Masazırda 3 nəfəri güllələyən komendant tutuldu

  28 Aprel 2019    Oxunub : 1744
Masazırda 3 nəfəri güllələyən komendant tutuldu
Abşeron Rayon Prokurorluğu ötən gün axşam Masazır qəsəbəsində baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb.
Prokurorluqdan Azvision.az -a verilən məlumata görə, aprelin 27-si saat 16:30 radələrində Abşeron rayonunun Masazır qəsəbəsinin Əliağa Vahid küçəsində fəaliyyət göstərən "Günəş" alqı-satqı ofisinin qarşısında "Yeni Bakı" Yaşayış Kompleksinin komendantı Ehtiram Yusifov şəxsi münasibətlər zəminində həmin ofisdə işləyən Talıbov Məmməd, Qasımov Kamran və Zaur Gəncəliyevə "Vinçester" markalı odlu silahdan atəş açaraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Həmin şəxslər 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.4-cü (Xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.

Cinayəti törətməkdə şübhəli bilinən Ehtiram Yusifov iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq, əməliyyat tədbirləri davam etdirilir.

Azvision.az

Teqlər: Prokurorluq   Masazır