Nazirlik uşaqlar üçün Qaynar xətt yaradır
Nazir müavini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial xidmətlər sisteminin inkişafına xüsusi qayğısı nəticəsində bu sistemin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişlənməsi üçün mühüm addımların atıldığını qeyd edib. O, nazirliyin sosial sifarişləri əsasında icra olunan layihələr çərçivəsində sosial təhlükəli vəziyyətdə olan uşaqların reabilitasiyası məqsədilə görülən işləri diqqətə çatdırıb.
A.Kərimov nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinin fəaliyyətindən bəhs edib. Müəssisədə baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların reabilitasiyası, normal həyata dönüşü üçün kompleks işlərin aparıldığını bildirib.
O vurğulayıb ki, yaradılması nəzərdə tutulan Qaynar xətt də zorakılıq, mənəvi-psixoloji təzyiq halları ilə üzləşən uşaqların operativ şəkildə dəstək tədbirləri ilə əhatə olunmasına xidmət edəcək.
Nazir müavini yaradılmaqda olan “DOST” Mərkəzlərində sosial işçilərin də fəaliyyət göstərəcəyini və onlar tərəfindən müvafiq şəxslərlə bağlı proaktiv formada sosial xidmətlərin təşkil olunacağını deyib.
Xanım M.Yuan nazirliyin baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqlara kompleks sosial xidmətlərin təmin edilməsi sahəsində gördüyü işlərin önəmini diqqətə çatdırıb. O, uşaqlar üçün yeni Qaynar xəttin yaradılması ideyasının təqdirəlayiq olduğunu, Qaynar xətt üçün qabaqcıl dünya təcrübəsinə uyğun və çevik iş mexanizmlərinin formalaşması üçün UNİCEF-in müvafiq dəstəyi təmin edəcəyini deyib.
Görüşdə uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması sahəsində birgə tədbirlərin gücləndirilməsi, zorakılıq halları baş verdikdə cavab tədbirlərinin görülməsi, eləcə də Qaynar xəttin məqsədəuyğun fəaliyyətinin qurulması üçün mütərəqqi praktikaların öyrədilməsi məqsədilə təlimlərin təşkili və s. ilə bağlı fikir mübadiləsi aparılıb.
Azvision.az