Deputat olmaq istəyən və istəməyən məşhurlar - “Haradan seçilsəm, oranı cənnətə çevirərəm”

  Deputat olmaq istəyən və istəməyən məşhurlar -    “Haradan seçilsəm, oranı cənnətə çevirərəm”
  02 May 2019    Oxunub:7442
Gələn il Azərbaycanda növbəti parlament seçkiləri keçiriləcək. Dünya təcrübəsi göstərir ki, incəsənət nümayəndələri nəinki öz peşələri ilə məşğul ola, hətta ölkənin ictimai-siyasi həyatında da ciddi obrazlar yarada bilirlər. Mədəniyyət və incəsənət xadimləri arasında deputat seçilənlər də az deyil.
Azvision.az Azərbaycanda tanınan sənət adamları arasında sorğu keçirərək onlardan kimlərin deputat seçilmək istədiyini öyrənib.

Muğam ifaçısı Babək Niftəliyev hələlik deputatlıq fikrində olmadığını deyib. Lakin bildirib ki, gələcəkdə parlamentdə təmsil olunsa, sənətilə bağlı bir sıra tədbirlər görmək istəyər.



“İndi Milli Məclisdə deputat kimi fəaliyyət göstərmək istəməzdim. Ancaq yaxşı olardı ki, Parlamentin Mədəniyyət komitəsi incəsənətlə bağlı bəzi işləri nəzərə alsın. Məsələn, bəzi yoldan ötən müğənniləri gətirib efirə çıxarmaları, fanaqram oxumaqları yığışdırmaq lazımdır ki, kimin oxuya bildiyi, kimin oxuya bilmədiyi bilinsin. Bəlkə, dostunun səsidir, müğənni özü oxumayıb. Efirlərdə canlı ifaların səslənməsini istərdim. Daha sonra ara mahnılarını gündəmə gətirməsinlər, efiri toy bazarına çevirməsinlər”.

Xalq artisti Bilal Əliyev isə xalqın seçimi ilə parlamentdə təmsil olunmaq istədiyini deyib. O, deputat seçilərsə, Milli Məclisdə hansı işləri görmək istədiyindən söz açıb.



“Əgər xalqım istəyərsə, tələb edərsə ki, biz Bilal Əliyevin vəkilimiz olmasını istəyirik, onda mən xalqın qarşısına çıxaram. Haradan seçilsəm, o bölgəni cənnətə çevirərəm, dəyişikliyi hamı görər ki, deməli, belə işləmək lazım imiş. Nə edərdimsə, xalqımızın, vətəndaşlarımızın xeyri üçün edərdim. Öz vətənimdə millətlər arasında fərq qoymazdım. Dünyanın hansı yerindən Azərbaycan vətəndaşlığını qəbul etmək istəsəydilər, mən hamısının qəbul edilməsi üçün çalışardım. Vətənimdə insanların bir qardaş, dost kimi yaşaması üçün çalışardım. Bir sözlə, qardaşlıq dünyası yaradardım".

B.Əliyev deputat seçilərsə, daha çox insanlarla ünsiyyətdə olacağını deyib: "Mən insanlarla çox ünsiyyətdə oluram. Deputat seçilsəm, parlamentdə insanların problemlərini qaldıraram. Təklif edərəm ki, maaş və pensiyalar bir qədər də artırılsın".



Xalq artisti, rejissor Əbdül Mahmudov isə millət vəkili olarsa, qanunların icrasına nəzarətin gücləndirilməsinə çalışacağını söyləyib.

“Deputatlığa iddiam yoxdur. Ancaq orada dostlarımız var, yeni dostlar da seçilsələr, təkidlə xahiş edərdim ki, qəbul etdikləri qərarların arxasında dursunlar, icrasına nəzarət gücləndirilsin. Ümumiyyətlə, tariximizlə, dövlətimizlə, milli-mənəvi dəyərlərimizlə bağlı verilən qərarların, qanunların icrasına mütləq nəzarət edərdim. 3 ayadan bir gündəmə gətirərdim , mətbuat konfrans çağırardım, insanlar qarşısında hesabat verərdim. Həmçinin kino mədəniyyətimizin bərpası ilə bağlı təkliflər irəli sürərdim”.



Xalq artisti, tanınmış aktrisa Firəngiz Mütəllimova isə deputat seçilməyi heç vaxt ağlına gətirmədiyini deyib: “Bu barədə fikirləşməmişəm. Düşünürəm ki, nə vaxtsa Milli Məclisdə təmsil olunsam, mütləq Mədəniyyət komitəsində çalışaram”.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Milli-Məclis   Deputat  





Xəbər lenti