İnam Kərimov: “İslahatlar iki mühüm məqsəd daşıyır”

     İnam Kərimov:    “İslahatlar iki mühüm məqsəd daşıyır”
  17 May 2019    Oxunub:2753
"Ərzaq təhlükəsizliyinin ən vacib hissəsi təhlükəsiz qidanın təşkilidir. Çünki bu gün təkcə ərzağın kəmiyyəti deyil, onun sağlamlığı ərzaq təhlükəsizliyinin əsas vəzifələrindən biridir"
Azvision.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov 2-ci Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransında çıxışı zamanı deyib.

O, bildirib ki, dayanıqlı inkişaf mərhələsinə nail olmaq üçün qida təhlükəsizliyinin bütün mərhələləri üzrə beynəlxalq əməkdaşlığın həyata keçirilməsi zəruridir.

"Qida təhlükəsizliyi sisteminin inkişaf etdirilməsi sosial və iqtisadi inkişaf baxımından əhəmiyyət kəsb etdiyindən ölkəmizdə son illər sistemli şəkildə aparılan islahatlar iki mühüm məqsəd daşıyır. Birincisi, cəmiyyətin rifahının yüksəldilməsi ilə bağlı dövlət siyasətinə uyğun olaraq əhalinin sağlam qidalanmasının təmin və təşviq edilməsi dövlətin ümdə vəzifələrindən biridir. İkincisi, qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi hesabına həm də ölkəmizdə kənd təsərrüfatı və ərzaq sənayesi məhsullarının keyfiyyət göstəriciləri yüksələrək rəqabət qabiliyyəti təmin edilir.

İ.Kərimov qeyd edib ki, fermerlərin istehsal etdikləri məhsulların müvafiq keyfiyyət standartlarına uyğunlaşdırımasının təmin edilməsi, onların daxili və xarici bazarlarda rəqabət qabiliyyətli olmaları hazırda aqrar sahəsinin əsas inkişaf məqsədlərindən biridir.

"Qida zəncirinin ilkin istehsal mərhələsi olaraq müvafiq nəzarətin effektiv və tələb olunan normalara uyğun aparılması üçün hazırda Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müvafiq tədbirlər həyata keçirilir".

Nazir, həmçinin əlavə edib ki, təhlükəsiz və sağlam qidanın əldə olunmasında innovativ texnologiyaların tətbiqinə xüsusi önəm verilməlidir.

Aytən Zəhra
Azvision.az


Teqlər: İnam-Kərimov   Nazir   KTN  





Xəbər lenti