Ağacların kəsilməsi ilə bağlı şikayət araşdırıldı

  06 May 2019    Oxunub : 502
Ağacların kəsilməsi ilə bağlı şikayət araşdırıldı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Xətai rayonu, M.Hadi küçəsi, 93/99 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən təkrar araşdırılıb.
ETSN-nın mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı yaşıllıq sahəsində mülkiyyətçi Həzrət Temirov tərəfindən 25 meyvə ağacının kəsildiyi, 2 zeytun ağacının və 96 nar kolunun köçürüldüyü, 8 çoxillik şam və qovaq ağacının isə yerində qaldığı müəyyən edilib. Kəsilən ağacların əvəzinə yeni ağacların əkilməsi, köçürülən ağaclara isə aqrotexniki xidmət göstərilməsi ilə bağlı torpaq mülkiyyətçisinə nazirlik tərəfindən “məcburi göstəriş” verilib.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sözgedən ünvanda ağacların kəsilməsi ilə bağlı aprelin 16-da şikayət daxil olub. Araşdırma zamanı M.Hadi küçəsi, 93/99 ünvanında 0,24 hektar yaşıllıq sahəsinin tikinti məqsədilə Bakı şəhər İcra Hakimiyyətinin 2013-cü il tarixli sərəncamı ilə vətəndaş Həzrət Temirova ayrıldığı müəyyən edilib. Ərazidəki 131 müxtəlif cinsli ağac Nazirliyin əməkdaşları tərəfindən qeydiyyata alınaraq torpaq mülkiyyətçisinə təhvil verilib.

Qeyd edək ki, sözügedən ünvandakı ağacların kəsilməsi və köçürülməsi ilə bağlı bu il martın 28-də mülkiyyətçinin oğlu Rüstəm Temirov, aprelin 3-də isə Xətai Rayon İcra Hakimiyyəti tərəfindən Nazirliyin Dövlət Ekspertiza İdarəsinə müraciət olunub, lakin yaşıllıqların toxunulmaz qalması məqsədəmüvafiq hesab edilib, ağacların köçürülməsi və kəsilməsinə icazə verilməyib.

Azvision.az

Teqlər: ETSN