Niyə Poroşenko yox, Zelenski seçildi? - Politoloq şərh edir

  Niyə Poroşenko yox, Zelenski seçildi? -    Politoloq şərh edir
  22 Aprel 2019    Oxunub:6215
"Vladimir Zelenski Ukraynanın prezidenti seçildi. Bu, gözlənilən idi. Bütün rəy sorğuları seçkinin birinci və ikinci turundan əvvəl Zelenskinin xeyrinə idi"
Azvision.az xəbər verir ki, bunu Ukraynadakı prezident seçkilərini şərh edən politoloq, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.

Politoloq Poroşenkonun seçkidə niyə məğlub olmasına aydınlıq gətirib. Vurğulayıb ki, Poroşenko prezident seçiləndə Ukraynanı dağılmış vəziyyətdə qəbul etmişdi.

"Krım artıq ilhaq olunmuş, Donbasın yarısından çoxu işğal olunmuşdu. Bundan başqa ordu və təhlükəsizlik sistemi dağılmışdı. Çünki, keçmiş prezident Viktor Yanukoviçin dövründə Ukrayna ordusunun və təhlükəsizlik isteminin idarəetməsi Rusiya kəşfiyyatının nəzarətində idi. Yanukoviç ölkəni tərk edən kimi həm ordu, həm də təhlükəsizlik sistemi dağıldı. Odur ki, Poroşenkonun prezident vəzifəsində ilk işi ordunu və təhlükəsizlik sistemini qurmaq oldu. Poroşenko buna ağır əziyyətlə nail oldu".



Onun sözlərinə görə, Poroşenko iqtisadiyyatdakı və sosial sahədəki ağır problemləri həll edə bilmədi, milli pul vahidi dəyərdən düşdü: "Ukraynanın borcları artdı, dağılmış sənayeni bərpa etmək mümkün olmadı. Poroşenkonun dövründə Ukraynanı tərk edənlərin də sayı artdı. Bundan başqa yeni qurulan Ukrayna ordusu Donbasda ağır məğlubiyyətlərlə üzləşdi, ordu Debaltsevo məntəqəsində ağır itkilər verdi. Poroşenko insanların çox arzuladığı oliqarxik sistemə son qoya bilmədi. Bəlkə də, bu onun imkanı xaricində idi. Çünki birincisi özü də oliqarxdır və əlindəki maliyyə imkanlarından imtina edə bilməzdi. İkincisi, Ukraynada oliqarxik sistem müstəqillik illərindən qurulub və bunu neytrallaşdırmaq ən güclü prezidentin belə imkanı xaricindədir. Oliqarxlar öz adamları vasitəsilə ölkədə mümkün olan hər şeyə nəzarət edirlər. Bütün bunlar Poroşenkonun reytinqinə mənfi təsir etdi".



Bəs, Vladimir Zelenski niyə qələbə çaldı?

Politoloqun fikrincə, Zelenski artist və yumoristik proqramın aparıcısı kimi məşhurluq qazanıb. Zelenskinin yeganə üstünlüyü onda idi ki, nə qədər əcaib səslənsə də, siyasətçi deyil: "Ukraynalıların böyük əksəriyyəti mövcud idarəetmədən və siyasətçilərdən beziblər, çünki verilən vədlər yerinə yetirilməyib. Ona görə də vətəndaşlar yeni simaya üstünlük verməyə qərar verdilər. Birinci turdan sonra Poroşenko rəqibindən geri qalırdı, ancaq kiçik ehtimal var idi ki, prezident debatda fərqi aradan qaldıracaq. Alınmadı. Əksinə artist debatda Poroşenkonu zəif nöqtələrdən vurdu".

Bundan sonra nə baş verəcək? Zelenskinin daxili və xarici siyasəti necə olacaq?



E.Şahinoğlu hesab edir ki, Vladimir Zelenski oliqarxik sistemi dəyişə bilməyəcək. Bu onun əlində deyil. Əksinə Zelenskiyə kənardan dəstək verən oliqarx İqor Kolomoyski sürgündən qayıdıb yenidən “iş başına” keçəcək. O biri oliqarxlar da fəallaşacaqlar.

"Vladimir Zelenskinin dağılmış iqtisadiyyatı düzəltmək üçün milyardlarla dollar investisiyalara ehtiyacı var. Çətin ki, Qərb dövlətləri və beynəlxalq maliyyə instituları həmin milyardları yeni prezidentə versinlər. Poroşenko qərbpərəst siyasətinə rəğmən, istədiyi investitiyaları ala bilmədi. Zelenski isə Qərb üçün "qara qutu"dur. Digər tərəfdən Zelenskinin iqtisadi proqramı haqqında da məlumat yoxdur.



