Maral, Maral, Maral - ARAŞDIRMA

Maral, Maral, Maral - ARAŞDIRMA
  18 Oktyabr 2013    Oxunub:5377
“Gələcədəkdə maral ətindən istifadə edə biləcəyik”

Qədim folklor nümunələrimizdən tutmuş müasir dövrdə yazılan bir çox mahnılarda “Maral” sözünə tez-tez rast gəlirik. Nəcib və məsum görünüşlü bu heyvanın adı bir növ gözəllik nümunəsi kimi dilimizdən düşmür. Valideyinlər öz körpələrinə “Maral” adını qoyarkən bunun övladlarının da xarici görnüşünə təsir edəcəyini düşünürlər. Hətta kimsə gözəl bir qız görəndə deyir ki, “maraldır e”.

Və ya mahnılarımıza, aşıq ədəbiyyatına, qədim folklor nümunələrinə nəzər yetirsək yuxarıda sadaladıqlarımızı aydın görə bilərik. Həmçinin yazıçı və şairlərimiz də tez-tez öz şeir və hekayələrində “maral” sözünə müraciət edirlər.

Bütün bunlar isə bizə deməyə əsas verir ki, vaxtı ilə Azərbaycanda bu heyvanın yayıldığı böyük ərazilər olub. Bu səbəbdən də insanlar asanlıqla onlarla təmas qurub, həm gözəlliklərini vəsf ediblər həm də maralın ətindən qida məhsulu kimi yararlanıblar. Bəs maraqlıdır hazırda Azərbaycanda olan marallar harada yaşayır, sayları nə qədərdir?

“Talış dağlarında axırıncı maral nəsli 1935-ci ildə məhv edilib”

Bununla bağlı AzVision.az-a biologiya üzrə fəlsəfə doktoru, Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun Quru onurğalılar şöbəsinin müdiri Sücəddin Quliyevə müraciət edib. İlk olaraq S. Quliyevdən maralların yaşadıqları tarixi ərazilər haqqında məlumat aldıq:

“Bizdə əsasən Qafqaz nəcib maralın yarım növü yayılıb. Keçmişdə bütün Kür-Araz ovalığının qamışlıq, su olan yerlərinin əksəriyyətində marallar olub. Arazın Xəzərə tökülən hissəsindən başlamış Qarayazı, Gürcüstan ərazisinə qədər bütün Tuqay meşələrində bu heyvalara rast gəlmək mümkün idi. Onların yayılma arealı böyük əraziləri əhatə edib. Ancaq 20–ci əsrin 30-cu illərindən başlayaraq təxmininən 60-70- ci illərə qədər bütün Tuqay meşələri məhv edilib. Ondan sonra bütün Talış dağlarında axırıncı maral nəsli 1935-ci ildə məhv edilib. Talış təbii vilayətində də beləcə nəsli kəsilib. Göygöl qoruğuna isə 1961-ci ildə Zaqataladan marallar gətirilib. Qeyd edim ki, xalq qədimdə onları ovlamaqla yanaşı, marallar insanların əsəblərini sakitləşdirən bir obyekt kimi həmişə istifadə olunub. Ona görə də insanlar körpələrinin adında , cavanlar sevgililrinə müraciətində bu heyvanın adından istifade ediblər. O zamankı ov ilə indiki arasında fərq ondan ibarət olub ki, qədimdə yalnız yaşlı heyvanlar seçib ovlayırmışlar, bir də ilin müəyyən fəsillərində onlardan istifadə edirdilər. Təəssüf ki, sovet dövründə onların yaşayış yerlərini təsərrüfat sahələri ediblər, 80-85% əraziləri mənimsənildiyinə görə sayları kəskin azalıb.”

“Ölkəmizdə maralların sayı çox azdır”



S. Quliyevin sözlərinə görə, hazırda Göygöl qoruğunda təxminən 100-150 baş, Qarayazı qoruğunda, Gürcüstanla həmsərhəd olan ərazilərdə təxminən 10-15 baş maral var: “Onlar da gah Gürcüstana, gah da bu tərəfə keçirlər. Orada maralların sayını artırmaq üçün gələcəkdə gərək qoruq elan edilsin, qorunma tədbirləri həyata keçirilsin ki, heyvanlar orada artıb çoxala bilsin. Hazırda Azərbaycanda Baş Qafqaz təbii vilayətində daha çox rast gəlmək olar. O cümlədən İlisu, Zaqatala qoruğunda, Qax yasaqlığında, Şahdağ milli parkının İsmayıllı ərazisində də yaşayırlar . Qalan ərazilərdə isə marallara rast gəlmək mümkün deyil . İndi çox az sayda maral Altıağac milli parkına köçürülüb. Orada təxminən 20-25 baş heyvan var”- deyə elmi mütəxəssis qeyd edib.

Mütəxəssis gələcəkdə maralların artırılması və ət məhsulları sənayesində istifadə edilməsi üçün müxtəlif metodlardan istifadə olunduğunu bildirib: “Hazırda təkcə maral deyil, bir sıra heyvanların artırılması üçün xüsusi tədbirlər, elmi-tədqiqat işləri həyata keçirilir. Metodlardan biri odur ki, heyvanları əvvəlki tarixi, yəni vaxtı ilə yaşadığı yerlərə köçürtmək lazımdır. Belə ki, nəqliyyat vasitəsi ilə maralları yarımsərbəst deyilən şəraitdə xüsusi bir , iki kvadrat kilometrlik yerə aparırlar. Oranı isə dəmir tor ilə əhatəyə alırlar. Orada çoxaldılır, heyvanlar öyrəşir və öyrəşəndən sonra əraziyə buraxırlar. Digər metodalardan biri də süni surətdə ferma yaratmaqla xüsusi qulluq etmək və nəsil artımına nail olmaq lazımdır. Birinci, ikinci nəsildən sonra yerdə qalan nəsilləri yavaş-yavaş təbiətə buraxmaq sərfəlidir. Digər yardımçı tədbirlərdən biri də qeyri- qanuni ovları ləğv etmək, onlara qışda, çətin ekoloji şərait olanda onlara süni yemləmə təşkil etməklə çoxaltmaq olar”.

Şahanə RƏHİMLİ


Teqlər:  





Xəbər lenti