Yanğınlarla bağlı 7 cinayət işi açılıb, 15 nəfər həbs edilib
DİN həmçinin bildirib ki, qəsdən və ya bilməyərəkdən yanğın törədilməsində iştirak edən şəxslər yanğın təhlükəsizliyi norma və qaydalarının pozulmasına görə cinayət cəzalarının sərtliyi və qaçılmazlığını tam dərk etməlidirlər. Bununla yanaşı, kənd-təsərrüfatı fəaliyyəti ilə məşğul olan subyektlər məsuliyyət daşımaqla bərabər onu da bilməlidirlər ki, əkin sahələrində yanğın törədilməsi torpağın məhsuldarlığına ciddi ziyan vuraraq onun bioloji balansını pozur.
Xatırladaq ki, iyulun 12-də Bakının bir hissəsi və respublikanın əksər rayonları növbəti dəfə işıqsız qalmışdı. “Azərenerji”nin rəhbəri Etibar Pirverdiyev elektrik enerjisinin verilməsində yaranan növbəti kəsintinin səbəblərini şərh edərkən bildirib ki, eyni vaxtda Yevlax və Ağsu rayonlarında elektrik xətlərinin keçdiyi ərazilərdə yanğın baş verib. Onun sözlərinə görə, bu cür "təsadüflər" bir çox suallar doğurur.
Qeyd edək ki, ötən il İnzibati Xətalar Məcəlləsində edilmiş dəyişikliyə əsasən əkin sahələrinin yandırılmasına qarşı cəzalar sərtləşdirilib. Əkin yerlərinin yandırılmasına görə fiziki şəxsləri 400 manatdan 600 manata qədər, vəzifəli şəxsləri 1 500 manatdan 2 000 manata qədər, hüquqi şəxslər isə 5 000 manatdan 6 000 manata qədər cərimə cəzası gözləyir. Bundan başqa, yanğın əleyhinə təhlükəsizlik qaydalarının pozulmasına görə Cinayət Məcəlləsinin 225-ci maddəsi üzrə cinayət məsuliyyəti də nəzərdə tutulub. Əgər yanğın əleyhinə təhlükəsizlik qaydalarının pozulması ciddi fəsadlara gətirib çıxararsa, bu qaydanı pozanlar 7 ilədək azadlıqdan məhrumetmə cəzası ala bilərlər.
Leyla Elbrusqızı
AzVision.az