İlk dəfə parada çıxarılan silah və texnikaların FOTOLARI

  27 İyun 2018    Oxunub : 19779
İlk dəfə parada çıxarılan silah və texnikaların FOTOLARI
Ötən gün ölkəmizdə 5-ci dəfə hərbi parad keçirilib
AzVision.az xəbər verir ki, paradda son illər dünyanın müxtəlif ölkələrindən alınmış ən müasir silah və hərbi texnikalar nümayiş etdirilib.

İlk dəfə parada çıxarılan texnikalarla bağlı məlumatları və fotoları təqdim edirik:


Müxtəlif konfiqurasiyalı “SandCat” zirehli avtomobilləri


130 km məsafədə hədəfi 15 metr sapma ilə vurmağı bacaran Türkiyə istehsalı TR-300 “Qasırğa” kompleksi. Bu kompleks ilk dəfə Naxçıvanda keçirilən paradda nümayiş etdirilmişdi.


Belarus istehsalı olan "Polonez” raket kompleksi. Maksimal uçuş məsafəsi 300 km olan "Polonez”in sursatı 8 raket, bir raketin zərərvurma radiusu isə 80 metrdir. Kompleks düşmənin hava hücumundan müdafiə vasitələrinə və obyektlərinə, idarəetmə məntəqələrinə, radioelektron vasitələrinə, arxa cəbhə və digər obyektlərinə zərbə vurulması üçündür.


Hərbi Hava Qüvvələrinin istifadəsinə yeni daxil edilmiş “Bell-412” helikopterləri. Amerika istehsalı olan “Bell-412” helikopterləri ötən gün paradda keçid ediblər.


“SpGH Dana” özüyeriyən haubitsa ilk dəfə paradda keçid edib. Çexiyadan yeni alınan “Dana”ın əsas silahı 5580 mm uzunluğunda 152 mm 37 kalibr top, yardımçı silahı 12.7 mm çaplı pulemyotdur. Top -4°-dən +70°-dək bucaq altında hündürlüyə atəş açmaq qabiliyyətinə sahibdir. Topun atış tempi dəqiqədə yarıavtomat rejimdə 4, əllə doldurulduqda 2 mərmidir.


Atış məsafəsi 7 km olan “Spike-ER” Tank Əleyhinə İdarə olunan Raket (TƏİR) kompleksi ilə silahlandırılmış “SandCat” maşını


RM-70 “Vampir” yaylım atəşli reaktiv sistemləri. RM-70 “Vampir” 2,5 dəqiqədən az müddətdə atəşə hazır ola və 3 dəqiqə ərzində döyüş mövqeyini tərk edə bilər. Sistem 30 saniyədən az müddətdə 40 raket buraxır. “Vampir”in əsas özəlliklərindən biri də döyüşə hazır olan 40 raketlə bərabər maşın üzərində əlavə 40 raket blokunun olmasıdır. Çexiya istehsalı olan raketlərlə “Vampir” 20381 metr məsafəyə atəş açır və maşın bir buraxılışda 3.5 hektar ərazini məhv edir.


İsraildən alınmış "LORA” raketləri. "LORA”nın maksimal atış uzaqlığı 300 kilometrdən artıqdır. Bu kompleksin bir maşını 4 raket tutur.


BTR-82A zirehli transpartyoru dünənki paradda ilk dəfə keçid edib. BTR-82A zirehli transportyorları Qarabağda döyüşlərə ən uyğun nəqliyyat sayılır. Zirehli transportyorun məsafədən idarə olunan döyüş modulunda əsas silah kimi 30 mm-lik 2A72 avtomat top (istifadəçinin istəyindən asılı olaraq 14.5 mm-lik KPVT-də olur) və ikinci silah kimi 7.62 mm-lik PKTM pulemyotu daxildir. Əvvəlki nəsil zirehli transportyorlardan fərqli olaraq BTR-82A kondisioner, beşinci nəsil müasir rabitə vasitələri və “Trona-1” topoqrafiya səmt sistemi ilə təchiz edilib.


Ordumuzun silahlanmasına yeni daxil olmuş “Xrizantema-S” özüyeriyən Tank Əleyhinə İdarə olunan Raket (TƏİR) kompleksi. “Xrizantema-S” döyüş komplektində lazer və radiosiqnalla idarə olunan 4 fərqli raket tipi, habelə axtarış radarı və optik nişangah yer alır. BMP-3 döyüş maşınlarının şassisi üzərində yerləşməsi onun manevr imkanlarını daha da artırır.


Dövlət Sərhəd Xidmətinin (DSX) "Toyota" avtomobilləri üzərində böyük uzaqlığa malik müşahidə və nəzarət sistemi. Bu müşahidə sistemləri 30 kilometr bir radiusda, istənilən hava şəraitində ərazini müşahidə etmək imkanına malikdir. Bu elektron müşahidə sistemi hazırda bir ABŞ ordusunda, bir də Azərbaycandadır.


“Orbiter-3” mini taktik PUA-lar



“Hermes-450” və “Hermes-900” PUA-ları


“SandCat” bazasında “Elbit Systems” şirkətinin istehsalı olan 120 mm “Spear Mk2” avtomatlaşdırılmış minaatanı da ilk dəfə parada keçib.


İsrailin “Rafael” şirkətinin istehsalı olan “Samson MLS” döyüş modulu ilə silahlandırılmış “SandCat” zirehli avtomobili. Döyüş modulu üzərində 1 ədəd 12.7 mm NSVT pulemyotu və 2 ədəd “Spike-LR” raketi (4 km uzaqlığa malik) yer alır.


Dövlət Sərhəd Xidmətinin "Tufan" və "Şahdağ" tipli 11 gəmisi


“İldırım” və ya “Barak-8” ZRK paradda paradda nümayişə çıxarılıb. İsraildən aldığımız “Barak-8” ZRK raketinin atış mənzili 90 km, hədəfi məhv etmə yüksəkliyi isə 16000 metrə yaxındır. Raketin uzunluğu 4.5 metr, diametri 0.225 m, ümumi ağırlığı 275 kq, döyüş başlığı 60 kq təşkil edir. Yüksək manevr qabiliyyətinə malik “Barak 8” iki pilləli raket mühərrikinə sahibdir və şaquli atışla buraxılır. Raket aktiv arayıcı başlıq (RF/infraqırmızı) sayəsində hədəfə yönəlir və sürəti 2 maxdır (680 metr/saniyə). “Barak-8” ZRK gəmi əleyhinə raketlərə, supersonik raketlərə, ballistik raketlərə, təyyarə, helikopter, PUA kimi hava təhdidlərinə qarşı nəzərdə tutulur.


2015–ci ildə qoşunların silahlanmasına daxil olan 2S31 “Vena” özüyeriyən minaatanı


Türkiyənin ROKETSAN şirkətindən alınan SOM-B1 modifikasiyası ilk dəfə parada çıxarılıb. Quru və dəniz hədəflərinə qarşı istifadəsi nəzərdə tutulan SOM ailəsinə aid SOM-B1 raketinin döyüş başlığı 230 kq, atış mənzili 250+ km təşkil edir.

Anar Kəlbiyev
Foto:Elvin Abdulla

AzVision.az

Teqlər: Parad   Texnika   Silah