Hüquqi, demokratik dövlət quruculuğunun müəllifi - Fuad Ələsgərovun məqaləsi
Sözügedən məqaləni təqdim edirik:
- Hər il may ayının 10-u xalqımız öz tarixinin ən önəmli hadisələrindən birini - dövlət müstəqilliyimizi böyük hədələrdən qorumuş, onun itirilməsinə imkan verməmiş, müstəqilliyimizi möhkəmlətmiş, dövlət institutlarını, dövlətçilik ənənələrini yaradaraq inkişaf etdirmiş dahi bir şəxsiyyətin, ulu öndər Heydər Əliyevin anadan olma gününü qeyd edir. Danılmaz faktdır ki, bu gün müstəqil Azərbaycan dövləti mövcuddursa, bu dövlət mətanətlə öz ayaqları üzərində durmağı bacarırsa, onu dünyada tanıyırlarsa, bu, müstəsna dərəcədə ümummilli lider Heydər Əliyevin sayəsində baş vermişdir. Bu səbəbdən ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisi hesab olunur.
Bu il ümummilli liderin 96 illiyi qeyd olunur. Biz bir daha bu dahi şəxsiyyəti böyük ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edirik.
Ulu öndər Heydər Əliyevin fəaliyyəti o qədər şaxəli, onun Azərbaycan xalqı və dövlətinin həyatında rolu o qədər böyükdür ki, bunların miqyasını tam şəkildə yalnız gələcək nəsillər qiymətləndirə bilər.
1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan olduqca ağır bir vəziyyətlə üzləşmişdi. Bu, hər bir yeni dövlətin üzləşdiyi adi siyasi, sosial, iqtisadi problemlərlə dolu vəziyyət deyildi. Azərbaycan qonşu Ermənistanın təcavüzünə məruz qalmışdı, torpaqları işğal olunmuşdu. Ölkə müharibə vəziyyətində olsa da, nizami ordu mövcud deyildi. Azərbaycan Silahlı Qüvvələrinin yaradılması haqqında qərar qəbul olunsa da, bu, sadəcə olaraq kağız üzərində qalmışdı. Digər tərəfdən, ölkədə vətəndaş müharibəsi təhlükəsi, milli zəmində separatçılıq meyilləri mövcud idi. Cinayətkarlıq dövlətin əsasları üçün təhlükə yarada biləcək səviyyəyə çatmışdı. Nəhayət, ölkədə çox səriştəsiz bir rəhbərlik var idi. Heç bir idarəçilik təcrübəsi olmayan, öz siyasətini yalnız populizm üzərində quran, təsadüfi insanlardan ibarət olan AXCP-Müsavat rəhbərliyi ölkənin onsuz da ağır durumunu bir qədər də mürəkkəbləşdirirdi. Belə bir vəziyyətdə yalnız müstəsna bir hadisə Azərbaycan dövlətini məhv olmaqdan xilas edə bilərdi. Xoşbəxtlikdən, belə bir hadisə baş verdi. 1993-cü ildə Azərbaycan xalqı çox müdrik qərar qəbul edərək, mövcud durumda ölkəni xilas edə biləcək yeganə şəxsiyyəti, ulu öndər Heydər Əliyevi ölkə rəhbərliyinə gətirdi.
Azərbaycanı sovet keçmişinə bağlayan telləri qıran, müstəqillik simvollarını xalqa qaytaran da məhz ümummilli lider oldu. Hələ 1990-cı il noyabrın 17-də xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilmiş Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında üçrəngli bayrağımız Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edildi. Həmin gün dövlət bayrağımız sessiyaya gətirildi və Muxtar Respublikanın Ali Məclisində ucaldıldı. Bu, çox cəsarətli və fədakar addım idi. Çünki o zaman Azərbaycan hələ də Sovet İttifaqının tərkib hissəsi idi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin dediyi kimi, bizim müstəqilliyə gedən yolumuz məhz həmin gündən başlamışdır.
