Aktyor tərəfindən döyülən direktor - Nazir işə qarışdı

  21 Noyabr 2018    Oxunub : 4330
Aktyor tərəfindən döyülən direktor - Nazir işə qarışdı
175 saylı tam orta məktəbin direktoru Tural Mirzəliyevlə aktyor Rza Rzayev arasında insident baş verib. Tərəflər arasında yaranan mübahisə nəticəsində direktor ağır xəsarət alaraq 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.
Bakı Şəhər Təhsil idarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov Azvision.az-a açıqlamasında bildirib ki, Tural Mirzəliyevin vəziyyəti yaxşı deyil.

“Qeyd edək ki, məsələni Təhsil Nazirliyinin rəhbərliyi bilavasitə diqqət mərkəzində saxlayır. Bir təhsil işçisi, məktəb direktoru ictimaiyyətin gözü qarşısında fiziki zorakılığa məruz qalıb, döyülüb, ciddi xəsarətlər alıb. Başında və üzündə zərbələrdən aldığı xəsarətlər, başgicəllənmə və ürəkbulanma əlamətləri ciddi narahatçılıq yaradır".

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov isə Azvision.az-a bildirib ki, Tural Mirzəliyevin hücuma məruz qalması cinayət hadisəsidir.

"Hazırda o, xəstəxanadadır. Məsələ Təhsil Nazirliyi rəhbərliyinin bilavasitə diqqət mərkəzindədir. Baş verənlər cinayət hadisəsidir. Cinayətin araşdırılması ilə hüquq-mühafizə orqanları məşğuldur. Biz baş verən hadisəni qınaya bilərik".

Məsələyə təhsil eksperti Kamran Əsədov da münasibət bildirib. O, deyib ki, 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyev və tanınmış aktyor Rza Rzayev arasında xoşagəlməz hadisələrin yaşanması təəssüfedicidir.

“Onlar arasında münasibətlər bir ilə yaxındır ki, gərgin idi. Səbəb məlum idi. Amma aidiyyati üzrə əməli addım atalı olan Təhsil NazirliyiBakı Şəhər Təhsil İdarəsi sadəcə olaraq izləyici mövqeyində qaldı. Bu müddət ərzində təhsilin idarəçiləri bu iki şəxsi ağsaqqaları dəvət etməklə görüşdürüb aralarındakı problemi həll etməklə barışdırmalı idilər. Çünki problem gizli deyildi. Hər iki ziyalı bir-birinə sosial şəbəkələr və mətbuat vasitəsi ilə açıq müharibə elan etmişdilər və bu onların bir-birinə fiziki zorakılıq edəcəyini qaçılmaz edirdi. Düşünürəm ki, məsələ hüquq müstəvisində düzgün həll olunacaq. Tural müəllim orta məktəblərə rəhbərlik edən, uzun müddət təhsildə olan, islahatçı bir ziyalıdır, Rza Rzayev də xalqını, millətini sevən, bütün imkanlarını sənət yolunda səfərbər edən, mərd şəxsdir. Düşünürəm, bu ifadələr çox məsələdən xəbər verir.

Dediyim kimi, məsələnin bu həddə gəlməsində günahkar təhsil idarəçilərinin barışdırcı mövqeydə olmamasıdır. Bu nə birinci faktdır, nə də sonuncu. Amma dərs almalı faktdır. Təhsil idarəçiləri təkcə təhsil verməməlidirlər, həm də dərs almalıdırlar. Hansısa instident baş verəndə, “semiçka” çırtlayıb dedektiv film izləyirmiş kimi kənardan izləyici mövqeyində olmaq lazım deyil. Bu təkcə Tural bəyə, Rza bəyə vurulan zərbə deyil. Bu ölkə məktəbinə, ölkə sənətinə vurulan zərbədir. İndi Tual bəy məktəbə necə daxil olub rəhbərlik edəcək? Belə çıxır ki, kimin istədiyi olmasa, gəlib Tural bəyi döyüb istədiyini edə bilər? Və ya, Rza bəy kimi haqqı tapdanan, hüququ qorunmayan ancaq zor tətbiq etməklə hüququnu qoruya bilər? Ümid edirəm ki, bundan sonra susmayacaqlar. Yoxsa bu gərginlik yenə də davam edəcək. Mütləq hər iki şəxsi görüşdürüb barışıq əldə olunmalıdır”, - deyə ekspert vurğulayıb.



Aytən Zəhra
Azvision.az

Teqlər: TN   BŞTİ