“Dedi ki, villa istəyirsinizsə, pivə satın, alverlə məşğul olun” - Xalq artisti ilə MÜSAHİBƏ (VİDEO)

“Dedi ki, villa istəyirsinizsə, pivə satın, alverlə məşğul olun” -  Xalq artisti ilə MÜSAHİBƏ (VİDEO)
  23 Yanvar 2019    Oxunub:20355
“Ağlıma gəlməzdi ki, nə vaxtsa aktyor olaram”
Azvision.az -ın növbəti müsahibi Xalq artisti, "Şöhrət" ordenli aktyor Rafiq Əzimovdur. 81 yaşın astanasında olan aktyor söhbət zamanı illərin xatirələrindən, sənət yoldaşları ilə münasibətlərindən söz açıb, səmimi etiraflar edib.

- Artıq qış fəslinə qədəm qoymuşuq.Yaradıcı insana şaxtalı qış necə təsir edir? Ümumiyyətlə, özünüzü hansı fəsildə daha rahat hiss edirsiniz?



- Mən yalan danışa bilmirəm, istəyirəm sizə düzünü deyim. Hər il bu aylar səhhətimdə nasazlıq hiss edirəm. Ömür gün yoldaşım deyir ki, sənə nə olub? Həmişə qış qədəm qoyanda səndə nəsə dəyişiklik əmələ gəlir. Bir dəfə tamaşadan çox normal, soyuqlama, azarlama hiss etmədən çıxıb evə getdim. Çayımı, çörəyimi yeyib yatdım. Bir də gecə ayıldım ki, boğuluram. Soyuqdəymə elədir ki, yeni başlayanda hiss etmirsən, rolunu rahat oynayırsan. Fəsadı sonra üzə çıxır. İndi yaxşıyam, amma qorunuram. Biz yaşlı adamlar gərək ehtiyatla davranaq. Rejissorumuz Tofiq Kazımov həmişə deyərdi ki, aktyorun xəstələnməyə ixtiyarı yoxdur. Tamaşa vaxtı çaışıram ki, özümü qoruyum. Çünki mən tamaşaçıya deyə bilmərəm ki, bu gün mən xəstəyəm, yaxşı oynamayım. Onlara mənim azarlamağımın heç bir dəxli yoxdur, insanlar teatra dəqiq və gözəl tamaşaya baxmaq üçün gəlirlər.



- Olubmu ki, yüksək hərarətlə ayaqüstə güclə dayanmısınız, amma səhnəyə çıxmısınız?

- Gənclik dövrümdə olub. “Hacıqara” tamaşasında oynayanda 38 dərəcə qızdırmam var idi. Biruzə vermədim, səhnəyə çıxıb, oynadım. Səsimdə soyuqdəymədən bir az dəyişiklik yaranmışdı, amma bu obrazın xarakterinə uyğun gəlirdi. Özümü elə apardım ki, guya, bu obraz belə də danışa bilər. Xəstə olmağımı tamaşaçının duymasını istəmədim. Elə də oldu, heç kim bilmədi. Sonra müalicə olundum. İndiki zamanda biz yaşlılar gərək hər an özümüzü gözləyək. Çünki biz tamaşaçılara lazımıq və onların bizlərə yazığı gəlməməlidir. Əksinə, bu yaşda çevik, cəld oynamağımıza həsəd aparmalıdırlar.

- Növbəti ay 81 yaşa qədəm qoyacaqsınız. Kənardan baxanda 81 böyük rəqəmdir. Ancaq adam özü müəyyən yaşa çatanda və geriyə boylananda, ona elə gəlir ki, hələ ömür qabaqdadır. Düşünürsən, heç yaşamamışam ki. 40-50-80 nə yaşdır, axı. Əsl yaşamalı illər qabaqdadır. Sizdə belə düşünürsünüz?

