"Son illərdə xeyli uğurlar əldə etmişik" - Məmmədyarov

  13 Mart 2018    Oxunub : 667
"Son illərdə xeyli uğurlar əldə etmişik" - Məmmədyarov
"Yeni İpək Yolu təşəbbüsü olduqca önəmlidir. Birbaşa okena çıxışı olmayan Azərbaycan bu layihə, bu təşəbbüs vasitəsilə Avropa və dünya bazarlarına çıxış əldə edir. Xarici İşlər Nazirliyi İpək Yolunun dəstəklənməsi qrupunun yaradılmasını lap başlanğıcdan dəstəkləyib. Azərbaycan bu qrupa artıq 22 ölkənin qoşulmasına görə məmnundur"
AzVision.az xəbər verir ki, bunu Bakıda ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun "İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlament üzvlərinin rolu" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı xarici işlər naziri Elmar Məmmədyarov deyib.

XİN rəhbəri bildirib ki, Azərbaycan son illərdə qeyri-neft sektorunun inkişafında xeyli irəliləyiş, uğurlar əldə edib: "Azərbaycan ənənəvi olaraq müxtəlif enerji layihələri ilə Avropanın enerji təhlükəsizliyinin təmin olmasında xüsusi rol oynayır. Artıq 2020-ci ildə Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazı Avropa bazarlarına çatacaq. Lakin biz son illər müxtəlif sahələrə diqqət ayırmağa başladıq. Bunlardan biri də nəqliyyat sektorudur. Biz Ələt limanı və onun ətrafında sərbəst iqtisadi zonanı yaratmaqla Azərbaycanın yeni regional ticarət mərkəzinə çevrilməsi üçün işlər görürük. Azərbaycan nəqliyyat sahəsinə böyük yatırımlar edir, logistika mərkəzləri yaradır.

Avropa İttifaqı və Çin arasında ticarət dövriyyəsi 500 milyard dollardır. Bu cür layihələrin həyata keçirilməsi rəqabəti artır. Bakı -Tbilisi-Qars dəmiryolu (BTQ) 6-7 milyon ton yük daşıma iqtidarındadır. Bu göstərici 17 milyona qədər artacaq. BTQ ilə həmçinin bir milyon sərnişinin daşınması gözlənilir. Biz bu göstəricini 3 milyon nəfərə çatdırmaq niyyətindəyik. BTQ Avropa və Asiya dəmiyolları şəbəkələrinin birləşdirilməsi baxımından böyük əhəmiyyətə malikdir".

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: XİN   Məmmədyarov