"Bəzi ərazi orqanlarının işində nöqsanlar mövcuddur" - Ramil Usubov
Sonra gündəlikdəki məsələlər barədə məruzə ilə çıxış edən Baş Cinayət Axtarışı İdarəsinin rəisi, polis general-mayoru Arzu Daşdəmirov, Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Oqtay Kərimov və Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov müzakirə olunan məsələlərlə bağlı respublikanın daxili işlər orqanları tərəfindən görülən işləri, xidməti fəaliyyətdə əldə olunmuş nəticələri, mövcud olmuş nöqsan və çatışmazlıqları diqqətə çatdıraraq onların aradan qaldırılması yollarından və qarşıda duran vəzifələrdən danışıblar.
Məruzələr ətrafında çıxış edən bir sıra şəhər, rayon polis orqanlarının rəisləri gündəlikdəki məsələlər üzrə, həmçinin cinayətkarlıqla mübarizə və ictimai asayişin təmini sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verərək iclasda səsləndirilən iradların tezliklə aradan qaldırılacağına söz veriblər.
İclasa yekun vuran daxili işlər naziri R.Usubov əvvəlki dövrlərdə olduğu kimi, cari ilin birinci rübündə də respublikada cinayətkarlıqla mübarizədə, daxili təhlükəsizliyin, insan hüquq və azadlıqlarının qorunması sahəsində əvvəlki illərdə əldə olunmuş müsbət nəticələrin inkişaf etdirildiyini, bu işdə prokurorluq, dövlət təhlükəsizliyi və digər hüquq mühafizə orqanları ilə birgə səmərəli fəaliyyətin mühüm rol oynadığını diqqətə çatdırıb.
O, gündəlikdəki məsələlər üzrə görülən işlərin bütövlükdə qənaətbəxş olduğunu, eyni zamanda, bəzi ərazi orqanlarının işində müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu qeyd edərək onların aradan qaldırılması üçün adekvat tədbirlərin görülməsini tələb edib, həmçinin əməliyyat-xidməti fəaliyyətin bir sıra vacib istiqamətləri üzrə və aktual məsələlərə dair konkret tapşırıq və tövsiyələrini verib.
Vurğulanıb ki, təqsirləndirilən və itkin düşmüş şəxslərin axtarışı üzrə tədbirlər, ictimai yerlərdə baş verən cinayətlərin profilaktikası, şəxsi heyətin peşə hazırlığı sahələrində fəaliyyət gücləndirilməli, hər bir orqan və hissədə qanunçuluq, nizam-intizam möhkəmləndirilməli, vətəndaşların qəbulu, onların müraciətlərinə daha həssas münasibət göstərilməli, hər bir ərizə və şikayətə vaxtında və operativ baxılmalı, ümumən şəxsi heyətin tapşırılmış sahəyə məsuliyyətinin yüksəldilməsi istiqamətində işlər böyük əzmlə davam etdirilməlidir.
Yekunda nazir, general-polkovnik Ramil Usubov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi əmin edib ki, daxili işlər orqanlarının şəxsi heyəti qanunvericilikdə müəyyən edilmiş vəzifələrin, qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən bundan sonra da layiqincə gələcək, ölkədə sabitliyin, əmin-amanlığın, dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması üçün qüvvə və bacarığını əsirgəməyəcək.
Azvision.az
Teqlər: DİN Ramil-Usubov