“Hər boşanan ailəyə zədə vura bilmərik” - Hicran Hüseynova

   “Hər boşanan ailəyə zədə vura bilmərik” -    Hicran Hüseynova
  20 May 2019    Oxunub:2583
Ötən il cinayət törətdiyi üçün məhkum olunan 14-17 yaş aralığında 301 yeniyetmədən 263 nəfəri hər iki valideyni olan ailədə, 36 nəfəri bir valideyni olan ailədə, 2 nəfəri isə ailədən kənarda (internatda, uşaq evində və s.) tərbiyə alıb. Cəmiyyətdə ən çox problemli, boşanmış ailələrin uşaqlarının cinayət hadisələrində iştirakı ilə bağlı fikir formalaşıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bununla bağlı Azvision.az -a açıqlamasında bildirib ki, boşanmış ailələrinin uşaqlarının problemli olduqlarını, onların cinayətlərdə iştirakının çoxluğunu ümumiləşdirmək olmaz.

“Bu, insan hüquqları baxımından düzgün deyil. Hər bir boşanan ailəyə zədə vura bilmərik. Düzdür, burada problemlər var və valideynlərin, mütəxəssislərin, məktəbin birgə iş aparması vacibdir. Həmin ailələrin uşaqları risk qrupuna düşürlər, çünki belə olduqda problemlər çoxalır. Biz hər zaman deyirik ki, valideynlər bir-birindən ayrılır, amma uşaqdan ayrılmır. Ona görə də burada valideyn məsuliyyəti vacibdir. Sabah uşağın taleyinin necə olacağına, hansı istiqamətdə formalaşmasına diqqətli olmaq lazımdır”.

Komitə sədri qeyd edib ki, bu gün cəmiyyətdə güclü sosial xidmətlərin olmasına çalışılır. “Azərbaycanda belə xidmətlər formalaşır. Bu xidmətləri göstərən təşkilatların əsas istiqaməti problemli ailələrə kömək etməkdir. Orada güclü psixoloqlar, sosial işçilər işləməlidir, onlara ehtiyacımız var. Bunun bir günün içərisində formalaşmasını da demək düz deyil, bunun üçün zaman lazımdır”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Hicran-Hüseynova   Komitə  





Xəbər lenti