ABŞ-ın Azərbaycandakı səfiri ADU-da olub

  22 Aprel 2019    Oxunub : 841
ABŞ-ın Azərbaycandakı səfiri ADU-da olub
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Amerika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş səfiri Örl Litzenberqerlə görüşüb.
Universitetdən Azvision.az -a verilən məlumata görə, səfiri yeni təyinatı münasibəti ilə təbrik edən rektor Azərbaycan və ABŞ arasında olan yüksək səviyyəli ikitərəfli münasibətlər haqqında danışıb.

Kamal Abdulla ümidvar olduğunu bildirib ki, Örl Litzenberqerin səyləri nəticəsində ikitərəfli əlaqələr bundan sonra da uğurla inkişaf edəcək. Azərbaycanın çoxmillətli ölkə olduğunu deyən rektor xüsusi vurğulayıb ki, multikulturalizm siyasəti ölkəmizdə uğurla həyata keçirilir.

ADU-nun rektoru ABŞ səfirinə universitetdə fəaliyyət göstərən “Səfir saatı” layihəsi haqqında məlumat verib. Ölkəmizdə fəaliyyət göstərən diplomatların “Səfir saatı” layihəsi çərçivəsində tələbələrlə görüşünü uğurlu təcrübə kimi dəyərləndirən Kamal Abdulla diplomatı mühazirə deməyə dəvət edib.

Örl Litzenberqer səmimi qəbula görə təşəkkürünü bildirib. Azərbaycanın mədəniyyəti, azərbaycanlıların qonaqpərvərliyi haqqında yüksək fikirlər səsləndirən səfir eyni zamanda Azərbaycan Dillər Universitetinin Bakı Amerika Mərkəzinin uğurlu fəaliyyətinə də toxunub: “Azərbaycan məndə olduqca xoş təəssürat yaradıb. Azərbaycanlıların qonaqpərvərliyinə heyran olmuşam. Dillər Universiteti tanınmış ali məktəbdir və bu təhsil ocağında olmaqdan çox məmnunam. Bilirəm ki, universitetdə ingilis dilinin sirlərini yaxından öyrənən, onun tədrisi ilə məşğul olan istedadlı elmi mütəxəssislər var. Sizinlə – tanınmış elm xadimi və yazıçı ilə şəxsən tanış olmaq fürsətindən şərəf duyuram. Bu görüşümüz Azərbaycan dilini öyrənmək həvəsimi bir qədər də gücləndirdi. Sizə və kollektivinizə minnətdaram ki, Bakı Amerika Mərkəzinə qucaq açmısınız. Bu, mənim və mənim ölkəm üçün çox dəyərlidir”.

Səfir əlavə edib ki, diplomatik fəaliyyətində tələbə mübadiləsini gücləndirməyə, mübadilə proqramlarını inkişaf etdirməyə xüsusi diqqət göstərəcək: “Bu, mənim əsas məqsədlərimdən biridir. Azərbaycanın hər yerində tələbələrin ingilis dilini öyrənməsi imkanlarını artırmaq da əsas hədəflərdən biridir. İlkin müşahidəm odur ki, azərbaycanlı gənclər ingilis dilini öyrənməyə böyük maraq göstərirlər. “Səfir saatı” layihəsində mühazirə oxumağı isə böyük məmnuniyyətlə qəbul edirəm”.

Azvision.az

Teqlər: ABŞ   Səfir   ADU