Xətaidə qaz kəmərləri yenidən qurulur

  16 Aprel 2019    Oxunub : 625
Xətaidə qaz kəmərləri yenidən qurulur
Xətai rayonunda qaz kəmərləri yenidən qurulur.
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən Azvision.az -a verilən məlumata görə, abonentlərin keyfiyyətli və fasiləsiz təbii qazla təmin edilməsi məqsədilə birlikdə təxirəsalınmaz işlər həyata keçirilir və yarana biləcək problemlərin operativ həlli istiqamətində zəruri tədbirlər görülür.

Bakı şəhərində və ətraf qəsəbələrdə mövcud qaz paylayıcı şəbəkələrin, küçə və dalanların qaz xətlərinin yenidən qurulması istiqamətdə işlərin icrası davam etdirilir. Dinamik artan qaz tələbatını və qaz təchizatı şəbəkəsinin mövcud texniki vəziyyətini nəzərə almaqla qaz təchizatının yaxşılaşdırılması sahəsində işlərin davam etdirilməsi, əhali abonentlərində dövlət yoxlaması vaxtı bitmiş qaz sayğaclarının yeni nəsil “smart-kart” qaz sayğacları ilə əvəz olunması istiqamətində intensiv işlər aparılır.

Paytaxtın qaz təchizatının yaxşılaşdırılması ilə əlaqədar aparılan əsaslı təmir-tikinti işləri çərçivəsində Xətai rayonu Rəşid Bağırov, Qafqaz və Nazim Şükürov küçələrində əhali istehlakçılarının mənzillərində istismar müddəti başa çatmış məişət qaz sayğaclarının yenisi ilə əvəz olunması işləri, yeni qaz kəmərlərinin çəkilməsi və istismara yararsız vəziyyətdə olan qaz avadanlıqlarının və boru xətlərinin yeniləri ilə əvəz edilməsi işləri uğurla icra olunur. Belə ki, qeyd olunan küçələr üzrə pərakəndə çəkilən qaz kəmərlərinin əsaslı təmiri və yenidən qurulması məqsədilə müxtəlif diametrli borularla 10 min metrdən çox qaz xətləri yenilənib, hazırda qaz sayğaclarının yeni çəkilmiş xətlərin üzərinə quraşdırılması işləri aparılır.

Rayon ərazisində aparılan yenidənqurma işlərinin qısa zamanda başa çatdırılması üçün müvafiq tədbirlər görülür. İşlər başa çatdırıldıqdan sonra qeyd olunan ərazidə yaşayan 4500-dək təbii qaz istehlakçılarının tələb olunan təzyiqdə, keyfiyyətli və fasiləsiz təbii qazla təminatı üçün əlavə imkan yaradılacaq.

Azvision.az

Teqlər: Azəriqaz   Xətai   Kəmər