Biz xalq olaraq azərbaycançılıq ideologiyasının formalaşdırılmasına görə də dahi Heydər Əliyevə borcluyuq. Ümumiyyətlə, ümummilli lider 1970-ci illərin əvvəllərindən başlamaqla əsrin sonlarına doğru milli-mənəvi dəyərlərin, milli ruhun qorunması, kadrların milliləşdirilməsi, azərbaycançılıq ideologiyasının sistem halına salınması istiqamətində çox mühüm işlər görmüşdür. Əgər ulu öndərin hələ respublikamıza birinci rəhbərliyi dövründə Azərbaycanın sosial-iqtisadi, mədəni yüksəlişi üçün həyata keçirilən tədbirlər, milli şüurun oyanışı istiqamətində gördüyü işlər olmasaydı, bu gün Azərbaycanın müstəqil xəttə malik suveren dövlət kimi mövcudluğundan danışmaq çətin olardı. Bütün ruhu, qanı, canı ilə özünü azərbaycanlı sayan ümummilli lider cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görərək, ümumxalq birliyinin dərin siyasi və nəzəri əsaslarını irəli sürdü. Böyük strateq azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid sistem və konsepsiya halına gətirərək, onu dövlət idarəçiliyinin elmi-nəzəri əsasına çevirdi. Məhz Heydər Əliyev dühasının səyi ilə azərbaycançılıq mahiyyətcə real məzmun daşıyaraq praktikada realizə imkanları qazandı.
Ulu öndər daim vurğulayırdı ki, azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir. Ümummilli liderin fəlsəfi baxışlarına görə azərbaycançılıq ideologiyası ölkədə vətəndaş birliyinin uğurlu təməli idi.
Ümummilli liderin Azərbaycana rəhbərlik etməyə başlaması ilə ölkənin bütün sahələrində durğunluq aradan qaldırıldı, iqtisadiyyatda, xarici siyasətdə, sosial sahədə, dövlət orqanlarının fəaliyyətində əsaslı dönüş və inkişaf başladı.
Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ordu quruculuğu istiqamətində də yeni bir mərhələnin təməli qoyuldu. Xüsusilə 1994-cü il mayın 12-də cəbhə xəttində atəşkəsə nail olunduqdan sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara başlandı. Qısa müddətdə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı, orduya çağırışla bağlı bütün problemlər öz həllini tapdı. Silahlı qüvvələrə dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan, mənəvi baxımdan sağlam zabitlər cəlb olundu. Bu zabitlər içərisində ümummilli lider Heydər Əliyevin hələ 20-ci əsrin 70-ci illərində Azərbaycanın gələcəyini düşünərək yaratdığı Cəmşid Naxçıvanski adına hərbi liseyin məzunları xüsusi rol oynayırdı. Eyni zamanda, ordumuzun maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ordunu daha da inkişaf etdirərək, onu dünyanın ən güclü silahlı qüvvələri sırasına çıxarmağı bacardı. Respublikamızın hərbi-texniki sahədə dünyanın qabaqcıl ölkələri ilə əməkdaşlığı nəticəsində ordumuz ən müasir silahlar, reaktiv artilleriya və hava hücumundan müdafiə sistemləri, hərbi təyyarələr, gəmilər və digər texnika ilə təchiz edilmişdir. Bununla yanaşı, ölkəmizdə güclü müdafiə sənayesi yaradılmış, 20-dən çox hərbi zavod inşa edilmişdir. Bu zavodlarda 1200 adda hərbi təyinatlı məhsul istehsal olunur.
Bu gün Azərbaycan Ordusunun döyüş qabiliyyəti ən yüksək səviyyədədir. 2016-cı ilin aprel döyüşləri, həmçinin 2018-ci ilin may ayında Naxçıvan istiqamətində aparılmış əməliyyatlar Azərbaycan hərbçilərinin qəhrəmanlığını, Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətini bir daha nümayiş etdirmişdir.
Ulu öndərin rəhbərliyi ilə bütün sahələri əhatə etmiş inkişaf Azərbaycanın hüquq sistemindən də yan keçməmişdir.
Ümummilli lider gözəl bilirdi ki, mövcud sovet hüquq sistemi müasir dövrün tələbləri ilə ayaqlaşmır, şəxsiyyətin hüquq və maraqlarını tam səviyyədə nəzərə almır. Belə hüquq sistemi Azərbaycanda azad cəmiyyətin formalaşmasına, bazar iqtisadiyyatının, özəl sahibkarlığın və fərdi təşəbbüskarlığın inkişaf etdirilməsinə, son nəticədə ölkənin hər bir vətəndaşının rifahının və potensialının gerçəkləşməsinin təmin olunmasına kömək edə bilməzdi.
Məhz bu səbəbdən ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə ölkədə geniş məhkəmə-hüquq islahatlarına başlandı. Ümummilli liderin müəllifi olduğu və 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası bu islahatlar üçün möhkəm hüquqi baza yaratdı.
