Dindəki qurbanların gizlətdiyi sirrin mifoloji açması

 Dindəki qurbanların gizlətdiyi sirrin mifoloji açması
  04 Dekabr 2018    Oxunub:19649
Əhməd Həmid
Azvision.az üçün

“…Sonra Allahın İbrahimə göstərdiyi yerə gəldilər. İbrahim orada bir qurbangah düzəldib, odunları düzdü və oğlu İshaqın əl-qolunu bağlayıb, qurbangaha – odunların üstünə qoydu. İbrahim əlini uzadıb, oğlunun başını kəsmək üçün bıçağı götürdü. Rəbbin mələyi göylərdən onu çağırdı: «İbrahim, İbrahim!» O, «Mən buradayam!» dedi. Mələk «Uşağa əl qaldırma və ona bir şey etmə. İndi bildim ki, sən Allahdan qorxursan; öz yeganə oğlunu ondan əsirgəmədin»,- söylədi. İbrahim başını qaldırıb baxdı və arxasında buynuzları kolluğa ilişmiş bir qoç gördü. İbrahim gedib qoçu götürdü və oğlunun əvəzinə yandırma qurbanı olaraq təqdim etdi. (Tövrat, “İbrahimin sınağa çəkilməsi”)


(Michelangelo Merisi da Caravaggio, “İshaqın qurban edilməsi”)

Əslində Tövratdan olan bu hissədə bizə çatdırılmaq istənilən İbrahimin tanrı yolunda oğlunu qurban vermək istəməsi, ya da İshaqın ölümlə razılaşması deyil, insan qurbanının heyvanla əvəzlənməsi dövrünü göstərməkdir. Bu əvəzlənmə yalnız İbrahim dinlərində deyil, digər dinlərin bayramlarında da özünü göstərir. Novruz bayramında kosa ilə keçəlin keçi ilə əvəzlənməsi də cox güman, insan qurbanı ritualının sonunu göstərir. Bu əvəzlənməni qədim slavyan mifalogiyasında da görürük. Paqan adətlərinə görə qış bayramında şam ağacının altına gənc bakirə (qar qız) qoyulur və səhərə qız donub ölərsə, qurbanın qəbul edildiyi düşünülürmüş. Sonra bu paqan adəti şam ağacına meyvə düzülməsi ilə əvəzləndi.

Diqqətlə baxsaq, görəcəyik ki, bu bayramların hamısı kohnə ilin bitməsini və yeni ilin, yeni dövrün gəlişini göstərir.

Tövratda İshaq ilk qurban deyildi. İnsan qurban olunması ritualının sonunu gətirməsinə baxmayaraq, sonuncu da olmadı. Tanrı digər qurbanlarla İshaq qədər mərhəmətli davranmadı. İbrahim dinlərində ilk insan qurbanının kim olduğunu bilmək üçün Tövratı diqqətlə oxumaq lazımdır. Yaradılış kitabının əvvəlində belə bir hissə var.

“...Qabil torpağın bəhrəsindən Rəbb Allaha təqdim gətirdi. Habil də sürüsündə ilk doğulan heyvanlardan bir neçəsini və onların piyini təqdim etdi. Rəbb Habili və onun təqdimini qəbul etdi, ancaq Qabili və onun təqdimini qəbul etmədi. Buna görə də Qabil bərk qəzəblənib qaşqabağını salladı. Rəbb Qabilə dedi: «Niyə qəzəblənmisən? Niyə qaşqabağını sallamısan? Əgər yaxşı iş görürsənsə, mən qəbul etmərəmmi? Sonra Qabil qardaşı Habilə bir söz dedi və onlar çölə getdilər. Orada Qabil qardaşı Habilin üstünə hücum çəkib, onu öldürdü. Rəbb dedi: «Sən nə etdin? Qardaşının qanının səsi torpaqdan mənə fəryad edir. Torpağı becərdiyin zaman o, daha gücünü sənə verməyəcək. Yer üzündə qaçaq və sərgərdan olacaqsan». Qabil Rəbbə dedi: «Cəzam çəkə biləcəyimdən daha artıqdır. Bax, bu gün Sən məni torpaqdan qovursan. Mən də Sənin hüzurundan gizlənib yer üzündə qaçaq və sərgərdan olacağam. Ancaq kim mənə rast gəlsə, məni öldürəcək». Rəbb ona dedi: «Xeyr! Kim Qabili öldürsə, ondan yeddi qat intiqam alınacaq». Rəbb Qabilə bir əlamət qoydu ki, ona rast gələn kəs onu öldürməsin. (Tövrat: “Qabil və Habil”)

