Leyla Əliyeva “Bahar sevincləri” sərgisində - FOTOLAR

  Leyla Əliyeva “Bahar sevincləri” sərgisində -    FOTOLAR
  19 Aprel 2019    Oxunub:2700
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə sosial müəssisələrin sakinlərinin, əsasən sağlamlıq imkanları məhdud uşaq və gənclərin “Bahar sevincləri” adlı sərgisi və konsert proqramı təşkil olunub.
Azvision.az xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri də iştirak ediblər.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu cür sərgilərin nazirlik tərəfindən son bir il ərzində artıq 3-cü dəfə keçirildiyini bildirib. Nazir Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, sağlamlıq imkanları məhdud uşaq və gənclərin reabilitasiya və cəmiyyətə inteqrasiya imkanlarının artırılması istiqamətində tədbirlərin ildən-ilə genişləndirildiyini vurğulayıb.

S.Babayev Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu sahədə xüsusi dəstəyini, Fondun həssas qruplardan olan insanların qayğı ilə və reabilitasiya tədbirləri ilə əhatə olunmasında yaxından iştirak etdiyini bildirib.

O, nazirliyin sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində nümunəvi yaşayış və reabilitasiya şəraitinin yaradılmasının da Heydər Əliyev Fondunun müvafiq proqramı çərçivəsində reallaşdığını diqqətə çatdırıb.

“Bahar sevincləri” şənliyinin ərazisində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində fəaliyyət göstərən sosial müəssisə sakinləri, ictimai birliklər, nazirliyin maliyyə dəstəyi ilə və himayəsində olan inklüziv teatr və yaradıcılıq birlikləri öz yaradıcılıq bacarıqlarını nümayiş etdiriblər.

Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaq və gənclərin, sosial müəssisə sakinlərinin əl işlərindən ibarət sərgiyə baxıb. Rəssamlıq, bədii oyma, toxuculuq növləri üzrə təqdim olunan əl işlərində onların müəlliflərinin həyata nikbin baxışları, arzu və düşüncələri, Vətənə sevgi hissləri, Azərbaycan təbiətinin gözəllikləri, zəngin milli-mənəvi dəyərlərimiz ifadə olunub.

Qeyd olunub ki, hər bir sosial müəssisədə sakinlərin yaradıcılıq meylləri nəzərə alınmaqla müxtəlif dərnəklər, təlim kursları təşkil olunub, onların müvafiq incəsənət sahələrində bacarıq və qabiliyyətləri inkişaf etdirilir. Həmçinin musiqi və rəqs təlimi kursları təşkil olunub, əlilliyi olan şəxslərdən ibarət musiqi və rəqs kollektivi yaradılıb, onlar üçün xüsusi rəqs və səhnə geyimləri və musiqi repertuarları hazırlanıb. Sosial müəssisələrdən və sığınacaqlardan olan uşaq və yeniyetmələr üçün mütəmadi olaraq xüsusi ekskursiyalar və təlim kursları təşkil olunur, onların düzgün tərbiyəsi, mənəvi inkişafı və cəmiyyətə inteqrasiya olunmaları üçün məqsədyönlü strategiya həyata keçirilir.

Əl işlərinin müəllifləri ilə söhbət edən Leyla Əliyeva onlara gələcək yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayıb.

Milli kulinariya guşəsinə də baxış olub, burada balaca uşaqlar qutab bişirmə, yuxa yayma, düşbərə bükmə qabiliyyətlərini nümayiş etdiriblər. Daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti xalçaçılıq guşəsi ilə tanış olub, xalça toxuyan gənclərlə söhbət edib.

Sonra konsert proqramı təqdim edilib. Gözdən əlilliyi olan şəxslər Gülnar Rəhimova, Seymur Əliyev və Gülnar Novruzova mahnılar ifa edib, sağlamlıq imkanları məhdud uşaqlardan, eləcə də daun və autizm sindromlu uşaqlardan, lal-kar uşaqlardan, əlilliyi olan şəxslərdən, hemofiliyalı uşaqlardan ibarət rəqs qruplarının çıxışları olub.

İdman guşəsi ilə tanış olan Leyla Əliyeva burada BOCCIA İdman Federasiyasının idmançıları ilə görüşüb. Azərbaycanda BOCCIA idmanı Leyla Əliyevanın təşəbbüsü ilə yaradılaraq ildən-ilə inkişaf edib. Bu idman növü üzrə milli komandamız beynəlxalq yarışlarda artıq ilk qələbələrə imza atıblar.

Əlilliyi olan şəxslər BOCCİA, qılıncoynatma, parataekvando, oxatma, güllə atıcılığı növlərində öz məharətlərini göstəriblər. Leyla Əliyeva idmançılara yeni-yeni uğurlar arzulayıb.



















Aytən Zəhra
Azvision.az


Teqlər:





Xəbər lenti