Məhkəmə sistemində həyata keçirilən islahatlar istər məhkəmələrin strukturunu, istərsə də məhkəmə icraatını əhatə etdi. İslahatların mühüm tərkib hissəsi kimi mütərəqqi prosessual qanunvericilik aktları qəbul edildi və tərəflərin bərabərliyi, çəkişmə, təqsirsizlik prezumpsiyası, məhkəmə baxışının aşkarlığı, eləcə də digər demokratik prinsiplər bu qanunvericilik aktlarının əsasını təşkil etdi. Eyni zamanda, istintaq orqanlarının hərəkətləri üzərində prokurorluğun prosessual rəhbərliyi və məhkəmə nəzarəti institutu da həmin qanunvericilikdə əks edilmiş mühüm yeniliklərdən oldu.
Məhkəmə-hüquq islahatları çərçivəsində konstitusiya nəzarəti funksiyalarını həyata keçirən Konstitusiya Məhkəməsi və hüquqların məhkəmədən kənar müdafiə mexanizmi olan İnsan hüquqları üzrə müvəkkil təsisatı yaradıldı.
Ümummilli liderin təşəbbüsü ilə həyata keçirilmiş məhkəmə-hüquq islahatları sonrakı dövrlərdə daha da genişləndirildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılmış hüquqi islahatlar məhkəmələrin müstəqilliyinin gücləndirilməsi, onların fəaliyyətində şəffaflığın təmin edilməsi, hakimlərin seçim prosedurunun yeni prinsiplər əsasında müəyyən edilməsi, məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən Məhkəmə-Hüquq Şurasının təşkil edilməsi kimi sahələri əhatə etmişdir.
Bu islahatlar bu gün də davam etdirilir. 2019-cu il 3 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərman imzalanmışdır. Bu fərman son illər ölkədə siyasi, iqtisadi, sosial sahədə həyata keçirilən böyük islahatların məntiqi davamıdır. Əsas məqsədi məhkəmə hakimiyyətinin nüfuzunun və məhkəməyə inamın artırılması olan fərmanda məhkəməyə müraciət imkanlarının genişləndirilməsi, məhkəmələrin fəaliyyətində şəffaflığın artırılması, məhkəmə icraatının effektivliyinin yüksəldilməsi, məhkəmə qərarlarının tam və vaxtında icrasının təmin olunması, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması, hakim və məhkəmə aparatı işçilərinin sosial müdafiəsinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması üçün qanunvericilik, institusional və praktiki tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Əminik ki, bu islahatlar həyata keçirildikdən sonra hər bir Azərbaycan vətəndaşı məhkəmə sistemindəki müsbət dəyişikliklərin şahidi olacaqdır.
Ümummilli lider Heydər Əliyevin hüquq sahəsindəki islahatları məhkəmələrlə yanaşı, hüquq mühafizə orqanlarını da əhatə etmişdir. Bu da təbii idi. Uzun müddət tamamilə fərqli hüquqi sistemdə, fərqli məqsədlərə xidmət edən hüquq mühafizə orqanları demokratik və hüquqi dövlətin tələblərinə cavab verməli idi. Hüquqi islahatlar çərçivəsində ədliyyə, prokurorluq, daxili işlər, dövlət təhlükəsizlik və digər hüquq mühafizə orqanlarının fəaliyyəti hüquqi dövlət konsepsiyasına uyğun təkmilləşdirilmiş, həmin fəaliyyəti tənzimləyən yeni qanunvericilik aktları qəbul edilərək, bu orqanlara demokratik cəmiyyətdə xas olmayan funksiyalar ləğv edilmişdir.
Bu gün tam əminliklə deyə bilərik ki, vaxtilə ulu öndər tərəfindən hüquq mühafizə orqanlarında başladılmış islahatlar, prokurorluq, daxili işlər və dövlət təhlükəsizlik orqanlarının strukturunda və kadr siyasətində edilmiş dəyişikliklər nəticəsində onların fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılması ölkədə cinayətkarlığa qarşı mübarizənin effektivliyinin artmasına gətirib çıxardı. Ümummilli liderin 1994-cü il avqustun 9-da imzaladığı "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” fərmanla ölkədə mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin uğurlu başlanğıcı qoyuldu. AXCP-Müsavat iqtidarı dövründən insanların qanunsuz olaraq saxladığı on minlərlə odlu silah və sursat qısa müddət ərzində yığıldı, yüzlərlə cinayətkar dəstə zərərsizləşdirildi, bir çox təhlükəli və xüsusilə ağır cinayətlərin, o cümlədən dövlət çevrilişi cəhdlərinin qarşısı alındı. Təsəvvür edin ki, hətta Xalq Cəbhəsi partiyasının yerləşdiyi binada belə xeyli sayda silah və sursat aşkar edilmişdi.