Mən düşünürəm ki, Qabil Habili öldürmədi, onu qəbul edilməyən qurbanın əvəzinə verdi. Rəbbin Qabili qoruması, onu öldürülməyəcəyinə əmin etməsi qurbanın qəbul olunmasına işarə idi.

Habildən İshaqa qədər daha kimlərin qurban verilməsi haqqında məlumat yoxdur, amma İshaqdan sonra daha bir qurbanın da olduğu məlumdur. Bu səfər də bir ata oğlunu qurban etdi, amma Tanrı bu qurbandan vaz keçmədi. İsa yandırılmadı, başı kəsilmədi, amma ölmək üçün, əzablardan qurtarmaq üçün yalvardı.

Buna görə Caravaggionun “İshaqın Qurban Edilməsi” əsərinə baxanda əlində bıçaq tutanı İbrahim peyğəmbərdən daha çox Tanrıya, Allah babaya bənzədirəm. Çünki rəsmdə İbrahim oğlunu qurban etdiyini düşünən atadan çox, əsərini məhv edib, üç günə daha yaxşısını düzəldəcəyini düşünən sənətkara bənzəyir.

İsanın üç gün sonra yenidən dirilib-dirilmədiyi dəqiq deyil, amma paqan rituallarına uyğun öldüyü bəllidir.



(Salvador Dali “ Çarmıxdakı İsa”)

Bütün incillərdə İsanı qurban edənin Yəhuda İskariot olduğu yazılıb. Bəlkə də Yəhuda tarixdə heç olmayıb, sadəcə, öz krallarına xəyanət edən yəhudi xalqı Yəhuda adlandırılmışdı. İsa həm tanrının, həm də yəhudilərin qurbanı idi. İsanın qurban edilməsi barəsində danışanda yadıma Salvador Dalinin “Çarmıxdakı İsa” rəsmi ilə Qurandan Həcc sürəsinin 37-ci ayəsi düşür. Salvador Dalinin “Çarmıxdakı İsa” rəsmi bütün İsa motivli rəsmlərdən fərqlənir. Bu rəsmdə sanki İsa göy üzünə, tanrıya doğru hərəkət edir. Amma heyf ki, İsa heç vaxt tanrıya çata bilməyəcək. Çünki İsa qurban idi və Həcc sürəsi, 37-də belə yazılıb: “Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır”.

Əslində qurban günahların qarşılığı olaraq verilir. Dücanə Cündioğlu düzgün bildirib ki, düşü (yuxusu, xəyalı) və düşdüyü qədərdi insanın qurbanı. Ən böyük xəyalı olanla ən böyük günahı olanın qurbanı da böyük olmalıdır. Burada düş, xəyal, röya ilə düşməyin - günahın əlaqəsi göstərilib.

Buna görə bilik ağacının meyvəsi belə təhlükəli idi. Yəni hər düşüncə bir qurban tələb edir - Adəmdən cənnəti, İbrahimdən İshaqı istəyir. İbrahimi İshaqı qurban verməyə vadar edən qüvvə Cənnət xəyalı idi. Bəs tanrı hansı günahın əvəzi olaraq İsanı qurban etdi? Bəlkə də “ol” deyərkən düşünmüşdü Tanrı və İsanın insanların haqq qatında günahlarının bağışlanılması üçün öldürüldüyü fikrinin səbəbi də budur.



Teqlər:





Xəbər lenti