“Çıraqovların işi” - Ermənistana verilən vaxt başa çatır

“Çıraqovların işi” - Ermənistana verilən vaxt başa çatır
  04 Aprel 2018    Oxunub:2712
Ötən ilin dekabrında Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatası “Çıraqov və başqaları Ermənistana qarşı” işi üzə qərar çıxarıb. Qərara əsasən, Ermənistan hökuməti vurduğu maddi və mənəvi ziyan qarşılığında 6 şikayətçinin hər birinə 5 min avro və ümumi xərclər üçün 28 642 funt-sterlinq ödəniş etməlidir. Ermənistan hökumətinə təzminatın ödənilməsi üçün 3 ay vaxt verilib.
Laçın rayonundan məcburi köçkün düşmüş Fəxrəddin Paşayev AzVision.az-a bildirib ki, onların bank rezkvizitləri Ermənistan hökümətinə təqdim edilib.

“Bizə deyildiyi kimi, hər birimiz bank hesabı açdıq və rekvizitlərimizi vəkillərə göndərdik. Vəkillərimiz isə hesablarımızı Ermənistan tərəfinə verib. Bizim sənədlərimizin Ermənistan hökümətinə təqdim edilməsindən keçən 3 ay aprelin ortasında bitəcək. Məhkəmə məbləğin ödənilməsi üçün 3 ay vaxt vermişdi. Aprelin ortasını gözləyirik ki, hesabımıza kompensasiya məbləği köçürülsün”.

Xatırladaq ki, Avropa İnsan Haqları Məhkəməsi 2015-ci il iyunun 16-da “Çıraqov və başqaları Ermənistana” qarşı işi ilə bağlı qərar çıxararaq şikayətçilərə qarşı Avropaİnsan Haqları Konvensiyasının 1-ci Protokolunun 1-ci maddəsi (mülkiyyətin toxunulmazlığı), Konvensiyanın 8-ci (şəxsi həyatın toxunulmazlığı), 13-cü (ədalətli mühakimə hüququ) maddələrinin davamlı pozulduğunu bildirib. İş üzrə iddiaçılar Elxan və Adışirin Çıraqovlar (1950 və 1947-ci il təvəllüdlü), Ramiz Cəbrayılov (1960), Akif Həsənov (1959), Fəxrəddin Paşayev (1956) və artıq vəfat etmiş Qara Cəbrayılovdur (1940). Akif Həsənovdan başqa iddiaçıların hamısı hazırda Bakıda yaşayır. Laçın rayon sakinləri olan bu şəxslər 1992-ci il mayın 17-də zorla evlərindən qovulub, onların mülkiyyəti ermənilərin əlinə keçib.



Adı çəkilən şəxslər iddia ərizələrində bildiriblər ki, Laçına qayıda bilmədiklərinə görə öz mülkiyyətlərindən istifadə edə bilmirlər. Ermənistan hakimiyyəti isə buna rəğmən onların məruz qaldığı zərərin müqabilində təzminat ödəməyib. İddia ərizəsi Avropaİnsan Haqları Konvensiyasının 1-ci Protokolunun 1-ci maddəsi (mülkiyyətin toxunulmazlığı), Konvensiyanın 8-ci (şəxsi həyatın toxunulmazlığı), 13-cü (ədalətli mühakimə hüququ) maddələrinə əsaslanır. İddiaçılar həmçinin milli ayrı-seçkiliyə (14-cü maddə) məruz qaldıqlarını bildiriblər və qeyd ediblər ki, əgər erməni və xristian olsaydılar, onları evlərini tərk etməyə məcbur etməzdilər. Bu şikayət ərizəsi Avropaİnsan Haqları Məhkəməsinə 2005-ci il aprelin 6-da daxil olub. 2010-cu il martın 9-da isə iş məhkəmənin Böyük Palatasına göndərilib və həmin ilin 15 sentyabrında Böyük Palata şikayət üzrə ilk məhkəmə prosesini keçirib. 2011-ci il dekabrın 14-də AİHM şikayətləri qəbuledilən hesab edib və Ermənistanın bu işin AİHM-in müvəqqəti yurisdiksiyasından kənar olduğuna dair etirazını rədd edib. 2017-ci ilin dekabrın 12-də isə Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatası “Çıraqov və başqaları Ermənistana qarşı” işi üzrə onların xeyrinə yeni qərar çıxarıb.

Aytən Zəhra
AzVision.az


Teqlər: Çıraqovlar   Ermənistan   Köçkün  





Xəbər lenti