cü ildə Bakıda keçirilən Şərq xalçaları üzrə simpoziumda dünyanın məşhur ekspertləri bu xalı ilə tanış olub və onu müasir dünya xalçaçılığına verilmiş ən qiymətli töhvə hesab ediblər.

E.Mikayılzadənin sonrakı illərdə yaratdığı “Nağıllar aləmi"(1983), “Lətif Kərimov” (1986), “Xətai” (1990), “Xəmsə” (1991), “Xilaskar” (1995-1997), “İthaf” (2005-2007), “Şəbi -hicran 2” (2006), “Yaranış” (2010), “Kahkəşan” (2012) xalçalarını onun yaradıclığının zirvəsi hesab etmək olar.



“Tələbələrimə deyirəm ki, mütləq xalçaçı öz tarixini, ədəbiyyatını öyrənməlidir. Eyni zamanda naxış sənəti ilə çalışan insan qədim yazını yaza və əlifbanı oxumağı bacarmalıdır”- müsahibimiz deyib.



Hərdən emalatxanasında fırçanı kamanla əvəz etməyi unutmayan xalçaçı rəssamın sözə və səsə olan məhəbbətini onun “Azərbaycan poeziyası və musiqi korifeyləri" əsərində duymaq olar. Kompozisiyada müxtəlif dövrlər və onun bizə bəxş etdiyi görkəmli şəxsiyyətlər təqdim olunub.

Eldar Mikayılzadə: "Lətif Kərimov ilk tanışlığımızdan mənə deyirdi ki, Eldar bu sənəti gözəl öyrən. Çünki naxışçılıq, xalçaçılıq bir millətin ruhudur. Alim Qasımovun şəkli üzərində olan loqonu mən hazırlamışam, bundan əlavə Qafqaz Müsəlmanları İdarəsinin loqosu da mənə məxsusdur. Loqodan tutmuş, Təzəpir Məscidi kimi əzəmətli binanın tərtibatına qədər bir çox işləri görmüşəm. Lətif müəllimin nəsihəti bu gün də özünü göstərir. Onun dedikərinin həyatımda əhəmiyyətini görürəm”.



E. Mikayılzadənin “Xilaskar” xalçası SSRİ dağılandan sonra yenidən inşa olunan "Xilaskar İsa" kilsəsini bəzəyir. Bu əsəri ulu öndər Heydər Əliyev Rusiya prezidenti Vladmir Putinə hədiyyə edib.

Onun 2012-ci ildə ərsəyə gətirdiyi “Kahkəşan” xalçasının toxunmasında pambıq, yun ipək və qızıl saplardan istiadə olunub. Kompazisiyada istifadə edilən qiymətli daş-qaşların sayı 725-dir. Həmçinin daşların iplərin əhatəsində etibarlı oturuşunu təmin etmək üçün 1350 qram qızıldan istifadə edilib. Müəllif bu əsərini mərhum prezident Heydər Əliyevin anadan olmasının 90 iliyinə həsr edib.



E.Mikayılzadəyə məxsus xalçaçılıq emalatxanasında hazırda 11 toxucu xanım çalışır. Baş usta Zümrüd Hüseynzadə 40 ilə yaxındır onunla birlikdə fəaliyyət göstərir.

Zümrüd Hüseynzadə: “Bizdə 25 ildir fəaliyyət göstərən toxucular var. Eldar müəllimin bir çox əsərləri şəxsi sərgilərdə, kolleksiyalarda saxlanılır. Eldar müəllim hazırda fərdi sərgiyə hazırlaşır. 2018-ci ildə yaradıclıq işləri, Azərbaycanın milli naxışları üzərində işlənmiş xalçaları təqdim olunacaq. Gələcəkdə daha böyük xalçalar toxumaq fikrimiz var. Xalçaçılıqda ən önəmlisi xalçaya sevgi, rəng duyumudur”.



Maraqlı məqamlardan biri odur ki, milli gerbimizin ikinci dəfə müstəqillik qazandıqdan sonra bərpası zamanı onun mərkəzi hissəsində alov təsvirinin ərəb qrafikası ilə “Allah” sözü şəklində yazılması məhz Eldar Mikayılzadəyə məxsusdur. Onun eskizləri sayəsində Təzəpir, Cümə və Dərbənd məscidlərinin tərtibatları kökündən yenilənib.

























Şahanə Rəhimli
Foto: Elvin Abdulla
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

AzVision.az

Teqlər: Xalça   Rəssam   Eldar-Mikayılzadə