Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Ali Məclisi Senatının sədri ilə görüşüb
Söhbət zamanı Milli Məclisin sədri ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu deyib. Dövlətlərimiz arasında hərtərəfli əlaqələrin inkişafında prezidentlərin qarşılıqlı səfərlərinin, aparılan danışıqların önəmli rol oynadığını xüsusi qeyd edib. O, Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın inkişaf etdirilməsi, strateji tərəfdaşlığın dərinləşdirilməsi ilə bağlı imzalanmış sənədlərin vacibliyindən danışıb.
Özbəkistanın Füzulidə məktəb tikintisinə, qısa müddətdə isə Xankəndidə minlərlə insanın çalışacağı bu gözəl müəssisənin yaradılmasına kömək göstərməsinin qardaşlıq münasibətinin təzahürü olduğu diqqətə çatdırılıb.
Qanunverici orqanlar arasında da əməkdaşlığın uğurla inkişaf etdiyini bildirən S.Qafarova iki ölkənin parlamentlərində fəaliyyət göstərən parlamentlərarası dostluq qruplarının ikitərəfli əlaqələrin inkişafına töhfə verdiyini söyləyib. Bildirilib ki, deputatlarımız beynəlxalq parlament qurumlarında səmərəli əməkdaşlıq edirlər.
Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva COP29 kimi mötəbər tədbirin yüksək səviyyədə keçirilməsi münasibətilə təbriklərini çatdırıb və orada müzakirə olunan məsələlərin dünyanın gələcəyi üçün önəmini qeyd edib.
Görüşdə Özbəkistanla Azərbaycan arasında münasibətlərin inkişafında parlamentlərin rolu vurğulanıb, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətindən bəhs edilib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə də fikir mübadiləsi aparılıb.
AzVision.az
Teqlər: