Ramil Usubov: "161 polis əməkdaşı işdən çıxarılıb"

  27 Aprel 2018    Oxunub : 1213
Ramil Usubov: "161 polis əməkdaşı işdən çıxarılıb"
Aprelin 27-də Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkəmizdə rəsmi səfərdə olan Avropa Parlamentinin Azərbaycan üzrə daimi məruzəçisi xanım Norika Nikolaini qəbul edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, qonağı salamlayan nazir 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin Azərbaycan - Avropa Birliyi münasibətlərinin hüquqi əsasını təşkil etdiyini, həmin dövrdə beynəlxalq ekspertlərin iştirakı ilə polisin fəaliyyətini tənzimləyən yeni qanunların hazırlandığını və xidməti fəaliyyətdə rəhbər tutulan bu sənədlərdə məhz insan hüquq və azadlıqlarının qorunması və təmininin əsas fəaliyyət istiqaməti kimi müəyyən edildiyini bildirib. Qanunların icrasını həyata keçirmək, o cümlədən şəxsi heyətin peşəkarlığının artırılması və ümumilikdə polisin beynəlxalq standartlara uyğun fəaliyyət göstərməsi məqsədilə BMT, Avropa Şurası, Avropa İttifaqı, ATƏT və digər beynəlxalq qurumların təşkilatçılığı ilə təşkil olunan təlimlərdə, seminarlarda, konfrans və forumlarda 10 minə yaxın polis əməkdaşının iştirak etdiyi də qonağın nəzərinə çatdırılıb.

Qeyd olunub ki, ədalətli və şəffaf seçki prosesinin keçirilməsi, o cümlədən seçki hüququna malik vətəndaşların şəxsiyyəti təsdiq edən sənədlərlə təmini, seçki proseslərinə polis əməkdaşlarının müdaxiləsinin qarşısının alınması məqsədilə təşkil edilən təlimlərdə polisin vəzifəsinin yalnız asayişin, əmin-amanlığın qorunması və insanlara öz iradələrini maneəsiz ifadə etməyə lazımi şəraiti yaratmaqdan ibarət olması istiqamətində izahedici işlər aparılıb, seçkiöncəsi prezidentliyə namizədlərin seçicilərlə görüşü və keçirdikləri digər kütləvi tədbirlər zamanı onların təhlükəsizliyi tam təmin edilib.

Bildirilib ki, hüquq qaydasına riayət edilməsinin fasiləsiz və canlı izlənilməsi məqsədilə istismara verilmiş "102 Zəng Mərkəzi" Xidmətinin və “Təhlükəsiz Şəhər” sisteminin fəaliyyəti məhz insan amili kimi ali prinsip üzərində qurulmuşdur. «102 Zəng Mərkəzi» Xidmətinə il ərzində daxil olan orta hesabla 250 mindən çox məlumat üzrə görülən çevik cavab tədbirləri ilə, eləcə də «Təhlükəsiz şəhər” sisteminin 110 mindən artıq videomüşahidə kamerasının tətbiqi sayəsində hər il 20 mindən çox hüquqazidd əməlin qarşısı alınır, 1.400-ə yaxın cinayət “isti izlərlə” açılır.

Polisin fəaliyyətinə idarədaxili nəzarətin həyata keçirilməsi, o cümlədən korrupsiyaya şərait yaradan halların və bu kimi hüquqpozmalara yol verən əməkdaşların müəyyən olunub barələrində müvafiq tədbirlərin görülməsi işinin təşkili məqsədilə Nazirliyin strukturunda müvafiq qurumun yaradıldığı qeyd olunub.

Nazir R.Usubov bildirib ki, ötən 5 ildə korrupsiya hüquqpozmaları ilə əlaqədar aşkarlanmış 203 fakt üzrə 317 əməkdaş haqqında məsuliyyət tədbirləri görülüb. Onlardan 205 nəfəri xidmətdən xaric olunub, 85 nəfəri tutduğu vəzifədən azad edilib, 27 nəfər barəsində isə digər intizam tənbehləri tətbiq edilib.

İşgəncənin, ləyaqəti alçaldan və ya qeyri-insani rəftarın qarşısının alınması üzrə Avropa Komitəsinin tövsiyələrinə uyğun olaraq müvəqqəti saxlama yerlərində şəraitin yaxşılaşdırılması üçün zəruri olan bütün işlərin görüldüyünü qeyd edən nazir onu da bildirib ki, respublika üzrə DİN-in 72 Müvəqqəti Saxlama Yeri (MSY) mövcuddur ki, onlar da beynəlxalq standartlara uyğun qurularaq müasir siqnalizasiya, video-nəzarət və digər avadanlıqlarla təchiz ediliblər. Son 5 ildə müvəqqəti saxlama yerlərində 1359 monitorinqin keçirildiyi, xidmət zamanı yol verdikləri nöqsanlara görə 329 əməkdaşın müxtəlif intizam məsuliyyətinə cəlb olunduğu vurğulanıb.

Qonağın diqqətinə çatdırılıb ki, aparılan araşdırmalar zamanı işgəncə vermə və ləyaqəti alçaldan faktlar aşkar edilməyib. Bununla belə, son 5 ildə vətəndaşlarla kobud rəftar, əsassız gətirmə, saxlama, məsuliyyətə cəlb etmə, qanunsuz axtarış aparma, bir sözlə vətəndaş hüquqlarını pozduqlarına görə 1378 fakt üzrə 1797 nəfər cəzalandırılıb ki, onlardan 4-ü cinayət məsuliyyətinə cəlb edilib, 170-i DİO-dan xaric edilib, 161 nəfər tutduğu vəzifədən azad olunub, 10 nəfərin xüsusi rütbəsi aşağı salınıb, 1452 nəfər barəsində digər intizam tədbirləri görülüb. Problemlərə toxunularkən transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq terrorçuluq, insan alveri və qanunsuz miqrasiya ilə mübarizənin diqqət mərkəzində olduğu vurğulanıb.

Səmimi qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirən xanım Norika Nikolai Avropa Parlamentinin Azərbaycanla ikitərəfli əlaqələrin inkişafına böyük önəm verdiyini, əməkdaşlığın daha da genişlənməsində səylərini əsirgəməyəcəyini vurğulayıb. İşgüzarlıq şəraitində keçən görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunub, Avropa Parlamentinin Azərbaycan üzrə daimi məruzəçisini maraqlandıran suallar cavablandırılıb.

AzVision.az

Teqlər: DIN   Ramil-Usubov