Ulu öndərin rəhbərliyi ilə cinayətkarlıqla mübarizə sahəsində həyata keçirilmiş fəaliyyətin nəticələri bu gün hamımızın gözü önündədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sözləri ilə desək, Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən, Bakı isə ən təhlükəsiz şəhərlərindən birinə çevrilmişdir. Ölkəmizdə inkişaf üçün əsas amil olan siyasi sabitlik və əmin-amanlıq mövcuddur. Kriminogen vəziyyət tam nəzarət altındadır.
Hələ 1993-cü ildə ümummilli lider Heydər Əliyev ölüm hökmünün icrasına moratorium qoyulması təşəbbüsü ilə çıxış etmişdi. Ulu öndər hesab edirdi ki, məhkəmə hökmü ilə insanın həyatdan məhrum edilməsi qeyri-insani tədbirdir. 1998-ci ildə isə Azərbaycanda ölüm hökmü tamamilə ləğv olundu. Bu, çox tarixi bir qərar idi. Yaxşı xatirimdədir, bu qərardan qısa müddət sonra ölkəmizə səfərə gəlmiş avropalı nümayəndələrə ümummilli lider bu barədə məlumat verəndə onlar eşitdiklərinə hətta inanmadılar.
Bu dövrdə ölkədə əfv və amnistiya institutları bərpa edildi və on minlərlə insan azadlığa qovuşdu. Bununla Azərbaycan dövləti insanpərvərlik və ədalət prinsiplərinə sadiq olduğunu bir daha nümayiş etdirdi. Bu da çox vacib idi. Əvvəlki AXCP-Müsavat iqtidarı dövründə əfv və amnistiya kimi institutlardan imtina edilmişdi. Ölüm cəzası icra edilirdi. Bu gün hələ də müxalifətin siyasi səhnəsində olan həmin insanlar Avropa dəyərlərindən danışırlar. Lakin hakimiyyətdə olan zaman onlar nəinki Avropa dəyərləri, ümumiyyətlə, ümumbəşəri dəyərlərlə bir araya sığmayan siyasət həyata keçirirdilər.
Cəza siyasətinin humanistləşdirilməsi sahəsində ulu öndər tərəfindən qoyulan ənənələr bu gün də möhtərəm Prezident İlham Əliyev tərəfindən davam etdirilir. 2017-ci il 10 fevral tarixində cənab Prezident "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncam imzalamışdır. Sərəncamda cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqini genişləndirmək, cəza siyasətinin humanistləşdirilməsi, xüsusilə iqtisadi sahədə cinayətlərin dekriminallaşdırılması, cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi məqsədilə bir sıra qanun layihələri hazırlamaq barədə tapşırıq və tövsiyələr verilmişdir. Qeyd edilməlidir ki, 2019-cu il 3 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanda da cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirlərin davam etdirilməsi barədə tapşırıq verilmişdir.
Korrupsiya ilə mübarizə ümummilli liderin fəaliyyətində ən çox önəm verdiyi sahələrdən idi. Ulu öndər hələ sovet dövründə korrupsiyaya qarşı qətiyyətli mövqeyini ortaya qoymuşdu. Həmin dövr üçün bu, Sovet İttifaqı miqyasında yeni bir dalğa olmaqla yanaşı, həm də riskli idi. Çünki Sovet rəhbərliyi heç də bu məsələdə ümummilli lider qədər qətiyyət nümayiş etdirmək fikrində deyildi. Lakin ulu öndər öz mövqeyində dönməzlik nümayiş etdirdi və nəticədə Azərbaycanda dövlət qurumlarının fəaliyyətində səmərəlilik artdı, neqativ hallar aradan qalxdı, əhalinin həyat səviyyəsi yaxşılaşdı.
Müstəqil Azərbaycan dövlətinin prezidenti kimi ulu öndər ölkənin müasirləşməsinin əsas istiqamətlərini azad bazar münasibətlərinə əsaslanan iqtisadiyyatın, açıq vətəndaş cəmiyyətinin və demokratik dövlət institutlarının gücləndirilməsində görürdü. Bu isə, təbii olaraq, Azərbaycanda korrupsiya və neqativ hallara qarşı mübarizənin yeni səviyyədə qurulmasını tələb edirdi. 1990-cı illərin ikinci yarısında ümummilli liderin təşəbbüsü ilə korrupsiya ilə mübarizəyə dair bir sıra normativ aktlar qəbul edildi. Bu sənədlərdə korrupsiyaya qarşı mübarizənin strateji kursu müəyyən edildi və antikorrupsiya tədbirləri prioritet sahə kimi qiymətləndirildi.
