2800-dən çox köçkün ailəsi yeni evlərə köçürüləcək
Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar nəticəsində ölkəmizin dinamik inkişafının uğurla davam etdiyini diqqətə çatdıran Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib ki, bu vüsətli inkişaf ölkə vətəndaşlarının, o cümlədən məcburi köçkünlərinin rifahının yaxşılaşdırılmasına, onların sosial problemlərinin həllinin sürətləndirilməsinə imkan yaradıb. Dövlətimizin başçısı məcburi köçkünlərin problemlərinin həllinin ən prioritet məsələlərdən olduğunu bir daha bəyan edərək bu kateqoriyadan olan vətəndaşlar üçün yeni yaşayış komplekslərinin tikintisinin genişləndirilməsi barədə tapşırıqlar verib.
Ölkə rəbərinin məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdə ədalət prinsipinin təmin olunmasının vacibliyini diqqətə çatdırması və bu gün bu prinsipin təmin edildiyini bildirməsi Dövlət Komitəsinin üzərinə böyük məsuliyyət qoyur. Qeyd olunub ki, hər bir əməkdaş bu məsuliyyəti daim hiss etməli, öz vəzifə səlahiyyətlərini mövcud qanunvericiliyə və ədalət prinsiplərinə tam uyğun şəkildə yerinə yetirməlidir. İclasda məcburi köçkünlərin qəzalı vəziyyətdə olan məskunlaşma obyektlərindən yeni mənzillərə köçürülməsi ilə bağlı bu ilin birinci rübündə görülmüş işlər, qarşıya çıxan çətinliklər barədə geniş müzakirə aparılıb.
Bildirilib ki, hesabat dövründə Bakı şəhərinin Qaradağ rayonu ərazisindəki “Ümid” qəsəbəsində ikinci mərhələdə inşa edilmiş 300 mənzildən ibarət məhəllədə, Abşeron rayonu ərazisindəki 1005, Sumqayıt şəhərindəki 1001 mənzilli yaşayış komplekslərində məcburi köçkünlərin yerləşdirilməsi başa çatdırılıb. Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayon ərazisində qəzalı və yaşayış üçün təhlükəli vəziyyətdəki obyektlərdə, 1 yanvar 2019-cu il tarixə olan məlumata görə, 8.485 məcburi köçkün ailəsinin müvəqqəti məskunlaşdığı qeydə alınıb.
Yeni mənzillərə birinci növbədə ən ağır şəraitdə yaşayan ailələlər, həmçinin məcburi köçkün olan şəhid və əlil ailələri köçürülüb. Köçürülmə obyektlərində daşınmaz əmlakı, qeydiyyat uyğunsuzluğu olan məcburi köçkünlər aşkar edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”na əsasən, onlara yeni yaşayış sahəsi verilmir.
Kollegiya iclasında məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 2019-2020-ci illərdə həyata keçiriləcək layihələr barədə məlumat dinlənilib. Qeyd edilib ki, MKSİF-in sifarişi əsasında, bu il Bakının Pirallahı rayonunda 300, Şirvan şəhərində 685, Kürdəmir rayonunda 563, Ucar rayonunda 250, Göygöl rayonunda 130, Ağcabədi rayonunun “Taxta körpü” adlanan ərazisində birinci mərhələdə 645 ailə üçün zəruri sosial-texniki infrastrukturu olan qəsəbələr, Beyləqan rayonu ərazisində 146 məcburi köçkün ailəsi üçün fərdi yaşayış evlərindən, məktəb, uşaq bağçası, klub-icma mərkəzi, tibb məntəqəsi və inzibati binadan ibarət qəsəbə, həmçinin Füzuli rayonunda 95 məcburi köçkün ailəsi üçün fərdi evlər tikilib istifadəyə veriləcəkdir.
Növbəti ildə isə belə layihələr Sumqayıt və Gəncə şəhərlərində, Ağcabədi, Şəmkir, Samux, Goranboy rayonlarında icra ediləcəkdir. Eyni zamanda, “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” çərçivəsində digər yeni yaşayış məhəllərinin salınmasının zəruriliyi də iclasda qeyd edilib.
Bundan başqa, kollegiyada məcburi köçkünlərin qeydiyyatının vahid elektron bazasının yaradılması işlərinin yaxın müddətdə tam başa çatdırılması, bu kateqoriyadan olan vətəndaşların məşğulluğunun artırılması barədə Dövlət Komitəsinin müvafiq strukturlarına tapşırıqlar verilib, vətəndaşların qəbulu və onların müraciətlərinə baxılması işinin daha da təkmilləşdirilməsi, mənzil fondunun qanunvericiliyə uyğun şəkildə istismarı ilə bağlı konkret tədbirlər müəyyənləşdirilib, həmçinin gündəlikdəki digər cari məsələlərə dair qərarlar qəbul edilib.
Azvision.az
Teqlər: Qaçqın Məcburi-Köçkün