Orduda İsmayıl Şıxlının yubileyi qeyd olunub

Orduda İsmayıl Şıxlının yubileyi qeyd olunub
  22 Aprel 2019    Oxunub:1575
Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu istedadlı nasir, tanınmış ədəbiyyatşünas, Xalq yazıçısı, pedaqoq və ictimai xadim İsmayıl Şıxlının anadan olduğu Qazax rayonunda görkəmli şəxsiyyətin adını daşıyan bağda onun abidəsini ziyarət edərək qarşısına gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, qrupu müşayiət edən Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani əvvəlcə yubileyi dövlət səviyyəsində qeyd edilən korifey sənətkarın həyat və yaradıcılığı barədə ətraflı məlumat verib.

O bildirib ki xalqın tarixində müstəsna xidmətləri olan elm, ədəbiyyat, incəsənət xadimlərinin, eləcə də sərkərdələrimizin yubileylərinin qeyd olunması haqqında Prezident sərəncamları Azərbaycan Ordusunda da geniş şəkildə həyata keçirilir. Bu mötəbər insanların həyat və fəaliyyətləri, Vətən qarşısında xidmətləri haqqında şəxsi heyətə ətraflı məlumat verilir, onların nümunəsində əsgərlər milli-mənəvi dəyərlər əsasında tərbiyə edilir, hər bir döyüşçüdə yüksək vətənpərvərlik hissi, döyüş ruhu aşılanır. Xalq yazıçısı İsmayıl Şıxlının mənalı ömür yolu mülki həyatda olduğu kimi, ordu həyatında da gənclərin Vətənə, dövlətə, xalqa sədaqət ruhunda tərbiyə edilməsində, onlarda yüksək əxlaqi və iradi keyfiyyətlərin aşılanmasında mühüm rol oynayır.

A.Qurbani dövlət başçısının müvafiq sərəncamına istinad edərək hərbi qulluqçuların nəzərinə çatdırıb ki, İsmayıl Şıxlı koloritli xarakterli və yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik surətlərlə zəngin yaradıcılığı ilə Azərbaycan bədii fikir salnaməsinə yeni parlaq səhifə yazmış söz ustalarındandır. Taleyüklü məsələlərə münasibətdə daim vətəndaş ziyalı mövqeyi nümayiş etdirmiş İsmayıl Şıxlının fəaliyyəti bütünlükdə azərbaycançılıq məfkurəsinə sədaqətin və ənənəvi dəyərlərə ehtiramın bariz nümunəsidir.

Abidə qarşisinda keçirilən anım tədbirində İsmayıl Şıxlı ədəbiyyatşunas, publisist, yazıçı, pedaqoq, ssenarist, ictimai xadim olmaqla yanaşı həm də mübariz döyüşçü kimi xatırlanıb. Axı onun gəncliyi Böyük Vətən müharibəsinin odlu-alovlu cəbhə yollarında keçib. Şimali Qafqaz, Krım, Üçüncü Belarusiya cəbhəsi və Şərqi Prussiya istiqamətində döyüşən orduda igid əsgər kimi ad çıxarıb. Göstərdiyi şəxsi şücaətə görə “Qırmızı Ulduz” və ikinci dərəcəli “Böyük Vətən müharibəsi” ordenlərinə layiq görülüb. Yaradıcılığında vətənpərvərlik mövzusu əsas yer tutur “Kerç sularında“, ”Dağlar səslənir”, ”Cəbhə yolları”, ”Xatirəyə donmuş illər“, ”Ayrilan yollar” əsərləri bu gün də aktualdır. Onun əsərləri və ssenariləri əsasında çəkilmiş ”Dəli Kür”, ”Bizim qəribə taleyimiz”, ”Kürə qarışan ömür”, ”Nə yaxşı ki, dünyada Səməd Vurğun var” və başqa filmləri yenə də tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır. İsmayıl Şıxlı ömrü bir məktəbdir və bu məktəbdən bəhrələnənlər Vətənə həmişə layiq övladlar kimi yetişirlər.

Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair-publisist Barat Vüsal Müdafiə Nazirliyinin görkəmli elm, mədəniyyət, ədəbiyyat, həmçinin hərb xadimlərinin təbliğindəki fəaliyyətini yüksək dəyərləndirib və bu işin əsl vətənpərvər döyüşçülərin yetişdirilməsində mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. O deyib: “Bu gün mən əsgərlərimizin bir qrupunu İsmayıl Şıxlının abidəsi qarşısında görürəm. Onlar Azərbaycan ədəbi fikir tarixində özünəməxsus yeri olan unudulmaz sənətkarımızı yad etmək üçün buradadırlar. Bu, məni çox sevindirir. Tarixini yaxşı bilməyən, ədəbiyyatına, mədəniyyətinə, soykökünə yaxından bələd olmayan, milli-mənəvi dəyərlərə yiyələnməyən gənc vətənpərvər ola bilməz, yaxşı döyüşçü olmaz. Vətən uğrunda, torpaq uğrunda canından keçməz. Bu mənada, şəxsən mən Müdafiə Nazirliyinin bu istiqamətdə təşəbbüslərini alqışlayıram” .

Şair Barat Vüsal İsmayıl Şıxlının ”Qabaqda çarpışmalar çoxdur. Qalib çıxmaq üçün sərkərdə ilə qoşunun birliyi lazımdır. Sərkərdəni sərkərdə edən onun ordusudur, ordunu ordu edən isə onun sərkərdəsidir” kəlamını xatırladaraq əlavə edib ki, bu gün sərkərdə ilə ordumuzun qırılmaz birliyi var. Biz bu birliyi: ordunu ordu edən sərkərdənin qətiyyətini və sərkərdəni sərkərdə edən ordumuzun gücünü 2016-cı ilin Aprel döyüşləri zamanı və ötən ilin may ayında Naxçıvan Muxtar Respublikasında Günnüt kəndinin, Qizilqaya zirvəsi və digər yüksəkliklərin azad edilməsi və on bir min hektar ərazinin nəzarətə götürülməsi ilə nəticələnən döyüş əməliyyatlarında bir daha gördük. Bu birlik sayəsində biz işğal altında olan digər torpaqlarımızı da azad edəcək və Azərbaycanın ərazi bütövlüyünün bərpasına nail olacağıq. Bu, heç kimdə şübhə doğurmur.

Şair sonra İsmayıl Şıxlı ilə bağlı xatirələrini danışıb, mənəvi ustadına həsr etdiyi yeni şeirini oxuyub. Xalq yazıçısı İsmayıl Şıxlının tələbələrindən olan Çaylı kənd tam orta məktəbinin dil-ədəbiyyat müəllimi Məmməd Qocayev ata qədər sevdiyi müəllimini yada salıb, bu gün də gənc nəslin təlim-tərbiyəsində onun zəngin pedaqoji təcrübəsindən geniş istifadə etdiyini bildirib.

Məmməd müəllim Azərbaycan Ordusuna iki zabit oğul bəxş etdiyi üçün özünü xoşbəxt sandığını fəxrlə dilə gətirib. İsmayıl Şıxlının bacısı oğlu sazbənd Sabit Məmmədov Xalq yazıçısının ailə üzvləri adından Azərbaycan Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə dayısı Xalq yazıçısı İsmayıl Şıxlıya göstərilən ehtirama görə minnətdarlıq edib. Hərbi qulluqçular sonra “Fəxri Qazaxlılar“ parkını ziyarət edib, Ədəbiyyat muzeyinin ekspozisiyası ilə tanış olublar.

Azvision.az


Teqlər: Ordu   MN  





Xəbər lenti