Ümummilli lider dövlət orqanlarında süründürməçiliyə, bürokratik əngəllərə yol verməməyi, şəffaflığı təmin etməyi dövlət qulluqçularının qarşısında əsas vəzifə kimi qoymuş və dövlət qulluğunun müasir konsepsiyasını formalaşdırmışdı.
Bütün digər sahələrdə olduğu kimi, korrupsiya ilə mübarizə sahəsində də ümummilli lider tərəfindən əsası qoyulmuş strategiya bu gün də davam etdirilməkdə, bu sahədə də ardıcıllıq təmin edilməkdədir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin möhkəm siyasi iradəsi və ciddi nəzarəti altında ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində institusional və qanunvericilik islahatları həyata keçirilmişdir.
İnstitusional islahatlar çərçivəsində Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi yaradılmışdır. Bu qurumların fəaliyyəti nəticəsində korrupsiya ilə mübarizənin səmərəliliyi kifayət qədər artmışdır.
Hazırda ölkəmiz korrupsiyaya qarşı mübarizə sahəsində olan bütün beynəlxalq təşəbbüslərin aktiv iştirakçısıdır, bu sahədə olan beynəlxalq konvensiyaları ratifikasiya və icrasını uğurla təmin etmişdir. Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (QREKO) ölkəmiz tərəfindən həyata keçirilən tədbirləri yüksək qiymətləndirmişdir.
Azərbaycan 2011-ci ildə beynəlxalq səviyyədə başlanan Açıq Hökumət Tərəfdaşlığına qoşulan ilk dövlətlərdən biri idi.
Son 15 il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində 5 dövlət proqramı qəbul olunmuş, icrası uğurla təmin edilmişdir.
2007-ci il Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya hazırlanmışdır. Strategiyada bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, dövlət və yerli özünüidarə orqanlarının, korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumların, hüquq mühafizə orqanlarının və məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsi, qabaqcıl beynəlxalq təcrübənin tətbiqi və maarifləndirmə, sosial-iqtisadi xarakterli islahatların aparılması kimi tədbirlər nəzərdə tutulmuşdur.
Azərbaycanda artıq dövlət orqanları ilə vətəndaşlar arasında münasibətlər tamamilə yeni müstəvidə həyata keçirilir. Dövlət qulluqçuları ilə vətəndaşlar arasında birbaşa təmaslar minimuma endirilir, nağdsız ödənişlərin həcmi artırılır, əhaliyə göstərilən elektron xidmətlərin dairəsi və dövlət idarəçiliyində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi genişləndirilir. Bu tədbirlər dövlət orqanlarının işində şəffaflığın təmin edilməsi və dövlət orqanlarında korrupsiyanın qarşısının alınması sahəsində müsbət mənada çox böyük dəyişikliklərə səbəb olmuşdur. Lakin Azərbaycan Respublikasının Prezidenti görülmüş bu tədbirlərlə heç də kifayətlənmir və dövlət orqanları qarşısında bu istiqamətdə yeni tələblər qoyur.
Dövlət orqanları ilə vətəndaşlar arasında münasibətin yeni formatından, dövlət orqanlarında şəffaflıqdan danışdıqda ilk yada düşən, əlbəttə ki, "ASAN xidmət” mərkəzləri olur. Əminliklə demək olar ki, Azərbaycan Respublikasının Prezidentinin 2012-ci il 13 iyul tarixli fərmanı ilə yaradılmış "ASAN xidmət” mərkəzləri dövlət orqanları-vətəndaş münasibətlərində inqilabi dəyişikliyə nail oldu.
Möhtərəm Prezident İlham Əliyevin ideya müəllifi olduğu "ASAN xidmət” mərkəzlərinin yaradılmasında məqsəd dövlət orqanlarının xidmətlərinin göstərilməsində vətəndaş məmnunluğunun, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılması olmuşdur.