- Adi həyatda mənim üçün yaş məfhumu yoxdur. Sənətdə isə birinci növbədə obraz və təklif olunmuş vəziyyət var. Bir də o obrazın təklif olunmuş vəziyyətdə doğru, düzgün davranışı. Əgər bu rol mənə uyğundur və mənə tapşırılıbsa, dəridən- qabıqdan çıxmalıyam, gecə- gündüz öz üzərimdə işləməliyəm, tərəf müqabilimlə düzgün davaranmalıyam ki, tamaşaçı razı qalsın. Axı, izləyicilərin min gözü var. Onlar deməməlidirlər ki, bu obrazda, xarakterdə olan insan belə davrana bilməz. Mən istər gənclik və orta yaş dövrümdə, istərsə də indiki yaş dövrümdə rol üzərində işləyəndə bu qaydalara əməl edirəm. Biri var rejissorun sənə verdiyi təklif, biri də var sənin aktyor məharətin. Hər bir anı, jesti, baxışı, daranışı ətə-cana doldurmaq üçün doğru və düzgün davranmaq lazımdır. Əks halda tamaşaçı inanmayacaq. Aktyor mütləq soyuğu canında hiss etməlidir. Mən harada olmağımdan asılı olmayaraq, istər avtobusda, istərsə metroda özümü tamaşadan öncə obraza kökləyirəm. Baxmayaraq ki, o tamaşada dəfələrlə oynamışam və bu da növbəti çıxışlarımdan biridir. Ancaq nəzərə almaq lazımdır ki, tamaşaçı 50 il əvvəlki deyil. O, hər bir ana baxır. Bu baxımdan istedadı əgər cilalamasam, inkişaf da olmaz.



İnstitutda ilk dərs günü müəllimimiz Məhərrəm Haşımov bizdən bu sənətə niyə gəlməyimizi soruşdu. Hərəmiz bir cavab verdik. Bizə dedi, əgər bu sənətə gəlmisinizsə ki, maşınınız, villanız olsun, onda siz bu sənəti buraxın. Gedin pivə satın, alverlə məşğul olun. Çünki bu sənət çox çətindir və pul qazanmaq üçün deyil. O deyirdi, harada olursunuzsa, müşahidəçi olun. Yaxşı və pis cəhətləri toplayın. "Baqaj"ınızdakı müşahidələrin hamısı sizə lazım olacaq. Hər bir anı müşahidə edin ki, vərdişə çevrilsin. Mən indi də yol gələndə hər tərəfə, ağaclara, saralmış, yerə tökülmüş yarpaqlara baxıram, müxtəlif xarakterli insanları, onların bir-biri ilə ünsiyətini müşahidə edirəm. Hər bir insandan bir damla nəsə öyrənəndə sənin üçün yeni xarakter yaranır. Növbəti tamaşanda deyirsən bəlkə, o müşahidələrimdən filan rolda istifadə edim. Biz həyatdan öyrənirik və onları yenidən insanların özlərinə qaytarırıq.

- Sizə güc, stimul verən nədir? Həyatda nəyə söykənib ayaqda durursunuz?Sabaha hansi ümidlə boylanırsınız?

- Mən nikbin adamam, gələcəyə inanıram. Böyük ümidlərlə yaşayıram. İnsan əgər yaxşılıq barədə düşünməsə, elə bilir ki, özü pessimizə qapılır, pisə çevrilir. Nikbinliyi heç vaxt itirmək olmaz. Vaxtı ilə elə filmlərimiz çəkilib ki, onlar 3-cü kateqoriya hesab olunublar. İndi isə həmin filmlər sənət əsərləri kimi qəbul olunur, insanlar tərəfindən baxılır. Deməli, hər şey həyatda nisbidir, dünən pis qəbul edilən şey bu gün yaxşı sayıla bilər. Buna görə də mən heç nəyə pessimist yanaşmıram. Uşağa pis desən, o pis olacaq. Yaxşı cəhəti görüb yaxşılıq etmək lazımdır.

Estetika müəllimimiz Cəfər Cəfərov danışırdı ki, küçədə it cəmdəyini görən insanlar burunlarını tutub keçirmişlər, ona sarı heç baxmırmışlar. Tolstoy isə oradan keçəndə itin cəmdəyinə baxıb deyir, nə gözəl dişləri var. Görün, bu insanda estetika nə dərəcədə yüksəkdir ki, ölü itdə gözəllik axtarır.



