Fitosanitar Xidmət təlim keçib

Fitosanitar Xidmət təlim keçib
  24 Aprel 2019    Oxunub:1821
Saatlı Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin (DFX) Respublika Bitki Mühafizəsi Mərkəzinin təşkilatçılığı ilə çəyirtkəkimilərə qarşı mübarizə tədbirləri çərçivəsində pestisidlərdən istifadə qaydaları və təhlükəsizlik tədbirlərinə dair təlim keçirilib.
Dövlət Fitosanitar Xidmətindən Azvision.az -a bildiriblər ki, Saatlı, İmişli, Sabirabad, Biləsuvar və Salyan rayon bitki mühafizəsi mərkəzlərinin mütəxəssislərinin və fermerlərin iştirakı ilə baş tutan təlimdə kimyəvi mübarizə zamanı pestisidlərin düzgün seçimi, texniki vasitələrin, eyni zamanda, çiləyici aqreqatların nizamlanması, çiləyici ucluqlarının kalibrovka olunması, işçi məhlulun hazırlanması üçün istifadə olunan suda pH-mühitinin təyin edilməsi, işçi personalın pestisidlərin təsirindən qorunması üçün xüsusi geyim vasitələrindən istifadə və digər məsələlər müzakirə olunub.

Təlimdən sonra Dövlət Fitosanitar Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri yerli qurumların nümayəndələri və fermerlərlə birlikdə çəyirtkəkimilərlə sirayətlənmiş Küdrü düzü ərazisində və dövlət fondu torpaqlarında sahə müşahidələri aparıblar. Həmçinin sahələrdə Mərakeş çəyirtkəsinə və digər çəyirtkəkimilərə qarşı kompleks mübarizə tədbirlərinin aparılması, mübarizə tədbirlərinin çevikliyinin təmin olunması, ultra kiçikhəcmli çiləyici aqreqatlar vasitəsilə aparılan mübarizə işlərinin səmərəliliyi məsələləri müzakirə edilib.

Qeyd edək ki, kimyəvi mübarizə tədbirlərinin vaxtında aparılması, zərərvericinin daha geniş ərazilərə yayılmasının, eləcə də kənd təsərrüfatı əkinlərinə zərər vurmasının qarşısını alınması məqsədilə rayonlarda operativ qərargahlar yaradılıb, lazımi avadanlıqlarla təmin olunub. Ərazilərində çəyirtkəkimilərlə sirayətlənmə müşahidə olunan rayonların icra hakimiyyətləri, rayon DAİM-ləri, fermerlər və digər qurumlar çəyirtkəkimilərə qarşı aparılan tədbirlər barədə məlumatlandırılıb və DFX-nin yerli qurumlarına müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.

Respublika Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən respublikanın bütün regionlarında kənd təsərrüfatı bitkilərinin zərərli orqanizmlərinə qarşı mübarizə tədbirləri barədə fermerlər və digər torpaq mülkiyyətçiləri ilə mütəmadi maarifləndirmə işləri aparılır, onlara lazımi metodiki köməklik göstərilir.

Azvision.az


Teqlər: DFX   Təlim  





Xəbər lenti