Komitə sədri iranlı nazirlə görüşüb

Komitə sədri iranlı nazirlə görüşüb
  19 Aprel 2019    Oxunub:1916
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev ölkəmizdə səfərdə olan İran İslam Respublikasının sənaye, mədən və ticarət naziri Rza Rəhmaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a verilən məlumata görə, görüşdə İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə də iştirak edib.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev iki qonşu ölkə arasındakı əlaqələrdən söhbət açıb, Azərbaycan-İran münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib.

Səfər Mehdiyev Azərbaycan-İran münasibətlərinin son illər səmərəli və işgüzar əməkdaşlıq müstəvisində inkişaf etdiyini, iqtisadi münasibətlərin gücləndiyini, ticarət dövriyyəsinin artdığını bildirilib. Qeyd olunub ki, hər iki ölkənin strateji baxımdan beynəlxalq ticarət marşrutları üzərində yerləşməsi əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsinə təkan verir.

Qarşılıqlı münasibətlərin uğurlu inkişafından bəhs edən Komitə sədri gömrük xidmətlərinin də bu istiqamətdə təqdirəlayiq fəaliyyət göstərdiyini vurğulayıb.

Qeyd edilib ki, istər gömrük xidməti rəhbərləri səviyyəsində, istərsə də gömrük-sərhəd buraxılış məntəqələrində mütəmadi xarakter alan ikitərəfli görüşlər iki qonşu ölkənin gömrük sahəsi üzrə mövcud əməkdaşlığının davamlı inkişafında müsbət rol oynayır.

Son illərdə ölkəmizdə gömrük sahəsində aparılan islahatlardan bəhs edən Səfər Mehdiyev vurğulayıb ki, tətbiq edilən yeniliklər ölkəmizin ixrac potensialını inkişaf etdirmək, gömrük prosedurlarını sadələşdirmək, şəffaflığı təmin etməklə yanaşı, beynəlxalq ticarətin də asan və sürətlə həyata keçirilməsinə münbit şərait yaradıb.

İran İslam Respublikasının sənaye, mədən və ticarət naziri Rza Rəhmani ölkəsinin Azərbaycanla münasibətləri genişləndirməkdə daim maraqlı olduğunu deyib, bütün istiqamətlərdə, o cümlədən, gömrük sahəsində qarşılıqlı əməkdaşlıqdan razılığını ifadə edib. Qonaq birgə fəaliyyətin bundan sonra da intensivləşdirilməsinin vacibliyini bildirib.

Rza Rəhmani Azərbaycan gömrüyünün əldə etdiyi nailiyyətlərdən bəhs edərək, xüsusilə son dövrlərdə həyata keçirilən islahatları biznes mühitinin yaxşılaşdırılmasına, ticarətin asanlaşdırılmasına yönələn uğurlu addımlardan biri kimi dəyərləndirib.

Daha sonra Azərbaycan və İran gömrük xidmətlərinin nümayəndə heyətləri arasında qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə iki ölkə arasında iqtisadi münasibətlərin, ticarət dövriyyəsinin artmasına paralel olaraq beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsi, eləcə də nəqliyyat vasitələrinin, şəxslərin gömrük sərhədindən təhlükəsiz və maneəsiz keçidinin təmin edilməsi, qarşılıqlı məlumat mübadiləsinin gücləndirilməsinə dair məsələlər müzakirə olunub.

Azvision.az


Teqlər: Komitə   Sədr   İran   Nazir  





Xəbər lenti