“Poroşenkonun “səhvlərinin nəticəsi” prezident olmağa yaxındır” - Politoloq

 “Poroşenkonun “səhvlərinin nəticəsi” prezident olmağa yaxındır” -  Politoloq
  20 Aprel 2019    Oxunub:2913
"Ukraynada prezidentliyə namizədlər arasında stadionda keçirilən debatda Pyotr Poroşenko qələbə çala bilmədi, Vladimir Zelenski də məğlub olmadı. Halbuki, debat təklifi Poroşenkodan gəlmişdi"
Azvision.az xəbər verir ki, bunu Ukraynada prezidentliyə namizədlərin debatını dəyərləndirən politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, debatda Poroşenkonun planları baş tutmayıb.

"Hazırki prezident düşünürdü ki, siyasətdə naşı olan komediya artistini darmadağın edib birinci turun nəticəsinə görə aralarındakı fərqi azaldacaq. Alınmadı. Ona görə alınmadı ki, Poroşenkonun prezident olduğu illərdə səhvləri olub və Zelenski sualları ilə həmin nöqtələrə vururdu. Ancaq Zelenski də Ukraynanı necə inkişaf etdirəcəyinə dair heç nə deyə bilmədi. Çünki artistin konkret proqramı yoxdur. Zelenski debatın ən yadda qalan və əvvəlcədən hazırlanmış fikrini bu şəkildə söylədi: "Cənab Poroşenko, mən siyasətçi deyiləm, mən sizin səhvlərinizin nəticəsiyəm". Beləliklə, sabah seçkidir. Poroşenkonun "səhvlərinin nəticəsi" prezident olmağa yaxındır", - deyə politoloq vurğulayıb.



Qeyd edək ki, ötən gün Ukraynada prezidentliyə namizəd, şoumen Vladimir Zelenski ilə ölkənin hazırki rəhbəri Pyotr Poroşenko arasında debat keçirilib. Namizədlərin debatı Kiyevin "Olimpiya" stadionunda minlərlə vətəndaşın qarşısında baş tutub. Onlar seçki platformalarını açıqlayıblar. Zelenski və Poroşenko debatda əsasən əmək haqları, pensiya, sosial islahatlar, ordu quruculuğu və korrupsiya ilə bağlı çıxışlar ediblər.

Azvision.az



Teqlər: Ukrayna   Poroşenko  





Xəbər lenti