Əhalinin sağlamlığının qorunmasında icbari tibbi sığortanın rolu

 Əhalinin sağlamlığının qorunmasında icbari tibbi sığortanın rolu
  24 Oktyabr 2018    Oxunub:1951
Dünya ölkələrinin səhiyyə sisteminin ayrılmaz tərkib hissəsi olan və Azərbaycanda pilot layihə kimi işlənilən icbari tibbi sığorta gələn ildən bütün ölkə üzrə tətbiq olunacaq. İcbari tibbi sığorta pilot layihə kimi hazırda Azərbaycanın 4 bölgəsində tətbiq edilir. 2017-ci ildən Mingəçevr şəhəri və Yevlax rayonu, 2018-ci ildən isə Ağdaş rayonu və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda layihə davam etdirilir.
İki ilə yaxın haqqında danışılan, hesabatları təqdim edilən icbari tibbi sığorta hələ də bir çox insanlarda, o cümlədən həkimlərdə sualların yaranmasına səbəb olur. Layihənin ölkə üzrə tətbiqindən sonra insanların hansı xidmətlərdən ödənişsiz istifadə edəcəkləri, bahalı əməliyyatlar zamanı nələr ediləcəyi ilə bağlı suallar bitib-tükənmir.

Bəs İcbari Tibbi Sığorta nədir?

İcbari Tibbi Sığortanın əsas məqsədi, vətəndaşların sağlamlıq vəziyyətinin qorunması və yüksəldilməsi, əmək qabiliyyətinin və aktiv uzunömürlülüyünün təmin edilməsinə yönləndirilmiş keyfiyyətli, etibarlı, müasir standartlara cavab verən tibbi xidmətlərin göstərilməsinə və əlçatan olmasına zəmanət verəcək universal və dayanıqlı səhiyyə sistemi təşkil etməkdir.

İcbari tibbi sığorta əhalinin sosial müdafiəsi formasıdır və sığorta hadisəsi zamanı əhaliyə icbari tibbi sığortanın maliyyə mənbələri hesabına ilkin səhiyyə xidmətlərinin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə təminat verən dövlətin hüquqi, iqtisadi və təşkilati tədbirlər sistemidir. İcbari tibbi sığorta eyni zamanda sığorta olunanlara baza zərfində nəzərdə tutulmuş şərtlər çərçivəsində tibbi xidmətlərin göstərilməsinə təminat verir.

İcbari tibbi sığortanın məqsədi səhiyyə sahəsində mövcud maliyyələşmə mexanizmlərini yeni iqtisadi əsaslarla təkmilləşdirərək əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yüksəltmək və əlçatanlığını təmin etməkdir.

Baş nazirin müavini Əli Əhmədov bildirib ki, icbari tibbi sığortanın tətbiqi ölkəmizdə əhaliyə göstərilən tibbi xidmətin yaxşılaşdırılmasına yönəlib. O qeyd edib ki, vətəndaşlarımıza göstərilən səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması əsas məqsəddir. “Bu baxımdan demək olar ki, icbari tibbi sığortanın tətbiqi nəticəsində əhaliyə göstərilən səhiyyə xidmətinin keyfiyyəti əhəmiyyətli dərəcədə artacaq. Digər tərəfdən, icbari tibbi sığortanın tətbiqi səhiyyənin maliyyələşdirilməsinin daha müasir formasının yaranmasına imkan verəcək. Nəticədə səhiyyəyə ayrılan dövlət vəsaiti daha səmərəli istifadə olunacaq. Üçüncüsü, icbari tibbi sığortanın tətbiqi ilə bu sferada sosial ədalət prinsipinin daha əhatəli tətbiqinə nail olacağıq”.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi sığorta departamentinin rəhbəri Vüqar Qurbanovun verdiyi məlumata görə, pilot rayonlarda qeydə alınan təcrübədən çıxış edərək, sığorta olunanlara təklif ediləcək tibbi xidmətlərin baza zərfinə bəzi dəyişikliklər ediləcək. Pilot ərazilərdə aşkar edilən bəzi xəstəliklər baza zərfinə daxil edilmədiyindən onların yeni baza zərfində öz əksini tapması nəzərdə tutulur. Agentlik rəsmisinin sözlərinə görə, yeni baza zərfinin quruluşu da fərqli olacaq, özündə həkimlər tərəfindən qoyulan diaqnozları və həmin diaqnoza aid olan tibbi müayinələri, müalicələri əks etdirəcək.

