Hərbi hissədə tədbir keçirilib
N nömrəli hərbi hissədə 9 may Qələbə gününə həsr olunmüş tədbirdə İkinci Dünya müharibəsində döyüşən azərbaycanlılardan ibarət diviziyaların bayraqları şəxsi heyət üçün nümayiş olunub.
Hərbi qulluqçulara İkinci dünya müharibəsinin azərbaycanlı qəhrəmanları Həzi Aslanov, İsrafil Məmmədov, Qafur Məmmədov haqqında çəkilən tarixi filmlər nümayiş etdirilib.
Gənc leytenant Cəlal Nəcəfov çıxış edərək, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun döyüş yolundan fəxrlə danışıb. O, ulu babalarımızın davamçısı olaraq, zabit kimi Vətənə xidmət etməklə onların yolunu şərəflə davam etdirdiyini və İkinci Dünya müharibəsində Azərbaycan gənclərinin göstərdiyi rəşadətin, döyüş ruhunun bu gün də gənc nəslə bir örnək olduğunu deyib.
Digər hərbi qulluqçu da Sovet İttifaqı qəhrəmanı Məstan Əliyev nəslinin davamçısı kimi babasının keçdiyi şərəfli döyüş yolundan danışıb.
Qələbə gününə həsr olunmuş tədbirdə "Vətən Uğrunda" səyyar təşviqat dəstəsi "Əsgər məktubu" layihəsi həyata keçirib. Əsgərlər bu layihə çərçivəsində öz nənə və babalarına ünvanladıqları məktublarda onlara İkinci Dünya müharibəsində Alman faşizmi üzərində əldə olunan qələbəyə görə minnətdar olduqlarını bildiriblər.
Azvision.az