- Siz kinoda, xüsusilə teatrda kifayət qədər obrazlar yaratmısınız. Həmişə üzdə olan, qiymətləndirilən aktyor olmusunuz. Bəs indi necə bir obraz yaratmaq istərdiniz? Düşünmürsünüzmü, sizi ifadə edən, yalnız siz olan obrazı oynamağın da vaxtıdır.

- Obrazlarla bağlı illər ərzində ürəyimdən elə hislər keçib. Bu hisslər bu gün də var, sabah da olacaq. Rejissor Tofiq Kazımovun quruluş verdiyi “Qılınc və qələm” tamaşasında mənim Xacə Mərcan sürətini bu gün də görənlər danışırlar. Orada mənim elə sözsüz məqamlarım var idi ki, sözlü məqamlarımı üstələyirdi. Həmçinin, Əsgər Əsgərovun “Anlaşılmaz qətl” tamaşasında mənim bir kəlmə sözüm yox idi. Səhnə boyu susurdum, ancaq sanki susqunluğumla danışırdım. Aktyor Yaşar Nuri sağlığında deyirdi, bir şeyi başa düşmürəm, Rafiq Əzimov tamaşada həm danışmırdı, həm də danışırdı. Tamaşaçı isə hər saniyə maraqlanırdı ki, görəsən indi nə olacaq?

Nəbi Xəzrinin “Burla xatun” tamaşasında Dədə Qorqud obrazını oynayırdım. Dastanın 1300 illik yubileyinə həsr olunmuşdu. Tamaşada izləyicilər arasında mərhum prezidentimiz Heydər Əliyev və Nəbi Xəzri də var idi. Ulu öndər tamaşa haqqında danışdı, dedi elə səhnələr var idi ki, mən özüm qorxurdum. Həmin rolum şeirlə idi. Üzərimdə çox işlədim. Biz Türkdilli Teatrların Beynəlxalq Festivalında 2000-ci ildə bu tamaşa ilə yüksək qiymət almaqla bərabər, min dollar müqabilində mükafatlandırıldıq. İki ay sonra biz tamaşaya görə Türkiyəyə dəvət aldıq.

Hərdən mənim üçün deyirlər ki, epizodik aktyordur, ancaq mən onunla özümü aşağılamıram. Çünki rolun böyüyü, kiçiyi yoxdur. Aktyorun böyüyü, kiçiyi var. Amma mənim baş rollarım çox olub. Siz mənə xarakterimə uyğun rolla bağlı sual verdiniz. Rumun dramaturqu Mixail Sebastiyanın “Adsız ulduz” əsəri rəhmətlik Həsən Əblucun diplom tamaşası idi. Həsən əsəri mənə verib dedi, oxu, sabah yanıma gələrsən. Oxudum, əsər məni çox tutdu. Səhər kitabı gətirib geri verdim. Dedi, oxudun? Hansı obraz xosuna gəldi? Dedim, müəllim obrazı. Dedi, elə mən də sənin üçün onu nəzərdə tutmuşdum. Rəhmətlik aktrisamız Amaliya Pənahova orada mənim sevgilimi oynayırdı. Həmin tamaşa ilə mən Moskvaya vəsiqə aldım. Moskvadan gəlib tamaşanı bəyənmişdilər. SSRİ-nin mədəniyyət naziri Furtsovanın, SSRİ xalq artisti Mixail Çaryovun qolu olan diploma layiq görüldüm. Bəxtiyar Vahabzadə və Nurəddin Rzayev bunu teatrımızın ən mədəni tamaşası adlandırmışdı. Deyirdilər, biz Rafiq Əzimovu bu rolda kəşf etdik. Aktyor üçün bundan böyük mükafat yoxdur. Bu rolları ona görə sadalıyıram ki, siz biləsiniz, aktyor qabiliyyətini istər dramatik, istərsə də faciə janrında göstərməyi bacarmalıdır. Və bu obrazların hamısı məni ifadə edib.



- Bu illər ərzində kimlərlə birgə işlədiniz, səhnədə külüng vurdunuz? Ən çox kimlərlə dostluq münasibətiniz var idi? Hansı xatirələri yadınızda qalıb?

