“Zelenski Azərbaycanla münasibətləri korlaya bilməz” - Politoloq

“Zelenski Azərbaycanla münasibətləri korlaya bilməz” -  Politoloq
  22 Aprel 2019    Oxunub:3007
Ötən gün Ukraynada keçirilən prezident seçkilərinin ikinci turunda aktyor Vladimir Zelenski qələbə qazanıb. O, böyük səs çoxluğu ilə hazırki ölkə başçısı Petro Poroşenkonu məğlub edərək Ukrayanın yeni prezidenti seçilib. Bəs Zelenskinin Cənubi Qafqaz və Azərbaycan siyasəti necə olacaq?
Sabiq diplomat, politoloq Fikrət Sadıqov AzVision.az -a bildirib ki, iki ölkə arasındakı münasibətlərdə mənfi mənada dəyişiklik olmamalıdır: “Ukrayna və Azərbaycanı bir sıra oxşar problemlər birləşdirir. Ərazi bütövlüyü problemi, separatçılıq, bir sıra aparıcı ölkələrlə qeyri-sabit münasibətlər və.s. Prezidentlər Kuçma, Yanukoviç, Poroşenko dövründə Ukrayna-Azərbaycan münasibətləri kifayət qədər normal olub, qarşılıqlı şəkildə inkişaf edib”.

Politoloq Zelenskinin Ukraynada yeni sima olduğunu deyib: “Zelenski siyasətçi deyil. Yeni bir fiqur, simadır. Amma bu heç də o demək deyil ki, Azərbaycanla münasibətləri korlaya, münasibətlərə xələl gətirə bilər. Təbii ki, münasibətləri korlaya bilməz. Hesab edirəm ki, bu münasibətlər əvvəlki səviyyədə inkişaf etməlidir. Çünki Zelenski başa düşür ki, Azərbaycan Ukraynanın müttəfiqidir. Azərbaycanla bir sıra sazişlər var. Azərbaycan və Ukraynanın maraqlarına cavab verən münasibətlər bundan sonra da inkişaf etməlidir. Bizim ənənəvi tarixi yolumuz göstərir ki, şəxsiyyətlərdən asılı olmayaraq, münasibətlər həmişə normal səviyyədə irəliləyir. Yəni Ukrayna-Azərbaycan münasibətləri şəxsiyyətlərdən asılı deyil”, - deyə F.Sadıqov vurğulayıb.

F.Sadıqov qeyd edib ki, Zelenski siyasətə yeni gələn insan olsa da, prezident seçkiləri dövründə apardığı kampaniya dövründə Azərbaycana qarşı heç bir ifadə işlətməyib: “Düşünürəm ki, münasibətlərdə ciddi dəyişikliklər olmamalıdır. Doğrudur, indidən nəyisə təkidlə demək çox çətindir. Çünki erməni dairələrində müəyyən qüvvələr var və onların təsir gücü kifayət qədər genişdir. Amma dövlətin maraqları var. Belə hallarda ilk növbədə dövlət maraqları ön plana çəkilir. Dostluq, tanışlıq geridə qalır. Əsas maraqlardır. Əgər Zelenski maraqları üstün tutacaqa, münasibətlər həmin səviyyədə inkişaf edəcək”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Zelenski   Ukrayna  





Xəbər lenti