Bakıda beynəlxalq forum keçirilir - FOTOLAR
Forumda 105-dən çox ölkə və 35-dən çox beynəlxalq təşkilatın yüksək səviyyəli rəsmilərinin iştirakı ilə 21-dən çox tədbir təşkil olunacaq.
Forum üç istiqamətdə davam edəcək. Belə ki, forum çərçivəsində mədəniyyətlərarası dialoq və insan ləyaqətini təbliğ etməklə inklüziv və davamlı cəmiyyətlərin qurulmasında dövlət, özəl və üçüncü sektoru təmsil edən təşkilatlar üçün ümumi yol xəritəsini hazırlamaq məqsədilə digər maraqlı tərəflərlə yanaşı, həm də siyasi, iqtisadi, maliyyə, hərbi, humanitar və sosial təşkilatlar arasında tərəfdaşlığın formalaşdırılması üçün beynəlxalq təşkilatların və nazirlərin 2-ci yüksək səviyyəli görüşü keçiriləcək. Eyni zamanda, 2 gün ərzində “Akademik Forum: dinlərarası dialoq və dini müxtəlifliyin idarə olunması”, “Müxtəlifliyin idarə olunması: çoxsəviyyəli və çoxtərəfli əməkdaşlıq”, “Qlobal vətəndaşlıq təhsili: sülh mədəniyyətinin aşılanması”, “Sülh naminə çoxtərəflilik və diplomatiya”, “Türkdilli ölkələr arasında dialoqun qurulmasında Böyük İpək Yolunun rolu” və digər mövzularda plenar və aralıq sessiyalar keçiriləcək. Həmçinin tədbir günlərində qonaqlar üçün sərgilər açılacaq, musiqili proqramlar təşkil ediləcək.
Tədbirin təşkilatçıları Azərbaycan hökuməti və Mədəniyyət Nazirliyi, tərəfdaşları isə UNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və İSESKO-dur.
Aytən Zəhra
Foto: Şahin Sərdarov
Azvision.az
Teqlər: Forum