- Aktyorların hamısı ilə yaxşı münasibətim olub. Bir çoxu ilə qonşu idim. Ulu öndər Heydər Əliyev aktyorlara 9-cu mikrorayonda ev vermişdi. Deməli, 4-cü mərtəbədə Səməndər Rzayev, 5-ci mərtəbədə Əlabbas Qədirov, 6-cı mərtəbədə Mübariz Əlxanoğlu, 7-ci mərtəbədə Yaşar Nuri, 8-ci mərtəbədə isə mən qalırdım. Təmirə görə evə bir az gec köçmüşdüm. Yaşar Nuri isə evi təmir etdirib yerləşmişdi. Günlərin bir günü, axşamçağı bizim evi təmir edən usta krantı açıq qoyub gedib. Su axıb Yaşargilin evinə dolmuşdu. Yoldaşı Rəhiməxanım bizə zəng etdi ki, bəs evimizi su basıb, bu nə oyundur çıxardırsınız? Yoldaşımla başı alovlu ora qaçdıq. Gördüm evdə dizə qədər su var. Axşam saat 6-dan suyu veriblər, krant bağlı olmadığına görə su evə dolub. Birtəhər evi silib qurutduq, yığısdırdıq. Gecə saat 12-də qapı döyüldü. Baxdım ki, Yaşardır. Bilmirəm qapını açım, yoxsa açmayım. Fikirləşdim ki, hirslidir, yəqin dalaşmağa gəlib. Əlacım kəsildi açdım. Bir də görəm Yaşar əlində meyvə və konyak dayanıb gülür. Dedim, Yaşar bizi söyməyə gəlmisən ? Dedi, yox, vurmağa gəlmişəm, qonşu qonşunun başına su tökmədisə, nə ləzzəti var. Bunu ömrünün axırına kimi dedik güldük.

-Aktyor Səməndər Rzayevlə də qonşu olmusunuz. Onunla münasibətiniz necə idi?

- Səməndərlə ilk tanışlığım Lütfi Məmmədbəyovun Xalq teatrında olub. Teatrın tamaşalarına tez-tez baxardıq. Bir dəfə gördüm ki, qəşəng, cavan bir oğlan səhnənin kənarında dayanıb. Lütfi müəllim istedadlı gəncləri imtahan edib, xalq teatrına qəbul edirdi. Səməndəri çağırdı, o gəlib səhnənin ortasında dayandı. Lütfi müəllim dedi, nə bilirsən? Səməndər bir şeir dedi. İnanın ki, “Yenə o bağ olaydı” şeirini bir çox aktyorun dilindən eşitmişdim. Amma onun dilindən eşidəndə Səməndər hamımız üçün bir möcüzə, tapıntı oldu. Mən həmin şeiri o cür təbii söyləyən eşitməmişdim. Ondan sonra tələbə oldu, teatrda işlədi. İlk rollarından biri “Horatsiya” idi ki, böyük səs saldı. Gənclər arasında onun kimi aktyor görməmişdim. Sağ qalsaydı, tamaşaçı bu gün də teatrımızda müxtəlif sanballı rolları görə bilərdi.



Siyavuş Aslanla da qonşu olmuşam. Mən Viddadi küçəsində, o isə Krupuskaya küçəsində yaşayırdı. Soruşanda deyirdi, Leninin arvadının küçəsində qalıram. Kasıb ailədə böyümüşdü, 3 yaş fərqimiz var idi. Gənclik dövründən Musiqili Teatrda kiçik epizodik rollarda çıxış edirdi. Biz də məhlə uşaqları Siyavuşa görə gedib, həmin epizodlara baxardıq. “O olmasın, bu olsun” tamaşasında dəlləyə gəlib başını qırxdıran adam obrazını oynayırdı. Biz də gedib baxırdıq ki, görək Siyavuşun başını necə qırxacaqlar. Dəllək rolunu isə Bəşir Səfəroğlu oynayırdı. Ülgücünü itiləyirdi, Siyavuşun başını sabunlayırdı və qırxmağa başlayırdı. Kəsdiyi yerlərə isə pambığı yaşlayıb qoyardı. Tamaşanın sonuna qədər Siyavuşun başı pambıqla dolu olardı. Tamaşaçılar da qəş edib gülürdülər. Siyavuşla böyük qardaşım Arif dost idilər. O, bir dəfə qardaşımdan soruşur ki, Rafiq nə işlə məşğul olur? Mən də onda Lütfi müəllimin dərnəyinə gedərdim. Deyir, əşi, sənin kimi artist olmaq istəyir.

