Yəhuda satqın olmasaydı, İsa da qəhrəman olmazdı
AzVision.az üçün
Xorxe Luis Borxesin “Ləyaqətsiz” adlı hekayəsi var. Hekayədə Santyaqo adlı biri uşaqlığından, uşaqlıq qəhrəmanından, ona necə xəyanət etməsindən və ölümünə səbəb olmasından danışır.
Qəhrəmanını qorumaq üçün ömür boyu ləyaqətsiz adlanmağı seçmək ən böyük qəhrəmanlıqdır və bu, mənə Yəhuda İskariotu (qatil) xatırladır. Hər nə qədər Quranda və Yəhuda incilində (Bu İncili Vatikan müqəddəs qəbul etməyib) Yəhudanın satqın olmadığı və bu hərəkəti İsanın göstərişi ilə etdiyi yazılsa da, bütün dünya İsanın xəyanətə görə qurban getdiyini düşünür.
Bəs Yəhuda İsa Məsihə nəyə görə xəyanət etdi? Mən düşünürəm ki, pula görə etməzdi, çünki İsaya həvari olacaq biri pulgir ola bilməzdi. Düzdür, xəyanətdən sonra rahiblər Yəhudaya müəyyən qədər sikkə verdilər, amma o, bu pulu geri qaytardı.
Matta İncilində belə yazılır: “Yəhuda aldığı pulları məbədin içinə tulladı və gedib özünü asdı”. Yəhuda yeganə intihar edən həvaridir, qalanları öldürülüblər. İntihar edəcək qədər cəsarətli birinin pula görə xəyanət etməsi mümkün deyil.
Yəhuda Məsihin kimliyini öpüşü ilə ortaya çıxardı. Düzdür, bu öpüş İsa Məsihin çarmıxa çəkilməsinə səbəb oldu, amma ona ikinci həyat verdi. Burada İncildə olduğu kimi yenidən dirilməni nəzərdə tutmuram. Mənim fikrimcə, bu öpüş onu şərqli İsadan Renesansın motivi olan şahzadə İsaya çevirdi. Yəhuda da bunun cəzası olaraq, İskaryot adını aldı.
İncildə İsanın çarmıxa çəkilmə səbəbi kimi insanların günahları üçün özünü qurban verməsi göstərilir, amma qurban Yəhuda idi. Yəhuda İsaya xəyanət edərkən yalnız Məsihi çarmıxa çəkdirmədi, onun bütün günahlarının üstündən “X” çəkdirdi.
Bəlkə İsa da günahkar deyildi, sadəcə, insanları qucaqlamaq üçün qollarını geniş açmaqdan qorxurdu və buna görə Yəhuda kömək etməli oldu.
Əlbəttə, biz bilirik ki, bu əfsanin tarixi çox qədimdir və Şumerin Təmmuzunu, Misirin Horusunu - yəni İsanı tək Yəhuda ilə dəyərləndirmək olmaz. Əfsanələri oxumaq, öyrənmək, bilmək, təhlil etmək lazımdır, amma inanmaq olmaz.