“Müstəqil siyasət aparmaq o qədər də asan deyil” - Prezident

“Müstəqil siyasət aparmaq o qədər də asan deyil” - Prezident
  27 May 2018    Oxunub:1517
"Təhsil hər bir dövlətin gələcəyidir. Bu sözlər dəfələrlə müxtəlif kürsülərdən səsləndirilib. Yəqin ona görə ki, bu, həqiqətdir, bu, doğrudan da belədir. Əgər biz inkişaf etmiş ölkələrin tarixinə və bugünkü inkişaf dinamikasına nəzər salsaq görərik ki, əsas hərəkətverici qüvvə təhsildir, elmdir, texnologiyalardır, innovasiyalardır. Təbii resurslar yox, məhz biliklər"
AzVision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən məzun günündə deyib.

Ölkə başçısı bildirib ki, gənclərimiz bilikli, peşəkar və vətənpərvər olmalıdırlar: "Ona görə biz də çalışırıq və bundan sonra da çalışmalıyıq ki, Azərbaycanda təhsilin səviyyəsi daha da qalxsın. Təhsilin səviyyəsi dünyanın ən yüksək standartlarına cavab versin. Əgər biz buna nail ola bilsək, - mən inanıram ki, buna nail olacağıq, - onda ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafı təmin ediləcəkdir. Bizim gənclərimiz bilikli, peşəkar və vətənpərvər olmalıdırlar. Bax, bu amillərin sintezi bizim ölkəmizin gələcək uğurlu inkişafını şərtləndirəcəkdir. Mən əminəm ki, bizim gənclərimiz məhz bu istiqamətdə öz fəaliyyətlərini davam etdirəcəklər. Mən bilirəm ki, bizim gənclərimizin mütləq əksəriyyəti dediyim meyarlara tam uyğundur".

Prezident vurğulayıb ki, ölkəmizdə savadlılığın səviyyəsi təxminən 100 faizə yaxındır. Eyni zamanda, təhsillə bağlı olan islahatlar, yeniliklər əlbəttə ki, öz nəticəsini verəcək və verir.

"Buna müəyyən vaxt, zaman lazımdır. Ancaq biz düzgün yoldayıq və əminəm ki, ölkəmizin uğurlu inkişafını güclü kadr potensialı təmin edəcək. Əsas məqsəd bundan ibarətdir və biz ADA-nın timsalında, digər aparıcı ali məktəblərimizin timsalında bunu görürük. Azərbaycanda təhsil ölkəmizin dinamik inkişafı ilə addımlamalıdır. Təhsilə göstərilən diqqət bizim büdcə xərclərimizdə də özünü büruzə verir. Büdcə xərclərimizin əsas hissəsi təhsillə və müdafiə potensialımızla bağlıdır. Bu da təbiidir. Çünki biz müharibə şəraitində yaşayırıq və müdafiə xərcləri əlbəttə ki, prioritet məsələ olmalıdır. Bu gün Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır. Ümid edirəm ki, təhsilimizin səviyyəsi də bu hədəfə yaxınlaşacaqdır".

Ölkə başçısı, qeyd edib ki, Azərbaycanın xarici siyasəti prinsipial siyasətdir və müstəqil siyasətdir: "Hesab edirəm ki, buna görə biz beynəlxalq aləmdə böyük nüfuza malikik və bu gün Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş, ləyaqətli dövlət kimi tanınır. Bizimlə hesablaşırlar, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin saylı getdikcə artır və bütün beynəlxalq arenalarda Azərbaycan öz milli maraqlarını müdafiə edir. Xarici siyasətimiz daxili siyasətimizin davamıdır və ölkəmizin beynəlxalq nüfuzunun artırılmasına və iqtisadi maraqlarımızın təmin edilməsi istiqamətinə hesablanan xarici siyasətdir"

Prezidentin sözlərinə görə, müstəqil siyasət aparmaq xüsusilə bizim bölgəmizdə və indiki şəraitdə o qədər də asan məsələ deyil: "Ancaq bizim mövqeyimiz həmişə ondan ibarət olub ki, biz müstəqil siyasətimizlə xalqımızın maraqlarını təmin etməliyik. Azərbaycan xalqının maraqları bizim üçün hər şeydən üstündür. Məhz buna görə hesab edirəm ki, biz böyük hörmətə nail ola bildik və bunun əyani təzahürü BMT Təhlükəsizlik Şurasına seçilməyimizdir. 155 ölkə Azərbaycana etimad göstərib bizi dünyanın ən mötəbər qurumu olan Təhlükəsizlik Şurasına üzv seçmişdir. Bu, bizim beynəlxalq nüfuzumuzun bariz nümunəsidir. O gündən artıq bir neçə il keçibdir. Mən tam əminəm ki, bu gün Azərbaycan beynəlxalq müstəvidə daha da möhkəm dayaqlara və hörmətə layiq bir ölkədir".

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   ADA  





Xəbər lenti