Hazırda Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində tədbiq olunan icbari tibbi sığortanın baza zərfinə daxil olan tibbi xidmətlərin sayı 1829-dur:

- İlkin səhiyyə xidməti – 18
- Təcili və təxirəsalınmaz tibbi yardım xidməti - 6
- Ambulator xidmət – 480
- Stasionar xidmət - 677
- Laborator xidmət – 459
- Fizioterapiya – 23
- Həyati vacib, dəyəri yüksək olan xidmətlər – 166

Pilot layihənin icra olunduğu ərazilərdə - Mingəçevir şəhərində, Yevlax və Ağdaş rayonlarında rəsmi qeydiyyatda olan bütün vətəndaşlar və bu ərazilərdə məskunlaşmış məcburi köçkünlər icbari tibbi sığortadan faydalanmaq hüququna malikdirlər. Pilot layihə çərçivəsində sığorta olunan Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarında fəaliyyət göstərən tibb müəssisələrində çalışan həkimlərə müraciət edə bilər. Pilot ərazilərdə həyata keçirilməsi mümkün olmayan baza zərfinə daxil olan tibbi xidmətlər isə Bakı və Gəncə şəhərlərində yerləşən, Agentliklə müqavilə əsasında fəaliyyət göstərən tibb müəssisələrində təmin edilir.

Gələn ildən ölkə üzrə tətbiq ediləcək icbari tibb sığortanın şərtləri təqribən də olsa müəyyənləşib. İlkin olaraq əmək haqqından 1faiz işəgötürən və 2 faiz işçi tərəfindən olmaqla sığorta haqqı tutulması təklif olunur. İşləməyən vətəndaşlar isə illik 120 manat ödəməklə sığorta paketini əldə edə biləcəklər. Avropa ölkələrində icbari tibbi sığorta xidmətinin göstərilməsi üçün işəgötürən və işçilərdən 5 faizdən 15 faizədək icbari tibbi sığorta haqqı tutulur.

İcbari tibbi sığortanın baza zərfinə 18 növ ilkin səhiyyə xidməti, 6 növ təcili və təxirəsalınmaz yardım xidməti, 480 növ ambulator, 677 stasionar, 459 laborator, 166 növ həyati vacib, dəyəri yüksək olan xidmətlər daxil edilir. Bu zaman təcili və təxirəsalınmaz tibbi xidmət bütün əhali üçün pulsuz olmaqla, sığorta tələb edilmədən dövlət tərəfindən təklif ediləcək. Baza zərfinə daxil edilən həyati vacib, dəyəri yüksək tibbi xidmətlər müəyyənləşdirilərkən ölüm səbəbləri arasında öndə gedən xəstəliklər nəzərə alınıb. Məsələn, qapalı və açıq ürək əməliyyatları, o cümlədən aorta-koronar şuntlama, stend qoyulması, damar əməliyyatları sığorta paketinə daxil edilib, çünki ürək-damar xəstəlikləri ölüm səbəbləri arasında yüksək yer tutur.

İcbari tibbi sığorta vətəndaşlara verdikləri üstünlüklə yanaşı, həkimlərin əmək haqlarında da artımlara səbəb olur. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi məlumatlarına əsasən pilot ərazilərdə əməkhaqqı fondu 1,6, həkimlərin maaşı 3 dəfə, orta tibb işçilərinin əməkhaqqı isə 60 faiz artıb. Bütün hallarda icbari tibbi sığortanın əhatə dairəsi genişləndikcə özəl xəstəxanaların da prosesdə iştirakı genişlənə bilər. Belə ki, bunu nəticəsində sığorta olunanlar dövlət xəstəxanalarında göstərilməyən tibbi xidməti özəl xəstəxanalarda ala biləcəklər. Əsas məqsəd odur ki, vətəndaşlara keyfiyyətli tibbi xidmət göstərilsin.

Aytən Zəhra
Azvision.az



Teqlər: İTS  





Xəbər lenti