Ordu üçün milyardlar xərcləyən ölkələr - Yeni hesabat

 Ordu üçün milyardlar xərcləyən ölkələr -  Yeni hesabat
  30 Aprel 2019    Oxunub:2289
2018-ci ildə dünyada silahlanmaya çəkilən xərclər 2.6 faiz artaraq 1 trilyon 822 milyard dollar olub.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Stokholm Sülh Araşdırmaları İnstitutunun hesabatında bildirilir.

Qeyd olunur ki, dünya ölkələri arasında müdafiəyə ən çox vəsait ayıran ölkə ABŞ-dır. Əvvəlki illə müqayisədə ABŞ-da silahlanmaya çəkilən xərclərdə 4.6 faiz artım qeydə alınıb. Sonrakı yerləri Çin, Səudiyyə Ərəbistanı, Hindistan və Fransa tutur. Qlobal müdafiə xərclərinin 60 faizini məhz bu 5 ölkə ödəyir.

Hesabatda vurğulanır ki, ötən il silahlanmaya çəkilən xərclər 1988-ci ildən bəri ən yüksək səviyyəyə çatıb. Müdafiəyə ən böyük büdcə ayıran ABŞ ötən il bu sahəyə 649 milyard dollar xərcləyib. Çin isə 250 milyard dollarlıq nəticə ilə ikincidir. Çinin müdafiə xərclərinin son 10 ildə 83 faiz artması diqqət çəkib.

Səudiyyə Ərəbistanı hərbi xərclərini illik 6,5 faiz azaltsa da, 67.6 milyard dollarlıq xərcləmə ilə üçüncü sırada yer alıb. Hindistanın hərbi xərcləri isə 3.1 faiz artaraq 66.5 milyard dollar olub. Hərbi xərclərini 1.4 faiz azaldan Fransa 63.8 milyard dollarlıq müdafiə büdcəsi ilə 5-cidir.

Dünyanın ən güclü orduları sırasında yer alan Rusiya isə hərbi büdcəsini ötən il 3,5 faiz azaldıb. Bu ölkənin müdafiə büdcəsi 61.4 milyard dollar təşkil edir.

Aytən Zəhra
AzVision.az


Teqlər: Hərbi   Büdcə  





Xəbər lenti