“AmCham” Azərbaycanda “Ağ sənəd” hazırlayır

 “AmCham” Azərbaycanda  “Ağ sənəd” hazırlayır
  06 May 2019    Oxunub:5049
"Bizim palata ölkəyə yatırılan investisiyaların 80 faizini təmsil edir. Uzun illərdir ki, üzərində çalışdığımız "Ağ sənəd" var. Hansı ki, bu sənəd təkcə məhkəmə yox, vergi, gömrük, bank və s. sahələri əhatə edir"
Azvision.az xəbər verir ki, bunu Azərbaycandakı Amerika Ticarət Palatasının (AmCham) icraçı direktoru Natavan Məmmədova deyib. O bildirib ki, bugünkü tədbir ölkə Prezidentinin 29 mart tarixli "Mediasiya haqqında" qanun və 3 aprel 2019-cu il tarixli məhkəmə-hüquq sistemindəki islahatlarla bağlı sərəncamının müzakirəsinə həsr olunub:

"Bir ölkədə qanunun aliliyi, məhkəmə-hüquq sisteminin müstəqilliyi, hakimlərin peşəkarlıq səviyyəsi çox önəmlidir. Bu həm də ölkəyə investisiyaların cəlb olunması üçün vacib amillərdəndir. Biz burada qeyd olunacaq məsələləri bir neçə dəfə qaldırmışıq. Məsələn, vergi məhkəmələri, müəllif hüquqları məhkəmələri, məhkəmə işçilərinin maddi texniki bazasının gücləndirilməsi və s. kimi məsələləri qaldırmışıq. Hesab edirəm ki, bunlar həllini tapdığı zaman ölkəyə investisiya axınının şahidi olacağıq. Eyni zamanda daha rahat biznes mühiti yaranacaq".

Qeyd edək ki, bu gün Bakıda Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanından irəli gələn məsələlərin ictimai müzakirəsi məqsədilə Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) ilə birgə konfrans keçirilir.

Elvin Abdulqədirov
Azvision.az



Teqlər: AmCham  





Xəbər lenti