Salyanda 13 km yol təmir olunur

Salyanda 13 km yol təmir olunur
  10 İyul 2018    Oxunub:2813
Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində yeniləşən və müasirləşən yol infrastrukturu sənaye, kənd təsərrüfatı və turizmin inkişafına səbəb olur.
Avtomobil Yolları Dövlət Agentliyindən AzVision.az-a bildirilib ki, bu məqsədlə icra olunan layihələr sırasında Salyan rayonunda 4 yaşayış məntəqəsinin yolu əsaslı şəkildə yenidən qurulması yekunlaşmaq üzrədir.

Söhbət uzunluğu 13,1 kilometr olan yerli əhəmiyyətli Arbatan-Marışlı-Seyidsadıqlı-Quyçu kəndlərarası avtomobil yolundan gedir.

Uzun müddət əsaslı şəkildə təmir olunmayan Arbatan-Marışlı-Seyidsadıqlı-Quyçu avtomobil yolunun yenidən qurulmasında məqsəd yolboyu yaşayan 11 min nəfər əhalinin gediş-gəlişini təmin etmək, Salyan şəhər mərkəzinə və M3 Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunmaqla yük və sərnişindaşımasını asanlaşdırmaqdır.

Sözügedən yolboyu işlər texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək sürətlə aparılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla aparılan yenidənqurma işləri çərçivəsində uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar edilən və deformasiyaya uğramış yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir.

Yolun eni 10 metrə qədər genişləndirilib. Bura 6 metr enində hərəkət hissəsi və 2 metr enində çiyinlər daxildir. Aparılan genişləndirmə işləri öz növbəsində bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb.

Tikinti layihəsinə uyğun olaraq 900 kubmetr ölçüdə yararsız qruntun qazılıb çıxarılması, əvəzinə yararlı material tökülərək əks-dolğu və kipləşdirmə işləri aparılıb. Bu işlərə paralel olaraq yol boyu 52 min kvadratmetr sahədə çiyin hissələrin optimal qum-çınqıl qarışığı ilə bərkidilməsi işləri də görülüb.

Tikinti norma və standartlarına uyğun olaraq növbəti mərhələdə 131 min kvadratmetr həcmdə qum-çınqıl və optimal-qırmadaş qarışıqlarından istifadə olunmaqla yol əsasının alt və üst layının inşası işləri aparılıb. Bunun ardınca isə hazırda 2 qat olmaqla xırda və iri dənəli asfalt-beton qarışığından istifadə edilməklə asfaltlanma işləri aparılır. Bu çərçivədə yolun 79 min kvadratmetr sahəsinə standartlara cavab verən yüksək keyfiyyətli asfalt-beton örtüyü döşənir.

Yolboyu yaşayan vətəndaşların pay torpaqlarında becərdikləri kənd təsərrüfatı məhsullarının suvarılması və məişətdə istifadəsi üçün yolun altından suların ötürülməsi məqsədilə mövcud dəmir-beton borular bərpa olunub, zəruri olan yerlərdə müxtəlif diametrli yeni boruların tikintisi işləri aparılıb. Ümumilikdə yol boyu 72 poqonmetr 300 millimetr diametrli dəmir, 84 poqonmetr 500 millimetr, 60 poqonmetr 750 millimetr və 60 poqonmetr 1000 millimetr diametrli dəmir-beton borular quraşdırılıb.

Tikinti layihəsinin sonuncu mərhələsində zəruri olan yerlərdə 5 ədəd avtobus dayanacağının tikintisi, 13 ədəd kilometr göstəricinin, 93 ədəd yol nişanı və məlumatverici lövhələrin, 285 ədəd siqnal dirəklərinin quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi ilə sözügedən yollarda müasir yol infrastrukturu yaradılaraq vətəndaşların istifadəsinə veriləcək. Tikinti işlərinin yaxın aylarda tam olaraq yekunlaşdırılması nəzərdə tutulub.

AzVision.az


Teqlər: Yol   Təmir  





Xəbər lenti