ETSN nümayəndələri Cocuq Mərcanlıda

ETSN nümayəndələri Cocuq Mərcanlıda
  19 Aprel 2019    Oxunub:1770
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) rəhbərliyi və əməkdaşlarından ibarət nümayəndə heyəti “Ekoloji bilik günü” çərçivəsində Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfər edib.
ETSN-nin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nazirliyin nümayəndə heyəti əvvəlcə “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub və respublikamızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsini dərin ehtiramla yad ediblər.

Sonra Novruz Aslanov adına kənd tam orta məktəbinin kollektivi ilə görüşən Nazirlik nümayəndələri gətirdikləri ekoloji təbliğat vasitələrini, eyni zamanda kağız, məişət və plastik tullantıların çeşidlənməsi məqsədilə hazırlanmış qutu və konteynerləri məktəbə hədiyyə ediblər.



Daha sonra Nazirliyin nümayəndələri Umayra Tağıyeva və Hikmət Əlizadə şagirdlərə ölkəmizin ekoloji vəziyyəti, iqlimi, günəş, hava, su, hava proqnozlarının hazırlanması, Azərbaycanın flora və faunası, milli parklar və qoruqlarla bağlı dərs keçib, məlumatlandırıcı səmimi söhbət aparıb və məktəblilərdə təbiətə qayğıkeş münasibətin formalaşması məqsədilə tövsiyələr veriblər.



Nümayəndə heyətinin səfəri Cocuq Mərcanlı kəndindəki sosial obyektlərlə tanışlıqla davam edib. Daha sonra xüsusi ayrılmış ərazidə ağacəkmə aksiyası keçirilib və Nazirliyin tinglik sahələrində yetişdirilmiş meyvə ağacları əkilib.

Qeyd olunub ki, “Ekoloji bilik günü” çərçivəsində Nazirliyin nümayəndələrinin növbəti görüşü Ağcabədi rayonunda davam edəcək.



Azvision.az



Teqlər: ETSN   Cocuq-Mərcanlı  





Xəbər lenti