Hazırda ölkə üzrə 15 "ASAN xidmət” və 2 "ASAN Kommunal” mərkəzi fəaliyyət göstərir. Ölkə Prezidentinin tapşırığına əsasən yaxın zamanlarda Bakı şəhərində daha 2 "ASAN xidmət” və 1 "ASAN Kommunal” mərkəzinin, həmçinin rayonlarda 5 "ASAN xidmət” mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulub. Eyni zamanda, "ASAN xidmət” mərkəzlərinin olmadığı şəhər və rayonlarda 10 səyyar ASAN xidmət avtobusu və Səyyar ASAN qatar vasitəsilə vətəndaşlara səyyar formada xidmət göstərilir.
"ASAN xidmət” mərkəzlərində dövlət orqanları, özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox müxtəlif xidmət göstərilir. Əhaliyə mərkəzin fəaliyyəti barədə mütəmadi məlumat vermək, təklif və şikayətləri dinləmək üçün "ASAN radio” və 108 "Çağrı” mərkəzi fəaliyyət göstərir.
Bu günə kimi "ASAN xidmət” mərkəzlərinə daxil olan müraciətlərin sayı 28 milyondan çoxdur. Keçirilən rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,6 faiz təşkil edir.
Dövlət qulluğu sisteminə gətirilmiş başqa bir yenilik dövlət orqanlarının fəaliyyətinə gənc könüllülərin cəlb edilməsidir. Gənclərə xüsusi diqqət, dövlət idarəçiliyində onların potensialından geniş istifadə olunması Heydər Əliyev siyasətinin mühüm tərkib hissəsi idi. Azərbaycanda Gənclər Gününün təsis edilməsi də məhz ümummilli liderin adı ilə bağlıdır. Bu gün qürur hissi ilə deyə bilərik ki, ulu öndər Heydər Əliyevin gənclər siyasəti dövlət idarəçiliyində uğurla həyata keçirilir.
Göründüyü kimi, Azərbaycan müstəqillik qazanmasından keçən 28 ilə yaxın müddət ərzində çox mürəkkəb, enişli-yoxuşlu, çağırışlar və təhlükələrlə dolu yol qət etmişdir. Bizi sevindirən odur ki, xalqımız bu yolu mətanətlə keçərək öz ayaqları üzərində durmağı bacarmış, dövlətimiz güclənmiş, ölkədə tam sabitlik, asayiş təmin edilmiş, iqtisadiyyatımız yüksəlmiş, sosial sahədə ciddi islahatlar aparılmışdır. Olduqca çətin bir regionda yerləşən Azərbaycan müstəqil xarici siyasət həyata keçirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəfələrlə bildirdiyi kimi, ölkəmizdə xalq-iqtidar birliyi mövcuddur və bu birlik bizim uğurlarımızın əsas şərtidir. Bu gəlişigözəl sözlər deyil, reallıqdır. Düzdür, bu reallığı qəbul etməyən, onu hər fürsətdə inkar edən qüvvələr də var. Zənnimcə, bunun başlıca səbəbi 90-ci illərin əvvəlinin xaos dövründən bugünkü inkişaf etmiş Azərbaycana miras qalmış bu qaragüruhçu müxalifətin reallıq hissini itirməsidir. Bu insanlar real həyatda özlərini belə görə bilmirlər, buna görə də yalnız virtual aləmdə müəyyən sığınacaq tapıblar. Təbii olaraq, belə insanlardan mövcud vəziyyətə düzgün qiymət verməyi tələb etməyin də mənası yoxdur. Lakin sadə bir təhlil deməyə əsas verir ki, ölkəmizin əldə etdiyi tarixi uğurlar bu gün olmaya da bilərdi. Azərbaycan öz dövlət müstəqilliyini itirə də bilərdi, iqtisadi cəhətdən başqa dövlətlərdən tam asılı, borc içərisində boğulan dövlətə də çevrilə bilərdi. Bu gün iflas etmiş deyil, uğurlu bir dövlətə sahib olduğumuz üçün məhz dahi şəxsiyyət, xalqımızın ümummilli lideri Heydər Əliyevə borcluyuq. Bunu hər birimiz, ilk növbədə, gənc nəsil dərk etməlidir.
Bizim vəzifəmiz isə dövlətimizi daha da inkişaf etdirmək, siyasi, sosial, iqtisadi və digər sahələrdə daha böyük uğurlar qazanmaq, həmrəy olmaq, müstəqilliyimizi daha da möhkəmlətməkdir. Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev ölkəmizi məhz bu yolla aparır. Hər birimiz bu yolda dövlət başçısının yanında dayanmalı və ona dəstək olmalıyıq.
Azvision.az
Teqlər: FuadƏləsgərov