“Azdrama”da oynayanda tamaşalarımıza baxırdı. Qardaşıma deyirdi, “bu sənin qardaşındır? Ədə, yamandir e”. O da bizim teatra gəlmək istəyirdi, amma götürmürdülər. Deyirdilər ki, yaxşı aktyordur, amma Musiqili Teatrda işləməlidir. Sonradan bizim teatra gələndə tərəfmüqabili olduq. O, “Nişanlı qız”da Mindilli, mən isə Qasım rolunda idim. Hətta obrazlara şeir də həsr olunmuşdu. Həmid Abbas yazmışdı: “Söz -söhbətli həzinəm mən, hər bir yerdə başam mən. Nişanlı qız yaxşı çıxıb, çünki orda Qasımam mən”.

Eşitdiyimə görə, sizin toyunuzda bir çox məşhur sənətkarlarımız iştirak edib. Hətta Gülağa Məmmədov toyunuzda oxuyub.

- O vaxtlar “Səadət" sarayı toy üçün ən məşhur yerlərindən biri idi. 1964-cü ildə toyumu orada keçirdik. Masabəyi rejissor Həsən Seyidbəyli idi. Onunla uzaq qohum idik. Bizim dövrümüzdə adlı-sanlı adamlar masabəyi olardılar. Toya Əliağa Ağayev, Barat Şəkinskaya, Lütfi Məmmədbəyov, Nazim Yüzbaşov, Həsən Məmmədov, Keykab Səfərəliyeva və digər tanınmış adam gəlmişdi. Əliağa Ağayev sağlığında dedi ki, "Əzimov Rafiq səhnəyə çıxanda, əsim-əsim əsir. Mən də əsmişəm. İçirəm o sağlığa ki, Əzimov Rafiq səhnəyə çıxanda həmişə əsim-əsim əssin".

Dnepr maqnitofon var idi, Həsən Məmmədovla Nazim Yüzbaşov toyu lentə köçürtmüşdülər. Toyu idarə edən isə Gülağa Məmmədov idi. Sonralar yaşlanmışdı, gözləri tutulmuşdu, Bulvarda oturub bir yerdə çay içirdik. Deyərdi ki, ”Rafiqin toyunu mən etmişəm, o vaxt mənə 250 manat pul verdi”.

Biz İçərişəhərdə olurduq. Tofiq Kazımov demişdi ki, teatrın kollektivinə ev veriləndə birinci Rafiq alacaq, mənə aktyor lazımdır. Gənclərə növbədənkənar ev verilə bilərdi. Onun təkidi ilə 1966-cı ildə mənə ev verdilər. 80 illik yubileyimlə bağlı hörmətli prezidentimiz nazir Əbülfəz Qarayevin müraciəti ilə mənə 3 otaqlı mənzil verdi.



Tez- tez köhnə məhəlləmizdən keçirəm. Acılı-şirinli günlərimizi gözümün qabağına gətirirəm. Xatırlayıram ki, anam çarşablı qadın idi və atam müharibədə idi. Anam məcbur idi ki, işləyib övladlarını böyütsün. Pəncərəmizə baxıram. Bizim məhəllədə tarzən Qurban Primov yaşayardı. Tarı götürüb hər dəfə flarmoniyaya konsertə gedəndə, mənə də həvəs gəlirdi ki, tar dərnəyinə gedim, tarzən olum. Bizim məhəllədə məşhur balerinamız Qəmər Almaszadə də qalırdı. Anamın əmisioğulgil ilə bir həyətdə yaşayırdı. Həmçinin, Əliağa Kürçaylı ilə qonşu idik.

Çox kasıb idik. Velosiped sürən uşaq görəndə ürəyim ağrıyardı ki, mənim niyə yoxdur. Məktəbi bitirdim, instituta daxil oldum, heç ağlıma da gəlməzdi ki, aktyor olaram, sənətkarlarla bir səhnədə çıxış edərəm.









Şahanə Rəhimli
Foto: Şahin Sərdarov
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

Azvision.az



Teqlər: Rafiq-Əzimov   Xalq-artisti  





Xəbər lenti