Nazirlik orduya əl qumbaraatanları hədiyyə edib

  01 May 2019    Oxunub : 1765
 Nazirlik orduya əl qumbaraatanları hədiyyə edib
İstanbulda keçirilən “IDEF-2019” sərgisi çərçivəsində Müdafiə Sənayesi nazirinin müavini Yəhya Musayev nazirliyin stendində Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla görüşüb.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, görüşdə Yəhya Musayev Müdafiə Sənayesi Nazirliyi adından Azərbaycan Ordusuna 50 ədəd revolver tipli əl qumbaraatanı hədiyyə edildiyini bildirib.

Hədiyyə olunan əl qumbaraatanlarının nümunəsi general-polkovnik Zakir Həsənova təqdim olunub.

Qeyd edək ki, piyada silahı olaraq qəbul edilən bu qumbaraatan 40×46 mm çaplı NATO standartlarına uyğun atəş yığımlarından istifadə edir. Silahda öz özünü döyüş vəziyyətinə gətirmə üsulu ilə işləyən zərbə-tətik mexanizmi və iki tərəfli qoruyucu tətbiq olunur.

Qumbaraatan uzunluğu nizamlanan və rezin arxalığı olan yığılan qundaqla dəstləşdirilir. Hədəfə tuşlanması isə kollimator nişangahı ilə yerinə yetirilir. Qumbaraatanın patron yuvasının uzunluğu 140 mm təşkil edir ki, bu da ondan hətta nisbətən uzun qumbaralarla atəş açmaq imkanı verir.
Çapı: 40x46 mm
Qumbaraatanın uzunluğu: 725 mm (qundağı yığılmış vəziyyətdə)
Qumbaraatanın uzunluğu: 800 mm (qundağı açıq vəziyyətdə)
Lülənin uzunluğu: 300 mm
Patron yuvasının uzunluğu: 140 mm
Çəkisi: 5.9 kq (boş halda)
Barabanın tutumu: 6 qumbara
Qumbaranın başlanğıc sürəti: 76 m/s
Effektiv atəş məsafəsi: 375 m
Maksimal atəş məsafəsi: 400 m

Azvision.az

Teqlər: MSN   Ordu