Manyak müəllimlər - Murad Köhnəqala yazır

 Manyak müəllimlər -  Murad Köhnəqala yazır
  16 Noyabr 2018    Oxunub:6843
Yaxınlarda dostlarla şagird-müəllim münasibətlərindən danışırdıq. Yadıma orta məktəb illərinin bir-iki hadisəsi düşdü.
Sovet müsəlman məktəblərində müəllimlər şagirdi döyürdü. Mən aşağı siniflərdə oxuyanda atam qonşu rayonda işlədiyindən, təhsilimlə nənəm maraqlanar, valideynlər iclasına da o gedərdi. Nənəm aşırı təhsil tərəfdarı olduğundan, müəllimlərə deyərdi ki, nəvəm oxumasa məcbur edin onu. Nənəmin “dobro”sunu alan müəllimlərim də istədikləri vaxt məni kötəkləyər, yumruqlayardılar. Psixikası yerində olmayan müəllimlərimiz də az deyildi.

Normalda, uşaq bağçalarındakı tərbiyəçilərdən tutmuş, ali məktəb müəllimlərinə qədər, hamısı tibbi müayinədən keçməli, aqressivlər sinif-auditoriyalara buraxılmamalıdı.

Yadımdadı, hərdən müəllimlərimiz şagirdi elə döyürdü, qonşu sinifdən gələn həmkarları uşağı onun əlindən güclə alırdılar. Hərdən qonşu siniflərdən gələn uşaq sızıltısı, müəllim böyürtüsündən vahimələnərdik. Şəxsən, məni müəllimlər doyunca döyüb gözlərinin qurdunu öldürmüşdülər.

Yadımdadı, dördüncü sinifdə oxuyanda əmək təlimi dərsini deyən riyaziyyat müəllimi yersiz güldüyümə görə məni yazı taxtasının qarşısına çıxarıb, xeyli döydü. Nədənsə, onun hirsi soyumurdu, axırda məni başı üzərinə qaldırıb, yerə çırpdı. Onda həmin müəllimin 35-40 yaşı olardı. Məni yaxşıca əzişdirib sakitləşəndən sonra pencəyinin döş cibindən daraq çıxarıb, dağılmış tellərini geri daradı və nəhayət ki, ləhləyə-ləhləyə keçib oturmağıma icazə verdi...

Birini də danışmaq istəyirəm. Beşinci sinifdə oxuyanda qış vaxtı məktəbin həyətində uşaqlarla qartopu oynayırdıq. Məktəbimizin binası köhnə tikililərdən idi. Buranı sovet hökuməti hansısa varlının əlindən alıb elm ocağına çevirmiş, özünü də sürgün eləmişdi.

Mən atdığım qartopu təsadüfən bir sinif otağının zirzəmisinin təxminən 30x40 sm ölçüdə olan şüşəsini sındırdı. Elə bu ərəfələrdə zəng içəri vuruldu.

Məktəbin dərs hissə müdiri, yekəpər, qırmızısifət coğrafiya müəllimi məni boş müəllimlər otağına apardı. Özü kresloda oturub mənə düz qarşısında dimdik durmağı əmr etdi. Mən onun qarşısında dayanıb, əllərimi yanıma saldım. Özünü həmişə atamın dostu kimi qələmə verən bu qırmızısifət məndən manyak intonasiyasında sakitcə soruşdu: “Şüşəni niyə qırmısan?”

Dedim, müəllim, valla, qəsdən qırmadım, təsadüfən dəydi. Soyuqdan donmuş üzümə sağ əli ilə möhkəm bir şillə! Yekəpər bir kişinin var gücü ilə 12 yaşlı uşağa vurduğu şilləni təsəvvür edin. Mən ağrıdan üzümü əlimlə tutub geri çəkildim. O, mənə bayaq dayandığım məsafədə durmağımı əmr etdi və təzədən soruşurdu: “Deyirəm, niyə qırmısan?” Dedim, müəllim, evdə gedəndə valideynlərimə deyəcəm, qırdığımın yerinə sabah təzə şüşə alıb gətirərəm. Bu dəfə sol əlilə o biri üzümə bir şillə! “Dedim, şüşəni niyə qırmısan?” Deyirdim, müəllim, qəsdən qırmadım, təsadüfən dəydi. Yenə bir şillə!..

O, manyak kimi dalbadal eyni şeyi soruşur, cavablarıma məhəl qoymadan var gücü ilə sifətimə şillə vururdu. Şillələrdən müvazinətimi itirib biraz geri duranda: “Yaxında dur!” – deyə fısıldayırdı.

Beləcə, “atamın dostu” məni bir 45 dəqiqə döydü. O şaxtalı qış günü alçaq şillələrindən yanaqlarım od tutub yanırdı. Tənəffüs zəngindən sonra dərsdən qayıdan qocaman fizika müəllimi məni bu peysərin əlindən güclə aldı. O qırmızısifəti bu gün də nifrətlə xatırlayıram.

Bəs, peysərdən heyfimi necə aldım? O öləndə dostlarımı başıma yığıb, həmin əhvalatı danışdım və bütün günü yeyib-içərək şənləndik. Gücüm yalnız buna çatdı.

Murad Köhnəqala
Azvision.az üçün



Teqlər:





Xəbər lenti