Bundan əlavə, Vladimir Zelenskinin Krım və Donbass siyasəti bəlli deyil. Əlbəttə, Zelenski Krımın ilhaqını və Donbassın işğalını qəbul etmir. Ancaq Zelenski Poroşenkonun Rusiya ilə bağlı sərt siyasətini davam etdirməyə də bilər. Məsələn, Rusiya prezidenti Vladimir Putin Vladimir Zelenski ilə görüşmək istəyə bilər. Əgər Zelenski Putinin təklifinə müsbət yanaşsa, iki hadisə baş verəcək. Ukrayna millətçiləri küçələrə axışacaq və ölkədə növbəti qarşıdurma yaranacaq. Bundan başqa Zelenskinin Rusiya ilə dialoqa başlaması Ukraynanın xarici siyasətində ciddi korrektəyə səbəb olacaq ki, Kremlə də elə bu lazımdır. Rusiyaya qarşı bütün sanksiyalar Ukrayna torpaqlarının parçalanmasına görə həyata keçirilir. Əgər Ukraynanın yeni prezidenti bunu həzm etməyə hazırlaşacaqsa, Qərbin Rusiyaya qarşı sanksiyalarının aktuallığı azalacaq. Bu, bir sıra Avropa dövlətinin də arzusudur. Aydındır ki, Vladimir Zelenski torpaqları güc yolu ilə geri qaytarmağa hazır deyil. Zelenski müharibə istəmir. Prezidentin bu zəifliyi orduda və təhlükəsizlik orqanlarında ona qarşı gizli etirazı artıracaq".

Politoloqun sözlərinə görə, Zelenski Avropa İttifaqına üzvlüyü qarşısına hədəf qoysa da, NATO ilə bağlı fərqli siyasət yürüdə bilər. Poroşenkonun NATO-ya üzvlük hədəfi birmənalı idi. Zelenski NATO-ya üzvlük hədəfindən yayına bilər ki, bu da Kremlin xeyrinə olacaq.

"Vladimir Zelenskinin ən zəif tərəflərindən biri də onun parlamentdə fraksiyasının olmamasıdır. Ukranyada oktyabr ayında parlament seçkisi keçiriləcək. Zelenski oktyabra qədər hazırki yüksək reytinqini qoruya bilsə, rəhbəri olduğu “Xalqın xidmətçisi” hərəkatını parlamentdə yüksək təmsilçiyini təmin edəcək. Ancaq ona qədər Ukraynada proseslər tərs də gedə bilər. Ukrayna xalqının hər dəfə seçdiyi prezidentlərdən gözləntiləri böyük olduğu kimi onlardan üz döndərmələri də uzun çəkmir. Bunu Ukraynanın yaxın tarixdə örnəkləri az deyil. Zelenski siyasətçi olmayan üstünlüyü onun əleyhinə çevrilə bilər. Zelenskinin siyasətdə təcrübəsinin olmaması və komandasındakı fiqurların yanlış qərarları ona baha başa gələ bilər. Onu da unutmayaq ki, Ukraynadakı parlament seçkisinə Rusiya da ciddi hazırlaşır, Ukraynadakı tərəfdarlarını və siyasi qruplarının təmsilçilik hüququnu artırmağı qarşısına məqsəd qoyub".



E.Şahinoğlu qeyd edib ki, Zelenskinin Cənubi Qafqaz və Azərbaycan siyasəti haqqında da düşünmək məcburiyyətindəyik: "Ukrayna GUAM-ın üzvü kimi Azərbaycanın strateji tərəfdaşıdır. Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynada investisiyaları var. İki ölkə arasında yük daşımaçılığı artır. Ukraynanın keçmiş prezidentlərinin Azərbaycana müsbət münasibətləri olub və Azərbaycanın dəyərini anlayırdılar. Poroşenko Azərbaycana rəsmi səfər etmişdi. Prezident İlham Əliyev onunla yaxın münasibətlər qurmuşdu. Yeni prezidentin də bu əlaqələri davam etdirilməsi vacibdir. Bunu Zelenskiyə onun müşavirləri və təyin edəcəyi yeni xarici işlər naziri də anladacaq. Onlar Zelenskinin Azərbaycana ilk rəsmi səfərini də hazırlayacaqlar. Əsas odur ki, Zelenskinin artist dostları arasında ermənilərin çoxluq təşkil etməsinə baxmayaraq, yeni prezident ölkəsinin Cənubi Qafqazdakı maraqlarının Azərbaycanla strateji əməkdaşlıqdan keçdiyini qəbul etsin".

Azvision.az


Teqlər: Ukrayna   Poroşenko   Zelenski  





Xəbər lenti