Prezident uruqvaylı naziri qəbul edib

   Prezident uruqvaylı naziri qəbul edib
  01 May 2019    Oxunub:1518
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Uruqvay Şərq Respublikasının xarici işlər naziri Rodolfo Nin Novoanı qəbul edib.
Azvision.az xəbər verir ki, dövlət başçısı Uruqvay xarici işlər naziri Rodolfo Nin Novoanın ölkəmizə səfəri zamanı ikitərəfli münasibətlərin genişləndirilməsi istiqamətində səmərəli müzakirələrin aparılacağına ümidvar olduğunu bildirib. Eyni zamanda, Prezident İlham Əliyev Rodolfo Nin Novoanın Azərbaycanda görüşləri zamanı iqtisadi əməkdaşlığın və biznes strukturları arasında əlaqələrin möhkəmləndirilməsi ilə bağlı perspektivlərin müəyyənləşdiriləcəyinə əmin olduğunu deyib. Dövlət başçısı ölkələrimiz arasında müxtəlif səviyyəli qarşılıqlı səfərlərin də əlaqələrin genişləndirilməsi baxımından önəmini qeyd edib.

Uruqvay Şərq Respublikasının xarici işlər naziri Rodolfo Nin Novoa Prezident İlham Əliyevlə görüşdən məmnunluq hissi keçirdiyini qeyd edərək, qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin inkişafı üçün yaxşı zəmin yaratdığını deyib. O, Azərbaycan ilə Uruqvay arasında iqtisadi əməkdaşlığın, o cümlədən ticarət dövriyyəsinin artırılmasının da zəruri olduğunu vurğulayıb. Uruqvaylı nazir ölkəsinin bütün dövlətlərin ərazi bütövlüyünü dəstəklədiyini və bu mövqeyin dəyişməz olaraq qaldığını diqqətə çatdırıb. Rodolfo Nin Novoa Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcəyindən məmnunluğunu ifadə edib.

Görüşdə V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti vurğulanıb və bu Forumun beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Söhbət zamanı iki ölkə arasında kənd təsərrüfatının müxtəlif sahələrində əməkdaşlığın inkişafı üçün böyük perspektivlərin olduğu bildirdilib.

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev   Uruquvay  





Xəbər lenti