V Dünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq gedir

V Dünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq gedir
  23 Aprel 2019    Oxunub:2791
Aprelin 23-də 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Bakı şəhərində keçirilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinə daxil olan dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə iclası keçirilib.
Azvision.az xəbər verir ki, aprelin 23-də Bakı Konqres Mərkəzində Foruma hazırlıq işləri müzakirə olunub.

Təşkilat Komitəsinin sədri, mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək hazırlıq işlər və qarşıda duran vəzifələrdən danışıb.

Bildirilib ki, mayın 2-3-də Bakıda Azərbaycan hökuməti, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESKO ilə birlikdə “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna keçiriləcək.

Ə. Qarayev vurğulayıb ki, 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Bakı prosesi” 10 il ərzində müxtəlif qitələrdə yaşayan fərqli etnik, mədəni, dini və linqvistik mənsubiyyəti olan ayrı-ayrı insanlar və qruplar arasında qarşılıqlı anlayış və hörmət çərçivəsində səmimiyyət və qarşılıqlı hörmətə əsaslanan fikir mübadiləsi üçün pozitiv platforma yarada bilib.

Nazir bildirib ki, ötən müddət ərzində forumun coğrafiyası çox genişlənib. Nəticədə tədbirə qoşulan qurumların sayı xeyli artıb. Budəfəki foruma Latın Amerikası ölkələrindən tutmuş Səudiyyə Ərəbistanı, Kolumbiya, Böyük Britaniya, Peru kimi dövlətlərin təmsilçiləri qatılacaq. Ümumilikdə bu beynəlxalq statuslu forumda 35 beynəlxalqa təşkilat və 100-dən çox ölkəni təmsil edən nümayəndələr iştirak edəcək. Hazırda foruma qeydiyyat davam edir. Forumda bir çox ölkələr xarici işlər, mədəniyyət nazirləri, parlament sədrləri səviyyəsində təmsil olunacaq. Bu beynəlxalq tədbirin mövzusu UNESCO tərəfindən təsdiqlənib və dünya üçün aktualdır. Panellərin bir çoxu iştirakçı qurumlar tərəfindən təşkil olunacaq.

Tədbir BMT tərəfindən təşkilatın televiziyasında və rəsmi internet səhifəsi üzərindən canlı yayımlanacaq.

Qeyd edilib ki, 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində insan həmrəyliyini yaratmaq və müxtəlif icmalarda zorakılığa və ayrı-seçkiliyə qarşı mübarizədə yerli insanlara kömək etmək üçün (praktiki strategiya kimi) mədəniyyətlərarası dialoqun mühüm rolu öyrəniləcək.



Bundan başqa, Forum çərçivəsində mədəniyyətlərarası dialoq və insan ləyaqətini təbliğ etməklə inklüziv və davamlı cəmiyyətlərin qurulmasında dövlət, özəl və üçüncü sektoru təmsil edən təşkilatlar üçün ümumi yol xəritəsini hazırlamaq məqsədilə digər maraqlı tərəflərlə yanaşı, həm də siyasi, iqtisadi, maliyyə, hərbi, humanitar və sosial təşkilatlar arasında tərəfdaşlığın formalaşdırılması üçün beynəlxalq təşkilatların və nazirlərin 2-ci yüksək səviyyəli görüşü keçiriləcək. Eyni zamanda 2 gün ərzində “Akademik Forum: dinlərarası dialoq və dini müxtəlifliyin idarə olunması”, “Müxtəlifliyin idarə olunması: çoxsəviyyəli və çoxtərəfli əməkdaşlıq”, “Qlobal vətəndaşlıq təhsili: sülh mədəniyyətinin aşılanması”, “Sülh naminə çoxtərəflilik və diplomatiya”, “Türkdilli ölkələr arasında dialoqun qurulmasında Böyük İpək Yolunun rolu” və digər mövzularda plenar sessiya və aralıq sessiyalar keçiriləcək. Həmçinin tədbir günlərində qonaqlar üçün sərgilər açılacaq, musiqili proqramlar təşkil ediləcək. Sonda nazir mövcud hazırlıq vəziyyəti ilə maraqlanıb və bütün aidiyyəti qurumlara tapşırıq və tövsiyələrini verib.

Qeyd edək ki, BMT Baş katibinin BMT-nin Baş Assambleyasına ünvanlandığı mədəniyyətlərarası və dinlərarası dialoq və sülh mədəniyyəti barədə illik hesabatda (2017-ci il) “Bakı prosesi” çərçivəsində bu günə qədər əldə olunan uğurlarla yanaşı, mədəniyyətlərarası dialoqun təbliği üçün əsas qlobal platforma kimi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna istinad edilib.

Azvision.az



Teqlər:





Xəbər lenti